Sizin reklam burada

“İnter”in məşqçisi 5 oyun cəzalandı

Baxış Sayı:442

“İnter”in məşqçisi 5 oyun cəzalandı
“Qəbələ”nin legioneri də payını aldı
Dünən AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Budəfəki toplantıda Topaz premyer-liqasında və əvəzedicilərin yarışında 6-cı turun oyunlarında başverənlər müzakirə olunub. Əslində ehtiyat komandalar intizamlı olublar və buna görə də cəzalanan olmayıb. Premyer-liqanın son turu isə cərimələr baxımından məhsuldar alınıb.
“Qarabağ” – “Sumqayıt” matçının 88-ci dəqiqəsində ikinci xəbərdarlıqdan sonra komandasını azlıqda qoyan Miçel birinci dövrənin son turunu buraxmalı olacaq. İspan futbolçunun “qırmızı”sı kluba 200 manata başa gəlib.
“Zirə” ilə “İnter”in duelində hər iki tərəf ziyana düşüb. Meydan sahibləri sarı vərəqələrin çoxluğuna görə 800 manat “tərləyib”. Oyunun 88-ci dəqiqəsində ikinci sarı, avtomatik qırmızı vərəqə alan İlkin Qırtımov isə canını 1 oyun və 200 manat cərimə ilə qurtarıb. Əvəzində “İnter”i məşqiçisi Cəmaləddin Əliyev ciddi ziyana salıb. Oyundan sonra hakimlər briqadasını təhqir edən Əliyev 5 tur diskvalifikasiya olunub. Klubu onun davranışını 4000 manat ilə “sığortalayacaq”.
“Səbail”ə məğlub olan “Kəpəz” maddi mənada da ziyana düşüb. Qərb təmsilçisinin 5 futbolçusu sarı vərəqə ilə cəzalanıb ki, bu da 800 manat cərimə deməkdi.
Əsas diqqətlər “Qəbələ” – “Neftçi” matçı başa çatdıqdan sonra yaşananlara yönəlmişdi. Xatırladaq ki, hakimin final fitindən sonra “Qəbələ”nin futbolçuları Stiven Jozef-Monrozla Ruslan Qurbanov arasında mübahisə baş vermiş, legioner komanda yoldaşını vurmuşdu. Nəticədə baş hakim Fariz Yusifov ona qırmızı vərəqə göstərmişdi. “Qəbələ” hadisələri qabaqlayaraq, İntizam Komitəsinə müraciət edib və komitədən futbolçunun daxili nizam-intizam qaydalarına uyğun olaraq, klubdaxili cəzalandırılmasını, Jozef-Monrozla Qurbanov arasında baş vermiş münaqişənin həll olunmasını nəzərə almağı, ona veriləcək cəzanın azaldılmasını xahiş edib. İK aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alan Monrozu 4 oyunluq diskvalifikasiya edib, kluba 3200 manat cərimə kəsib. Ancaq futbolçuya verilmiş 4 oyun cəzanın ikisi şərti olaraq tətbiq ediləcək və ona 6 ay sınaq müddəti veriləcək. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.
Beləliklə, son turda başverənlərə görə klublara 9200 manat cərimə kəsilib ki, bu da az qala 5 turun cəminə bərabərdi. Mövsümün əvvəlindən cərimə sanksiyaları üzrə nəzərdə tutulan məbləğ 18600 manata çatır.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR