Sizin reklam burada

İlham Çerpanov “Zirə”dən ayrıldı

Baxış Sayı:593

İlham Çerpanov “Zirə”dən ayrıldı
“Federasiyadan cavab gözləyirəm”
“Zirə”nin həkimi İlham Çerpanov klubdan ayrılıb. O, öz istəyi ilə qəsəbə təmsilçisiylə işbirliyinə son verib. Əldə etdiyimiz məlumata görə, “qartallar” İlham bəyi saxlamaqda maraqlı olub. Lakin başqa yerdən daha sərfəli iş təklifi alan Çerpanov “Zirə” ilə müqaviləsinin müddətini uzatmayıb.
Dünən İlham bəylə əlaqə saxlayıb, klubdan ayrılmasının səbəbini öyrəndik: “Heç bir problem olmadı. Komandanın həkimi idim, orda hansısa böyük inzibati işçi deyildim. Bilirsiz ki, bizdə peşəkar müqavilə olur. Mənim müqaviləmin müddəti bitmişdi. Bir təklifi dəyərləndirmək məcburiyyətindəydim. Türkiyədə idman təbabəti üzrə ixtisaslaşmış həkiməm. Futboldan kənar federasiyalarımızdan birindən iş təklifi var. “Zirə” mənə gələn il iyunun 30-na qədər yeni anlaşma təklif etmişdi. Dəyərləndirdim, federasiyadan cavab gözlədiyimə görə müqavilə bağlamadım. Öpüşüb-görüşüb, çox gözəl şəkildə ayrıldıq. Sonuncu günümə kimi tam olaraq əməkhaqqımı verdilər. Hətta sonradan da görüşmüşəm, deyiblər ki, geri qayıtmaq üçün hər zaman “Zirə”nin qapıları üzünə açıqdı. Orda olanlarla hətta özəl münasibətim də var. İllərdi Ayxan Abbasovu, Elman Himayətoğlunu tanıyıram. Bizim tanışlığımız çoxdan mövcuddu, bu futbola görə deyil. Bir sözlə, heç bir problem olmadan vidalaşdıq. Dediyim kimi, milli komanda səviyyəsində federasiyalardan birinə həkim təklif olunmuşdu. Düşündüm və həm maddi, həm də imic baxımından klubla müqavilə müddətini uzatmadım. Olacaqsa, nə gözəl, olmazsa da, yenidən “Zirə”yə üz tutacağıq. Düzdü, kluba qayıdacağımla bağlı bir söz deməmişəm. Sadəcə, onlar bildiriblər ki, hər zaman sizə qapılar açıqdı. Çünki münasibətlər çox yüksək səviyyədədi. Amma mənim ordan ayrıldığım iki gündü. Klubda tibbi personal tək məndən ibarət deyil. Orda həkimlər, fizioterapevtlər, masajçılar var. Hər halda, “Zirə”də həkim çatışmazlığı ilə bağlı problem də yoxdu. Başqa həkim götürərlər, ya yox, bunu deyə bilmərəm. Ancaq “geri dönəcəm, gözləyin” deməmişəm. Çünki federasiyadan oktyabrda cavab gəlməlidi. Ona görə də məcbur olub, müqavilənin müddətini uzatmadım. AFFA-nın tələbi var, lisenziyasız oyuna çıxa bilmirik. Bu baxımdan dostcasına ayrılmışıq. Səhv eləmirəmsə, ötən ilin oktyabrından klubdaydım. Mən Türkiyədə “Acıbadəm”də təhsil almışam. “Təhsil almışam” deyəndə, orda – FİFA-nın 26 özəl sertifikat verdiyi idman klinikasında çalışmışam. Ordan da təklif var idi, lakin isti yanaşmadım. Çünki övladlarım balacadı. Hər nə qədər Türkiyə olsa belə, Azərbaycandan kənarda qalmaq çətindi. Hazırda qeyd etdiyim federasiyadan cavab gözləyirəm”.
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR