Sizin reklam burada

Təkcə “Qarabağ”la “bahar” olmaz

Baxış Sayı:2 443

Təkcə “Qarabağ”la “bahar” olmaz
Bəzən çox ciddi görünən həqiqətlər bizə zarafat gəlir, işi lağ-lağıya çeviririk, özümüzü problemlərdən bixəbər kimi aparırıq. “Qarabağ” “Roma”dan əvvəl Azərbaycan çempionatında “Sumqayıt”la qarşılaşmışdı və çətinlik çəkmədən rəqibin qapı torunu dörd dəfə silkələmişdi. Həmin qarşılaşmadan sonra Qurban Qurbanova “Roma”yla oyun haqda düşünməyə başlamısızmı” sualını ünvanlamışdım. Cavabı gözlədiyimdən də səmimi və ətraflı oldu. Çox dəyərli Qurban bəy İtaliya klubunu incələdiyini və rəqibi iş başında görmək üçün həmin gecə Romaya uçacağını bildirdi. Getdi, izlədi və qayıtdı. “Azərsun Arena”da keçirilən mətbuat konfransında hocanın təəssüratlarını soruşmaq fürsətini qaçıra bilməzdim. Özü də mənim sualımdan əvvəl “canavarlar”ı xeyli tərifləmiş, onları canlı izlədikdən sonra rəqibin gücünə bir daha əmin olduğunu səmimi şəkildə dilə gətirmişdi. “Roma”nın oyununu izlədiz, rəqibin hansısa zəif tərəfini aşkarlaya bildizmi” sualımı özünəməxsus təbəssümlə ətraflı cavabladı: “Mən PRO kateqoriyası almaq üçün Dortmund “Borussiya”sının düşərgəsinə getdim və gördüm ki, onlarla bizim aramızda xeyli fərq var. Ondan sonra “Barselona”nın düşərgəsinə yolladım. Orda isə “Barselona”nın Almaniya klubunu xeyli qabaqladığına əmin oldum”.
Bu sözlərimi səmimi qəbul edin. Mənim riyakarlıqla aram yoxdu. Qurban Qurbanov “Roma” ilə çalışdırdığı “Qarabağ” arasında hər cəhətdən böyük fərqlər görür, buna baxmayaraq, yenə də oyundan öncə iddialı danışır. Özümüz də şahid olduq ki, “köhlən atlar” çalışdırıcının iddialı sözlərinə uyğun da çıxış etdilər. “Qarabağ” Azərbaycan yığmasının uzun illərdən bəri adət etdiyi tərzdə oynamır. Biz favorit komandalara qarşı oyunlarda öz qapımızın həndəvərinə toplaşıb, topu ora-bura vurmağa öyrəncəliyik. Sonra da Allaha təvəkkül, bəlkə bir az imkan tapıb əks-hücum etməyə çalışarıq. “Qarabağ” isə bizim futbol fəlsəfəmizdə inqilab etməyə çalışır. Düzdü, hələ bunu tam bacarmır. Rəqiblərin səviyyəsi də bunu tam həyata keçirməyə imkan vermir. Həm “Çelsi”, həm də “Roma” ilə oyunlardakı start həyəcanının səbəbi də elə bunu tam həyata keçirə bilməməyimizdi.
Qurban Qurbanov öz beynində inqilab etməyi bacarsa da, səviyyəsinə və gücünə əmin olduğu rəqiblərə qarşı cəsarətli oynamağa çalışsa da, onun futbolçuları bu inqilaba tam hazır deyil. Elə bizim özümüz kimi. Necə ki hər xırda səhvə çılğın reaksiya veririk, çalışdırıcını və onun futbolçularını asıb-kəsməyə başlayırıq. Sanki bütün problemləri həll etmişik, futbolumuzu və ölkəmizi Qərbi Avropanın inkişaf etmiş dövlətlərinin səviyyəsinə çatdırmışıq, təkcə “Qarabağ” bu prosesdən geri qalıb. Daha demirik ki, bizim o səviyyəyə çatdıra bildiyimiz tək dəyərimiz elə “Qarabağ”dı. Nə paytaxtımız, nə də tərifini yerə-göyə sığdırmadığımız Bakı Olimpiya Stadionu bu səviyyədə yarışa hazır deyil. Dövlətin bir ətək pulu ilə tikilmiş stadionda avtomobilləri park etmək üçün xeyli yer olsa da, soyuq havada minlərlə adama bundan istifadə üçün şərait yaradılmadı. Mətbuat lojasının meydandan xeyli uzaqda yerləşməsi isə jurnalistlərin işini çətinləşdirmişdi. Epizodları aydın görmək, düzgün qiymətləndirmək üçün masaların üzərində monitorların quraşdırılması qaçılmaz idi. BOS rəhbərliyi də “Qarabağ”ın orda oynamağa razı salındığı gün belə bir vəd səsləndirmişdi. Amma sözlərini tutmadılar. Neçə ki Bakı Nəqliyyat Agentliyi pay-piyada qalan azarkeşləri metro stansiyalarına daşımağa söz vermişdi və bu söz yerinə yetirilmədi. Nəticədə kilometrlərlə yolu piyada gələn və başdan-ayağa islanan azarkeşlər bir də metronun“Koroğlu” stansiyasısının basırığında əziyyət çəkməli oldu. Yağış idman qurğusunun daha bir ayıbını üzə çıxardı. Sən demə, tribunaların üstündəki örtük görüntü xatirinə imiş, yağış damcılarını əngəlləməyə hesablanmayıb. İlk baxışdan xırda görünən nüanslar bir-birinin üzərinə gələndə ortaya böyük bir biabırçı mənzərə çıxır.
“Roma” ilə oyun həm “Qarabağ”, həm də BOS üçün ciddi sınaq idi. “Qarabağ” ilk 15 dəqiqəni çıxmaq şərti ilə bu sınaqdan üzüağ çıxmağı bacardı. Son illərin ən bahalı layihələrindən biri sayılan BOS isə “sinifdə qaldı”. Deməli, təkcə “Qarabağ”ın futbolçularını, çalışdırıcısını, rəhbərliyini qınamaqla inkişaf etmək olmurmuş. İnkişaf edəndə, Avropayla ayaqlaşmaq, mübarizə aparmaq istəyəndə, bunu hamılıqla, cəmiyyət olaraq bacarmalıyıq. Nöqsanları görməzdən gəlmək, onların üzərini ört-basdır etməyə çalışmaqla deyil, problemləri həll etmək lazımdı. Ümid edək ki, “Qarabağ”la birlikdə BOS rəhbərliyi də, təhlükəsizliyə cavabdeh olan hüquq-mühafizə orqanları da növbəti oyunlara ciddi hazırlaşacaq. Azarkeşlərin və mətbuat nümayəndələrinin haqlı narazılıqlarını ciddiyə almaq lazımdı.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR