Sizin reklam burada

Yubiley qələbəsi ilə zirvədə!

Baxış Sayı:494

Yubiley qələbəsi ilə zirvədə!
Beləliklə, Topaz premyer-liqasının 6-cı turuna yekun vuruldu. Bəribaşdan qeyd edək ki, tur lider dəyişikliyi ilə yadda qaldı. Cümə günü “Sumqayıt” üzərində qələbə qazanan “Qarabağ” zirvəni ələ keçirdi. Hərçənd böyükhesablı qələbəyə baxmayaraq, Ağdam təmsilçisi xeyli çətinlik çəkdi. Erkən qola üzülən Qurban Qurbanovun yetirmələri 55-ci dəqiqəyə kimi rəqibin qapısına yol tapa bilmədi. Ancaq çempionatımızda ilk qolunu vuran Pedro Enrikenin ayağı komandası üçün düşərli oldu. “Qarabağ” 17 dəqiqə aralığında “Sumqayıt”ın axırına çıxdı. Beləliklə, qarşılaşma Qurban Qurbanov üçün əlamətdar oldu. Təcrübəli çalışdırıcı yubiley qələbəsinə sevindi. Belə ki, Qurbanov baş məşqçi karyerasında 250-ci qələbəyə sevindi. 2007-ci ildən baş məşqçi kimi fəaliyyətə başlayan 45 yaşlı mütəxəssis 2007-08-ci illərdə “Neftçi”də işləyib, 2009-dan indiyədək “Qarabağ”a rəhbərlik edir. 443-cü oyununda 250-ci qələbəsini əldə edən Qurbanov 111 dəfə heç-heçə ilə kifayətlənibsə, onun çalışdırdığı komanda 82 dəfə məğlubiyyətlə üzləşib. Qələbə qazanılan matçların yalnız 25-i “Neftçi”nin payına düşür. 250 qələbədən 186-si premyer-liqa matçlarına təsadüf edib. O, avrokuboklarda və ölkə kubokunda eyni sayda – hərəsində 32 dəfə qələbəyə sevinib. Az qala Miçel təcrübəli mütəxəssisin ovqatını korlayacaqdı. Qırmızı alaraq komandanı azlıqda qoyan ispan yarımmüdafiəçi ona irad bildirən məşqçiyə etiraz edincə sərt təpki ilə üzləşdi. Qurbanovun legionerə yerini bildirməsi öz yerində, ancaq situasiyadan asılı olaraq, onun imicinə də kölgə düşə bilərdi. Miçel mindən çox azarkeşin və ekran başından oyunu izləyən milyonlarla tamaşaçının gözü önündə artıq-əskik hərəkət etsəydi, necə olacaqdı? Hər halda, Qurbanov adətinə xilaf çıxmayıb soyuqqanlığını qorusa, daha yaxşı olar.
Əslində “Qarabağ”ın liderliyi bir gün sürə bilərdi, “Zirə” “İnter”lə oyunda xal itirməsəydi. Ayxan Abbasovun komandası məğlubiyyətdən qaça bildiyinə görə şükr etməlidi. “İnter” azlıqda qalmasaydı, çox güman, üstünlüyünü qoruya biləcəkdi. Maraqlı məqam bu komandaların şəxsi oyunlardakı sülhsevərliyin davam etməsidi. 9 qarşılaşmadan yalnız 2-də bu və ya digər tərəf meydanı qalib tərk edib. Qalan oyunların hamısında heç-heçə qeydə alınıb. Maraqlıdı ki, tərəflər arasında baş tutan ilk iki görüşdə qol səsi çıxmayıbsa, son 5 duel eyni hesabla – 1:1 başa çatıb. “Zirə” bu xal itkisiylə işini xeyli çətinə saldı. Liderliyin əldən verilməsi bir yana, növbəti turda rəqib məhz “Qarabağ” olacaq. Bu o deməkdi ki, qəsəbə təmsilçisi birinci dövrəni hətta 3-cü sırada da başa vura bilər.
Şənbə günü “Dalğa Arena”da üz-üzə gələn “Səbail”lə “Kəpəz”in dueli də maraq doğururdu. Hələ çempionat ərəfəsindəki dəyərləndirmədə mütəxəssislər bu iki komandanın premyer-liqanı tərk etməmək uğrunda əsas rəqib olacağını proqnozlaşdırırdı. Ancaq belə görünür, “Səbail” ortabab komanda olmaq iddiasındadı. “Kəpəz”i minimal hesabla üstələyən “Səbail”in əsl siması növbəti turda “Sumqayıt”la görüşdən sonra daha aydın görünəcək. “Samirlər”in – Samir Əliyevlə Samir Abasovun dueli kimin daha çox ortabab obrazına uyğun gəldiyini deməyə əsas verəcək.
Nəhayət, tura dünən Qəbələdə yekun vuruldu. Tərlan Əhmədov "Neftçi"nin baş məşqçisi kimi ilk səfər matçını ona düşərli olan məkanda keçirdi. Baş məşqçi karyerasında ilk qələbəsini məhz "Qəbələ" ilə səfər matçında qazanan mütəxəssis bunu 2014/15 mövsümünün ikinci yarısının startında AZAL-la bacarmışdı. Özü də bu, Roman Qriqorçukun "Qəbələ"nin baş məşqçi postunda ilk ev oyununa təsadüf etmişdi. Ümumiyyətlə, Əhmədovlu "təyyarəçilər" evdə iki mövsüm "qırmızı-qaralar"la etdikləri heç-heçələr - 0:0 və 1:1 ilə rəqibinə çempionluq yolunda zərbə vura bilmişdi. Üstəlik, baş məşqçilər arasında prinsipiallıq, hətta söz atışması da var idi. Budəfəki dueli Qriqorçuk qazandı. “Neftçi” Tərlan Əhmədovun rəhbərliyi altında keçirdiyi ikinci oyunda da 1:2 hesabıyla məğlub oldu.
Topaz premer-liqası
1-ci dövrə, 6-cı tur
22 sentyabr
Qarabağ – Sumqayıt 4:1
23 sentyabr
Zirə - İnter 1:1
Səbail – Kəpəz 1:0
24 sentyabr
Qəbələ - Neftçi 2:1

1. Qarabağ 5 5 0 0 12-3 15
2. Zirə 6 4 2 0 12-5 14
3. Qəbələ 6 4 1 1 10-6 13
4. İnter 6 2 2 2 7-7 8
5. Sumqayıt 6 2 1 3 6-10 7
6. Səbail 5 2 0 3 4-6 6
7. Neftçi 6 0 1 5 3-9 1
8. Kəpəz 6 0 1 5 3-11 1
Bombardirlər: Mahir Mədətov (Qarabağ) – 5, Vüsal İgəndərli, Riçard Qadze (hər ikisi "Zirə"), Baqali Dabo (Qəbələ) – 3.
Növbəti turun oyunları: 29 sentyabr – Kəpəz – Qəbələ, İnter – Neftçi; 30 sentyabr – Səbail – Sumqayıt; 1 oktyabr – Qarabağ – Zirə.
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR