Sizin reklam burada

Tərlan Əhmədov Elxan Abdullayevdən hörmət gözləyir

Baxış Sayı:689

Tərlan Əhmədov Elxan Abdullayevdən hörmət gözləyir
Qriqorçuk: “Məncə, həmin anda həddi aşdılar”
Oyundan sonra jurnalistlər önünə əvvəlcə “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov çıxdı. O, matçla bağlı ümumi fikirlərini dilə gətirdi:
- Komanda mübarizə apardı. “Qəbələ” kimi rəqibə qarşı yaxşı oynadıq. Görüləcək o qədər iş var ki... Fiziki, taktiki cəhətdən irəliləsək də, psixoloji cəhətdən çox iş görməliyik. Müdafiədə uşaq səhvləri buraxdıq. Bunun da nəticəsində məğlub olduq. Çalışacağıq ki, səhvləri təkrarlamayaq. Qarşıda fasilə var. Bu fasilədən maksimum yararlanıb, çalışacağıq ki, qışa kimi yaxşı nəticələr qazanaq.
- Komandanın oyununda əsas nədən narazı qaldız?
- Mən həmişə istəmişəm cinah müdafiəçiləri daim hücumda olsun. Hücumda nə qədər çoxluq olsaq, nəticə də bir o qədər yaxşı olar. Bu qarşılaşmada iki hücumçu ilə oynamaq istəyirdik. Ancaq Seqoviyanın zədəsi var idi. Bu üzdən onu meydana gec buraxdım. Lakin bu vaxt da Barqas yorulmuşdu.
- Emin Mahmudovun çıxışı sizi qane etdi?
- Onun bugünkü oyunu məni sevindirdi. Axırıncı dəfə keçən mövsüm oynamışdı. Bura gələnədək isə 10 gün məşq etməmişdi. Buna baxmayaraq, yaxşı çıxış etdi.
- Növbəti turdan sonra 16 günlük fasilə olacaq. Bu müddətdə planınız necədi? Ölkə xaricinə yollana bilərsiz?
- Xaricə getməyi planlaşdırmırıq. Məncə, bu artıqdı. Yaxşı bazamız var. Burda məşq edib, futbolçularda özünəinamı artırmağa çalışacağıq. Hazırda bu çox aşağıdı.
- “Qəbələ”nin hücumçuları “Neftçi”nin müdafiəçilərini çox rahat keçirdilər. Bunun səbəbi nədi? Rəqib hücumçuların səviyyəsi yüksək idi, yoxsa problem müdafiəçilərdəydi?
- Belə deməzdim. “Qəbələ”nin hücumçuları fərdi oyuna çox üstünlük verirlər. Ancaq düşünmürəm ki, Abuşov və Petrov səviyyəcə onlardan geri qalır. Bu gün bizim hücum xəttində bu individuallıq çatışmır. Bir epizodda Namiq Ələsgərov topla irəlilədi və zərbəsi qolla nəticələndi. Bu cür fürsətləri dəyərləndirmək lazımdı.
- “Neftçi”yə yeni gələndə Elxan Abdullayevə zəng etdiyinizi demişdiz. Ancaq o, telefonunun daim açıq olduğunu, sizdən zəng gəlmədiyini bildirib.
- Elxan müəllim çox sağ olsun, bilmirəm, harda olub, necə olub? Telefonu sönülü, yoxsa açıq olub. Hər halda, mən zəng etdiyimi deyirəm. Ondan sonrakı müddətdə heç kimi yığmamışam, bütün fikrimi komandaya yönəltmişdim. Heç evdən də xəbərim yoxdu. Diqqətimi komandanı vəziyyətdən çıxarmağa yönəltmişəm. Hər halda, əlaqə saxlayarıq, danışarıq. İstərdim ki, Elxan müəllim də heç olmasa, bizə hörmətlə yanaşaydı. O ki qaldı zəngə, 3 dəfə zəng etmişəm, zəng çatmayıb. Bundan sonra öz işimlə məşğul olmuşam.
Daha sonra zala “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk daxil oldu. Ukraynalı mütəxəssis birbaşa suallara keçməyimizi istədi.
- Adətən, mətbuat konfransına oyunla bağlı fikirlərlə başlayırıq. Bu dəfə oyunun sonundan başlayaq. Monroz və Qurbanov arasında nə baş vermişdi?
- Gəlin, peşəkarlğımızı qoruyaq və yenə ilk olaraq oyunla bağlı danışaq (gülür).
- “Qəbələ” ilk hissədə üstün olsa da, ikinci yarıda üstünlüyü rəqibə verdi. Bunun səbəbi nədi?
- Burda əsas psixoloji amil rol oynayır. Ancaq belə olmamalıdı. Komanda hesabda nə qədər irəlidə olsa da, üstünlüyü əldən verməməlidi.
- Komanda müdafiədə səhvlərə yol verirdi. Bu haqda nə deyə bilərsiz?
- Tam razıyam. İlk hissədə hücumda yaxşı oynasaq da, müdafiədə də səhvlər edirdik. Bir çox boşluqlar verirdik. Deməzdim ki, ikinci hissə çox pis keçdi. Fasilədən sonra da bir neçə imkanımız oldu.
- “Səbail”ə qarşı keçən oyunda fasilədən sonra Asif Məmmədovu meydana buraxdız. O isə ilk toxunuşda başla qol vurdu. Bu anda siz başınızı tutduz. Bu, nə ilə bağlı idi?
- Mən, sadəcə, belə erkən qol vuracağına inanmadım. Asif həmin anda bütün detalları nəzərə aldı və topa ilk toxunuşunda qol vurdu.
- Komandada intizam cəhətdən problem var?
- Mən həmin epizodu görmədiyim üçün şərh edə bilməyəcəm. Orda nə baş verdiyini aydınlaşdırdıqdan sonra qərar verəcəyik. Eşitdiklərimə əsasən fikir bildirsəm, düzgün olmaz. İstənilən komandada bu cür hallar yaşana bilər. Məncə, həmin anda həddi aşdılar. İstənilən halda, məsələni araşdıracağıq və uyğun qərar verəcəyik.
- Ekiqo Ehiosunun vəziyyəti necədi? Nə vaxta tam hazır olar?
- 95 faiz deyə bilərəm ki, o, tam hazır deyil. Onu tanıyırıq, potensialına bələdik. İnanıram ki, tezliklə komandaya kömək edə biləcək. Bura gələnədək 3 aya yaxın oynamayıb. Ona vaxt lazımdı.
- Endi Hallidey əvəzlənəndə buna sərt reaksiya verdi...
- Düşünmürəm ki, etirazını sərt bildirdi. Həmin anda əvəzlənməsi lazım idi və əvəzlədim də. Hər bir oyunçu əvəzlənməsindən narazı qala bilər.
- Tərlan Əhmədov “Neftçi”yə baş məşqçi təyin ediləndə Ruslan Qurbanov sosial şəbəkədə bu klubun formasında şəklini paylaşdı. Bu məsələyə necə baxırsız? O, qayıtmaq istəyi ilə bağlı sizə nəsə deyib?
- Kompüterdə çox işləsəm də, bu ancaq komandamın oyununu təhlil etmək üçün olur. Hansısa futbolçu getmək istəyirsə, bunun üçün əlimdən gələni edirəm. Fikrimcə, getmək istəyən futbolçunu saxlamaq düzgün deyil.
FARİZ

Yeri gəlmişkən…
Monrozun Ruslanı yumruqlamasının səbəbinə gəlincə, belə aydın olur ki, yığmamızın üzvü oyun epizodunda qaradərilinin ona ötürmə vermək əzəzinə driblinq etməsini irad tutub, hələ ingiliscə “ağzını yum” deməyi də unutmayıb. Oyunda sonra Ruslan bi kobudluğa görə izahat istəyincə yumruğa tuş gəlib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR