Sizin reklam burada

Rauf qol vurdu, Kamran yenə ehtiyatda qaldı

Baxış Sayı:765

Rauf qol vurdu, Kamran yenə ehtiyatda qaldı
Çexiya “Slaviya”sında çıxış edən Fərid Nəbiyev növbəti matçına çıxıb. Gənc oyunçu klubun U-19 komandasının yarışdığı ölkə birinciliyində forma geyib. 19 yaşlıların çempionatında 7-ci tur çərçivəsində səfərdə Plzen “Viktoriya”sı ilə qarşılaşan Praqa təmsilçisi 2:1 hesabıyla qalib gəlib. Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətində meydana çıxıb və 85-ci dəqiqədə əvəzlənib.
Albaniya çempionatında 3-cü turun oyunları keçirilib. Rauf Əliyevin formasını geydiyi “Kukesi” də növbəti matça çıxıb. Kollektiv doğma meydanda “Laçi” ilə qarşılaşıb. “Kukesi” matçdan qələbə ilə ayrılıb – 3:0. Rauf start heyətində meydana çıxıb. O, komandasının qələbəsində xüsusi pay sahibi olub. Belə ki, 61-ci dəqiqədə məhz onun qapıya ünvanladığı top hesabın açılması ilə nəticələnib. “Kukesi”nin sosial şəbəkələrdəki səhifələri həmin qolu məhz Raufun vurduğunu vurğulasa da, digər internet resurslarında avtoqol qeydə alınıb. Rauf bundan əlavə, 38-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb. “Kukesi” hazırda 7 xalla 10 komanda arasında 2-ci pillədə qərarlaşıb.
Rusiyanın 1-ci divizionunda 15-ci turun oyunları keçirilib. Samir Məsimovun formasını geydiyi “Fakel” də növbəti matçına çıxıb. Voronej təmsilçisi səfərdə “Luç Enerji” ilə qarşılaşıb. Qarşılaşma 0:0 hesablı bərabərliklə yekunlaşıb. Samir bu görüşün iştirakçısı olmayıb. Maraqlıdı ki, onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib. "Fakel" 13 xalla 20 klub arasında 17-ci pillədə qərarlaşıb.
Hollandiyanın 1-ci divizionunda (Jupiler Liqa) 6-cı turun oyunları keçirilib. Ziya Əzizovun formasını geydiyi “Den Boş” növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Eyndhoven”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0. Əzizov 68-ci dəqiqədə meydana çıxıb. "Den Boş" hazırda 7 xalla 20 klub arasında 13-cü pillədə qərarlaşıb.
Çexiya çempionatında 8-ci turun oyunları keçirilib. Kamran Ağayevin şərəfini qoruduğu “Mlada Boleslav” doğma meydanda Plzen “Viktoriya”sı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2. Kamran bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü yenə ehtiyatda qalıb. Hesabında 7 xal olan "Mlada Boleslav" 16 klub arasında 11-ci pillədə qərarlaşıb.
Almaniyanın Şimal-Şərq Regional Liqasında 8-ci turun oyunları keçirilib. Yığmamızın sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu Berlin “Dinamo”su bu dəfə doğma meydanda “Budissa Bautsen”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 5:0. Rüfət də qarşılaşmada iştirak edib. Komandasının üç qoluna da məhz Dadaşov imza atıb. O, 14-cü dəqiqədə hesabı açıb, 20-ci dəqiqədə özünün və komandasının ikinci qolunu vurub. 59-cu dəqiqədə isə Dadaşov matçın yekun nəticəsini müəyyənləşdirib. 63-cü dəqiqədə baş məşqçi onu əvəzləyib. "Dinamo" hazırda 16 xalla 18 iştirakçı arasında 2-ci yerdədi.
Ukrayna çempionatında 10-cu turun oyunları keçirilib. Yığmamızın müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya"nın rəqibi “Mariupol” olub. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1. Pavel bu görüşdə iştirak edib. Start heyətində meydana çıxan futbolçumuz sonadək oynayıb.
"Aleksandriya" geridə qalan turlarda topladığı 8 xalla 12 klub arasında səkkizincidi.
Türkiyənin PTT liqasında 6-cı turun oyunları keçirilib. Yığmamızın sabiq müdafiəçisi Ufuk Budakın formasını geydiyi “Samsunspor” səfərdə “Ankaragücü” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1. Ufuk start heyətində başladığı qarşılaşmada sonunadək meydanda olub. Qeyd edək ki, “Samsunspor” 6 turdan sonra 5 xalla 18 klub arasında 15-ci pillədə qərarlaşıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR