Sizin reklam burada

“İnter”də maaşlar ödənildi!

Baxış Sayı:562

“İnter”də maaşlar ödənildi!
Qəzetimizin ötən sayında “İnter”in premyer-liqanın 6-cı turu çərçivəsində “Zirə” ilə səfər matçına çıxmamasının mümkünlüyünü xəbər vermişdik. Bunun səbəbi isə futbolçuların bir neçə aydı maaş almamasıdı. Klub əməkdaşları, futbolçular və məşqçilər korpusu iyul, avqust və sentyabrın məvacibini ala bilməyib. Bundan əlavə, komandanın Avroliqada çıxışa görə almalı olduğu bonuslar da hələ verilməyib. Rəhbərlik də boş vədlər verir, “bu gün, sabah olacaq” deyib, günü-günə satır. Məhz buna görə futbolçular növbəti qarşılaşmaya çıxmamağı planlaşdırıb. Düzdü, Nizami Hacıyev və Mirhüseyn Seyidov bu məsələnin gündəmdə olmadığını söyləmişdi. Lakin kapitan belə halın baş verə biləcəyini də gizlətməmişdi... Məsələ ilə bağlı “İnter” rəhbərliyinin mövqeyini öyrənməyə çalışdıq. Amma nə Müşahidə Şurasının sədri Zaur Axundov, nə də icraçı direktor Rəmiş Malıyev telefon zənglərimizə cavab verdi. Sonda bakılıların mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovla əlaqə saxladıq. O artıq maaşların ödənilməsinə başladıqlarını söylədi: “İyul və avqust aylarının maaşları verilməmişdi. Sentyabr da hələ başa çatmayıb. Artıq maaşlar bu gündən (dünəndən) köçürülməyə başlanıb. Bu gün (dünən) komandanın bütün üzvləri məvaciblərini alacaq. Sabah da işçilərə maaş veriləcək. Yəni klub futbolçular, məşqçilər korpusu və işçilər qarşısında maliyyə öhdəliyini tam yerinə yetirəcək. Komanda dünən (srağagün) də məşq edib, bu gün (dünən) də məşq edəcək. Düşərgədə vəziyyət normaldı. Futbolçuların “Zirə” ilə oyuna çıxmayacaqları barədə deyilənlər həqiqəti əks etdirmir”.
Məmmədovun sözlərinə görə, Avroliqaya görə ödənilməli olan bonuslardan hələ ki xəbər-ətər yoxdu: “Həmin bonuslar ödəniləcək. Lakin vaxtını deyə bilmərəm. İndi əsas prioritet məsələ məvaciblərin ödənilməsidi”.
ŞƏFİ ŞƏFİYEV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR