Sizin reklam burada

Debütant daha bir qocanı “ağlatdı”

Baxış Sayı:1 055

Debütant daha bir qocanı “ağlatdı”
Gəncəli fanatlar AFFA=MAFİYA banneri açdı
23. Səbail – Kəpəz (Gəncə) 1:0 (0:0)

1. Emil Balayev – 5,0
23. Ayron Stati – 5,0
99. Maudo Jarjue – 5,0
35. Eqdaras Zarskis – 5,0
20. Elton Yaqublu (k) – 5,0
3. Tamazi Tsetsxladze – 5,0
69. Renan Telyes – 5,0
(8. Aqşin Muxtaroğlu, 70) – 4,5
66. Pərviz Qaraxanov – 4,5
17. Vüqar Nadirov – 5,0
11. Elman Taqayev – 5,5
(6. Murad Ağayev, 90+1) – qiymətsiz
10. Nurlan Novruzov – 4,5
(9. Raul Yaqubzadə, 58) – 4,5
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
13. Murad Musayev
14. Yamin Ağakərimzadə
21. Murtuz Abakarov
26. Kamal Qurbanov
77. Təyyar Məmmədov
88. Orxan Qurbanlı
98. Kamran Əliyev
Baş məşqçi: Samir Əliyev
Komandanın ən yaxşısı: Elman Taqayev

1. Davud Kərimi – 4,0
13. Şəhriyar Rəhimov (k) – 4,0
4. Şəhriyar Əliyev – 4,0
3. Dedimar Fereyra – 3,5
21. Novruz Məmmədov – 4,0
5. Kərim Diniyev – 4,0
16. Azər Məmmədov – 3,5
(7. Sergey Çernışev, 46) – 3,5
20. Samba Dialo – 3,5
12. İlyas Səfərzadə - 3,5
(9. İlkin Sadıqov, 62) – 3,5
10. Tural Rzayev – 3,5
(11. Kamran Abdullazadə, 62) – 3,5
8. Viktor Laki – 4,5
Ehtiyat oyunçular
22. Ruzi Qiyaslı
15. Azad Kərimov
18. Tural Cəlilov
2. Yusif Cəfərov
17. Əli Səmədov
14. Fərid Məmmədov
Baş məşqçi: Şahin Diniyev
Komandanın ən yaxşısı: Viktor Laki
Qol: E.Taqayev, 60 (R.Telyes).
Vərəqələr: T.Rzayev, 5 (qeyri-idman hərəkəti). İ.Səfərzadə, 30 (qeyri-idman hərəkəti). T.Tsetxladze, 54 (qeyri-idman hərəkəti). İ.Sadıqov, 66 (qeyri-idman hərəkəti). V.Nadirov, 68 (tələb olunan məsafəyə riayət etməmək). Ş.Rəhimov, 75 (qeyri-idman hərəkəti). K.Abdullazadə, 88 (hakimin qərarına etiraz). E.Balayev, 90 (oyunun bərpasını ləngitmək) – sarı.
Hakimlər: RƏHİM HƏSƏNOV, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rauf Cabbarov (hamısı Bakı).
Hakim-inspektor: Fazil Mürşüdov (Sumqayıt).
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov (Bakı).
23 sentyabr. Mərdəkan. Dalğa Arena. 300 tamaşaçı (6700 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.
Cari mövsümə uğursuz başlayan “Kəpəz”in elitanın debütantı ilə oyunda “qara zolaqdan çıxacağı” gözlənilsə də, Şahin Diniyevin yetirmələri bu dəfə də gəncəli azarkeşləri məyus etdi. Birvaxtlar ölkə futbolunda “at oynadan”, adı gələndə rəqiblərin tük saldığı qocaman klub bu gün rəhbərliyin yanlış siyasəti sayəsində qapazaltı uşaq təsiri bağışlayır. Vaxtilə SSRİ çempionatının güclülər dəstəsində Azərbaycanı təmsil etmiş iki klubdan biri olan gəncəlilər hələ iki yaşı olmayan “Səbail”ə uduzursa…
Görəsən, Şahin Diniyev və ya bu gün klubun başında olanlar hazırda heyətdə yer alan yerli və legionerlərə şanlı tarix haqda nəsə danışıblarmı? “Kəpəz”in futbolçuları Samir Əliyevin bu yay “açıq qapı” elan edib, sanki hansısa futbol akademiyasına seçim edirmiş kimi ordan-burdan topladığı kollektiv qarşısında da “ağ bayraq qaldırırsa”, çətin ki, ilin sonuna kimi kimdənsə 3 xal almağı bacarsınlar.
Bu sözlərlə heç də “Səbail”in aşağı səviyyəli komanda olduğunu demək istəmirik. Sadəcə, şənbə günü “Dalğa Arena”da baş tutan qarşılaşma dərslərindən daim 2 alan iki şagirdin bilik yarışmasına bənzəyirdi. Onlardan birinin, yəni “Səbail”in qarşıdakı turlarda öz səviyyəsini artıracağına, tədricən qiymətlərini yüksəldəcəyinə hardasa ümid varsa, təəssüf ki, eyni sözləri “sarı-göylər” haqda söyləmək qeyri-mümkündü. Şənbə günü istər oyunu tribunadan canlı izləyən azsaylı azarkeşlər, istərsə də mavi ekran qarşısında oturanlar bəlkə də 90 dəqiqəni həyatının ən mənasız vaxt itkisi kimi dəyərləndirdi. İlk baxışdan meydanda gərginlik, əzmkarlıq və qol vurmaq üçün alışıb-yanan iki komanda görünürdü. Lakin ümumi səviyyənin aşağı olması, çoxsaylı top itkiləri, normal hücumların qurulmaması futbol adına ləkə idi. Rzayev, Sadıqov, Səfərzadə kimi oyunçuların yeri elita yox, ən yaxşı halda aşağı dəstənin ortabablarından biri olmalıdı. Viktor istisna olmaqla digər iki legioneri Şahin bəy hansı üstün cəhətinə görə düşərgəyə dəvət edib, hələ də çoxlarına qaranlıqdı.
Heç nə ilə yadda qalmayan ilk hissədən sonra Əliyev paltardəyişmə otağında yetirmələrinə nə demişdisə, “şirlər” ikinci yarıya daha sürətli başladı. Meydan sahibləri qonaqları, demək olar ki, işsiz qoymuşdu. Üstünlüyü ələ keçirən debutant qonaqları öz qapısına doğru sıxışdırmağı bacarmışdı. Arda-arda rəqib qapısına həmlələr edən “şirlər”in fərqlənəcəyi gözlənilən idi. Müdafiəçilərin kobud mövqe səhvindən yararlanan Taqayev 60-cı dəqiqədə baxımlı qola imza atdı. Türkmənistanlı legioner 73-cü dəqiqədə də az qala eyni mövqedən, oxşar vəziyyətdən adını tabloya yazdıracaqdı. Lakin bu dəfə Kərimi qapı xətti üzərində inamlı təsir bağışladı və “kürə”nin tora qovuşmasına imkan vermədi. Matçın sonlarına yaxın “sarı-göylər” kor-koranə hücumlar etsə də, Əliyevin komandası minimal üstünlüyü əldən vermədi, hakimin final fiti ilə mövsümdəki ikinci qələbəsini rəsmiləşdirdi. Yeri gəlmişkən, debutant bu qələbələri ölkənin ən qocaman klubları üzərində əldə edib. “Kəpəz”dən öncə, 2-ci turda “Neftçi” “şirlər”in silləsinin dadını hiss etmişdi.
RƏŞAD

Reaksiyalar
Şahin Diniyev: “Gərək oyun olsun ki, danışasan. Olmayan oyun haqda danışmaq da çətindi. Komanda meydana psixoloji təzyiq altında çıxmışdı. Bütün mövqelərimizdə olan futbolçular zəif çıxış etdi. Hesab açılandan sonra isə “Səbail” müdafiəyə çəkildi. Bizdə elə bir futbolçu yoxdu ki, oyunu üzərinə götürə bilsin. Topladığımız xal və turnir cədvəlindəki mövqeyimiz hər oyunda bizi təzyiq altında saxlayır. Ancaq toparlanmalı və vəziyyətdən çıxmalıyıq. Rəhim Həsənova iradım uzadılmış vaxtla bağlı oldu.Məncə, 4 dəqiqə yox, daha çox əlavə olunmalıydı. Çünki tək İlkinə 3 dəqiqə 15 saniyə yardım göstərildi. Bunun da üstünə əvəzetmələri gəlin”.
Samir Əliyev: “Çətin oyun oldu. “Kəpəz” üçün qələbə qazanmaq çox vacib idi. Amma biz də məğlub olmaq istəmirdik. Qol vəziyyətlərimiz az olsa da, qələbə qolunu vurmağı bacardıq. 3 xal qazandığımız üçün çox şadıq. Deməzdim ki, komandanın sərgilədiyi oyundan razıyam. Amma qələbə qazanmaq çox vacibdi. Bəzən pis oynayıb, qələbə qazanmaq da bizə sərf edir. Turlar ötdükcə rəqiblər bizi daha yaxşı təhlil edir. Şahin Diniyev güclü mütəxəssisdi. Rəqib imkan verdiyi qədər oynadıq. 6 tur və iki qələbə - məncə, yeni yaranan komanda üçün yaxşı nəticədi. Rumıniyalı futbolçunun transferinə gəlincə, o, artıq tibbi müayinədən keçib və müqavilə də imzalayıb. Bu gün şənbə günüdü və bu səbəbdən Rumıniya Futbol Federasiyasından sənədlərini ala bilmədik. Çox güman, növbəti oyunlarda bizimlə birgə olacaq. Hücumda rəqabəti artırmaq üçün onu komandamıza dəvət etmişik”.

Gözdən qaçmadı
*“Kəpəz”in məğlubiyyətini həzz etməyən bir qrup gəncəli azarkeş qarşılaşmanın sonlarına yaxın AFFA=MAFİA banneri açmaqla yadda qaldılar.
* Matçı izləyənlər arasında “Sumqayıt”ın baş məşqçisi Samir Abasov da var idi. Görünür, “kimyaçılar”ın çalışdırıcısı növbəti tur qarşılaşacaqları “Səbail”i daha yaxşı təhlil etmək üçün Mərdəkana yollanmağı lazım bilmişdi.
* 80-ci dəqiqədə qonaqlar cərimə zərbəsi vurmaq hüququ qazandılar. Gəncəli futbolçular topu həmin yerdən bir neçə metr qabağa qoyub zərbə vurmaq istəsələr də, “Səbail”in məşqçilər korpusu “Rəhim, bax, gör topu hara çəkirlər” deyərək, narazılıqlarını bildirdilər. Baş hakim də iradları nəzərə alaraq, qonaqlardan cərimə zərbəsini yerindən vurmağı istədi.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR