Sizin reklam burada

“Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi

Baxış Sayı:601

“Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi
“Bu gün bir daha şahid oldum ki, 60 ili boşuna yaşamamışam”
Srağagün “Sumqayıt” Futbol Akademiyasının seleksiya üzrə əlaqələndiricisi, əməkdar məşqçi Ağamusa Bağırov 60 illik yubileyini qeyd etdi. Bu münasibətlə “Kapital Bank Arena”da yubilyarın yetirmələrindən ibarət komanda ilə “Sumqayıt”ın əməkdaşları arasında yoldaşlıq görüşü keçirildi.
Saat 19.00-da start götürən qarşılaşmada bir çox veteran futbolçular məharətlərini göstərdilər. Mətləb Ələsgərov, Ramin Hüseynov, Azər Mehdiyev, Orxan Rəcəbov, Namiq Məmmədkərimov, Rəşad Muradov, Samir Abdulov, Ruslan Poladov, Ehtiram Rüstəmov Bağırovun komandasının heyətində çıxış edirdisə, rəqib düşərgədə “kimyaçılar”ın prezidenti Kamran Quliyev, Ceyhun Sultanov, Tərlan Məmmədov, Zahir Hüseynov, Seymur Rəhimov, Vəfadar Quliyev, Azad Mütəllimov yer almışdı.
Adətən, bu cür qarşılaşmalar şou xarakteri daşıyır və meydana çıxanlar daha çox yubilyarın fərqlənməsinə şərait yaradırlar. Ancaq srağagün “Kapital Bank Arena”da baş tutan görüşü izləyən azarkeşlər fərqli mənzərəyə şahidlik etdi. Yoldaşlıq oyunu olmasına baxmayaraq, heç bir komanda qarşı tərəfə güzəştə getmək istəmir, qalib gəlmək üçün var qüvvəsini meydanda qoyurdu. Kənardan baxanda elə təəssürat yaranırdı ki, sanki ölüm-qalım savaşı gedir. Matça “Sumqayıt” daha fəal başlasa da, veteran qolkiper Ələsəgərov bir neçə dəfə komandasını qoldan xilas etdi. Məhz qapıçının inamlı oyunu Ağamusa bəyin yetirmələrindən ibarət kollektivi irəli atılmağa, rənagarəng hücumlar qurmağa həvəsləndirdi. Futzaldakı çıxışı ilə tanınan Məmmədkərimovun ağıllı ötürmələri, Hüseynovun müdafiədə etibarlı çıxışı, Poladovun sürətli cinah reydləri, Mehdiyevin irəlidə texnikalı oyunu çox keçmədən hesabda əksini tapdı. Azərdən ötürmə alan Abdulov bir toxunuşla topu tora qovuşdurdu. Qoldan 5 dəqiqə sonra “Sumqayıt” növbəti dəfə meydana mərkəzdən başlamalı oldu. Hər biri 20 dəqiqə çəkən ikihissəli matçın birinci yarısı Bağırovin yetirmələrinin 3:1 hesablı qələbəsiylə bitdi. Fasilədən sonra ssenari dəyişdi. İlk hissədə zəif təsir bağışlayan “kimyaçılar” ikinci yarı başlar-başlamaz hesab arasındakı fərqi azaltdı. Lakin çox keçmədən fərq yenidən 2 topa çatdı. Ancaq bu da matçda vurulan son qol olmadı. Ceyhun Sultanovun lideri olduğu kollektiv sürəti bir qədər artırınca, rəqib çoxsaylı top itkilərinə yol verir, hücum qurmaqda çətinlik çəkirdi. “Ağ-göylər”in bu təzyiqi sonda bəhrə verdi. Nominal meydan sahibləri ardıcıl iki dəfə fərqlənməklə “status–kvo”nu bərpa etdilər. Son dəqiqələrdə isə hər iki komanda daha bir qol vurdu. Və oyun 6:6 hesabı ilə başa çatdı.
Matçdan sonra “Sumqayıt” rəhbərliyi yubilyarın şərəfinə tort kəsdi və matçda iştirak edənlər çay süfrəsi arxasında əyləşərək Ağamusa bəyin geridə qalan illər ərzində Sumqayıt futbolunda hansı xidmətləri olduğunu yada salıb, əməkdar məşqçini yubileyi münasibəti ilə bir daha təbrik etdilər.
Fürsətdən istifadə edib biz də yubilyarla söhbətləşdik. Ağamusa bəy tədbirin təşkilinə görə “Sumqayıt” rəhbərliyinə təşəkkür edib, xoş gündə onu unutmayan yetirmələrinə “çox sağ ol” deməyi unutmadı: “Bu gün ikili hisslər keçirirəm. Bir tərəfdən yaşımın üstünə yaş gəldiyinə görə bir qədər məyus oluram. Digər yandan isə bu gün meydanda olan yetirmələrimi görüb sevinirəm. “Sumqayıt” rəhbəlriyinə belə matç təşkil etdiyinə görə minnətdaram, yetirmələrimə isə doğum günümü unutmayıb belə gündə yanımda olduqlarına görə “çox sağ ol” deyirəm. Önların hamısı mənə əzizdi. Bir çoxlarının uşaqlığı hələ də gözümün qabağındadı. İndi maşallah, hər biri ailə-uşaq sahibidi, hərəsi bir sahədə çalışır. Aralarında karyerasını davam etdirən də var. Çox az-az müəllimə birvaxtlar yetirməsi olan uşaqlarla çiyin-çiyinə işləmək qismət olur. Bu gün “Sumqayıt”ın futbol akademiyasında və yaxud başqa idman məktəblərində məşqçi kimi çalışan yetirmələrimlə bir yerdəyik. Bəzən elə olur ki, onlarla rəqib kimi də üz-üzə gəlirik. Çox vaxt deyirlər ki, insana ən vacib olan cansağlıdığı. Mən də bu fikirlə razılaşıram. Ancaq neyniəm o can sağlığını ki, ətrafında heç kim olmasın, heç kim səni yada salmasın. Bu gün bir daha şahid oldum ki, 60 ili boşuna yaşamamışam”.
“Sumqayıt”ın qolkiperi Fərhad Vəliyev də Bağırovun yetirmələrindəndi. Qolkiper yoldaşlıq matçında meydana çıxmasa da, oyunu izləyənlər arasında idi. Yubilyarla bağlı onun da fikirlərini öyrəndik: “Rəhmətlik Tofiq Rzayevlə Musa müəllim (səbəbkar Sumqayıtda daha çox bu adla tanınır) mənim həmyaşıdlarımın, demək olar ki, hamısının məşqçisi olub. O vaxtlar indiki kimi deyildi. Əyləncə məkanları, uşaqların başını qatmaq üçün məşğuliyyət az olduğundan, hamı hansısa idman növü ilə məğul olurdu. Bu üzdən Sumqayıtın yarıdan çoxu Mehdi Hüseynzadə adına stadiona gəlir, futolla məşğul olmaq istəyirdi. Ancaq məşqçilər onların arasından yalnız istedadlıları seçib məşqlərə qatılmasına icazə verirdilər. Onu da qeyd edim ki, Musa müəllim fenomenal yaddaşa malikdi. Ondan bu gün də rəhbərliyi altında məşq etmiş uşaqların ünvanlarını və ev telefonlarını soruşsaz, hamısını səhv etmədən sizə deyər. Bu bir daha göstərir ki, Musa müəllim tək məşqçimiz olmayıb, o həm də bizimlə daim maraqlanıb, əsl pedaqoq kimi yetirmələrinin futboldan kənar həyatını da yaxından izləyib. Yubilyara cansağlığı arzulayıram. İnşallah, növbəti yubileylərini də bir yerdə qeyd edərik”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR