Macarıstana oyunda nələrin baş verdiyini, məğlubiyyətin səbəbini dəqiq bilmirik.
Düzdü, bu ölkənin futbol qurumunun rəsmi saytında müəyyən bilgi yer alıb. Onlar da ancaq öz komandalarının xeyrinə olan informasiyanı və fikirləri ictimaiyyətə çatdırıb. Antalyadakı görüşdə nələrin yaşandığını öyrənməyin bir yolu var idi: Samir Əliyevlə əlaqə saxlamaq. Təbii ki, komandasının durumunu, hansı səbəbdən uduzduğunu ondan başqa kimsə daha yaxşı ifadə edə bilməzdi. Bu səbəbdən də yığmanın çalışdırıcısı ilə Macarıstanla görüşdə yaşananlar ətrafında söhbətləşdik.
- Samir bəy, Antalyadakı ilk oyunda macarlara 0:3 hesabı ilə yenildiz. Görüş haqda fikirlərinizi bilmək maraqlı olardı...
- Antalya toplanışına başlamamışdan öncə Şimali Makedoniya, Albaniya və Malta yığmaları ilə oynamaq imkanımız var idi. AFFA-da yoxlama görüşlərinin keçirilməsi üçün digər ölkələrin federasiyaları ilə danışıqlar aparan şəxsdən xahiş etdik ki, daha güclü rəqiblər tapsınlar. Sağ olsunlar, Macarıstan və İsveçlə matçları təşkil etdilər. Mənə də lazım idi ki, bizən 3-4 baş güclü rəqiblər olsun. Çünki bu oyunlarda futbolçularımızı sınaqdan keçirmək istəyirdik. Ən azı baxaq, görək hansı nöqtələrimizdə axsamalar var. Əsas hədəfimiz müqayisə etmək idi. Çünki 21 yaşadək futbolçulardan ibarət yığmanı yeni götürmüşük. Yeni komanda formalaşdırmaq istəyirik. Bu hələ ikinci yoxlama görüşümüzdü. Martda seçmə mərhələ başlayacaq. O vaxta kimi yaxşı kollektiv yaratmalıyıq.
- Amma macarlara 0:3 hesabı ilə məğlub olduz. Bunun səbəbi nədi?
- İtkilərimiz var idi. Kapitanımız Fərid Yusifli, Samir Məhərrəmli, Nazim Həsənzadə zədəlidi. Cəlal Hüseynov əsas yığmadadı. Bədavi və Bəhlul zədəli olduğuna görə getməli oldu. Adını sadaladıqlarım U-21-in əsas üzvləridi. Bizim işimiz isə komanda formalaşdırmaqdı. Sabah İsveçlə qarşılaşacağıq. Onlar da güclü rəqibdi. Danimarka ilə Antalyadakı oyunlarını izlədim. Matç 2:2 hesabı ilə başa çatdı... Oyuna çox yaxşı başladıq. İlk hissədə rəqibə, ümumiyyətlə, şans vermədik. Macarlar fasiləyə kimi küncdən zərbə vurmadı. Halbuki onlar standart vəziyyətlərdə çox təhlükəlidilər. Biz isə iki epizod yaratdıq. Birində dəqiqlik çatmadı, ikincidə isə son ötürmə keyfiyyətli alınmadı. Təəssüf ki, ikinci yarı başlayan kimi fərdi səhvdən yararlanıb penalti vurmaq şansı əldə etdilər. Bu fürsətdən yararlanıb hesabı açdılar. Qısaca, ikinci hissəyə yaxşı başlamadıq. Sonradan daha 2 qol buraxdıq. Düzdü, tarazlığı bərpa etmək üçün əvəzetmələr etdik. 2005-ci il təvəllüdlü futbolçunu meydana buraxdıq, başqalarına şans verdik. Düşündük ki, onlar qısa müddət də olsa, ab-havanı hiss etsinlər. Ümumilikdə yaxşı oynadıq. Nəticə məyusedicidi. Amma kənardan baxan məğlubiyyətə layiq olmadığımızı söyləyərdi. Rəqibin qapımıza 4 zərbəsi oldu ki, 3-ü qolla nəticələndi. Əsas odu ki, belə oyunlarda futbolçularımız bərkiyir. Özümüz də görürük ki, harda problemlər və axsamalar var.
- Antalya toplanışındakı ilk rəqib “dişinizə görə” olsaydı, daha yaxşı olmazdı?
- Bayaq qeyd etdiyim kimi, güclü komandalar seçirik, özümüzü aldatmaq istəmirik. Şəxsən baş məşqçi olaraq istəmirəm ki, zəif rəqiblərlə oynayaq. Sentyabrda Moldova ilə qarşılaşdıq. Oyun təkqapı getdi. Düzdü, hesab açılmadı. Amma qarşılaşma tam nəzarətimiz altında keçdi. Yəni zəif rəqiblərlə oynayıb nəticə qazanmaq əvəzinə güclülərlə qarşılaşmaq daha yaxşıdı. Çünki belə matçlarda çatışmayan tərəfləri görürsən. Fevralın əvvəlində növbəti tsiklin püşkatması olacaq. Onda qarşımıza 1, 2, 3-cü səbətdən güclü rəqiblər çıxacaq. Belə oyunlara hazır olmalıyıq.
- İlk hissədə yaxşı, fasilədən sonra pis oynamağınızın səbəbi nədi? Futbolçular hansı məqamlarda səhvlərə yol verdilər?
- Qarşıda bir oyunumuz da var. Onu da keçirək, konkret təhlil edəcəyik. Hələ oynasınlar, özlərini göstərsinlər. Problemlər haqda İsveçlə oyundan sonra danışa bilərəm. Bu məsələləri dilə gətirib, gileylənmək istəmirəm. Növbəti görüşə hazırlaşmalıyıq. Bu problemlər yoxlama oyunlarında görünür. Belə rəqiblərə qarşı ustalıq səviyyəsini artırmaq lazımdı.
- Macarıstan Futbol Federasiyasının rəsmi saytında qeyd olunub ki, rəqib ilk hissəni tam komandamızın qapısı önündə keçirib. Amma siz deyirsiz ki, biz yaxşı oynadıq...
- Qoy desinlər. Aydın məsələdi. Öz komandalarını pisləməyəcəklər ki. İlk hissədə topa sahibolmada rəqib üstün idi. Amma oyunu sırf bizim qapının önündə keçirmədilər. Bu, düzgün məlumat deyil. Təsəvvür edin ki, onların bir künc zərbəsi olmadı. Bu necə təkqapı oynamaq oldu? Qapımıza 1 cərimə zərbəsi vurulmadı. Amma bunlar macarların gücünü azaltmır. Bu yaş qrupu U-18-lər arasında dünya çempionatında oynayıb. Qruplarında Argentina, Nigeriya və Ekvador olub. Düzdü, nəsə edə bilməyiblər. Amma dünya çempionatında oynayıblarsa, böyük şeydi. Deməli, zəif rəqib deyil.
- Komandamız növbəti oyunda qələbə qazana bilər?
- İsveç də güclü rəqibdi. Amma qələbəyə həmişə ümid etmək lazımdı. Meydana çıxanda tək amalımız olur: qalib gəlmək. Heç vaxt müdafiə olunmaq, arxada “avtobus” qurmaq haqda düşünməmişik. Heç-heçə üçün oynamamışıq. Bizdə belə anlayış yoxdu. Məğlub olsaq da, qorxaq futbol oynamayaq. Yoxlama oyunlarını izləmişəm. Danimarka ilə matçda heç-heçə etdilər. Heyətdə ustalıq səviyyəsi yüksək olan oyunçular var. İsveçin və Avropanın digər klublarında çıxış edirlər. Bir sözlə, ustalıq səviyyələri yüksəkdi. Görüşdən sonra onlar haqda daha ətraflı informasiya verə bilərəm. İndi tək fikrimiz bu görüşə çıxmaq və nəticə əldə etməkdi.
İLKİN SULTANLI