Sizin reklam burada

“İnter” “Zirə” ilə oyuna çıxmaya bilər

Baxış Sayı:575

“İnter” “Zirə” ilə oyuna çıxmaya bilər
Nizami Hacıyev: “Rəhbərliyə dedim ki, artıq oyunçuların pulları ödənilməlidi”
“İnter”in son illərdəki problemləri haqda çox yazmışıq. Klubun fəxri prezidenti Cahangir Hacıyevin həbsindən tutmuş, adının dəyişib “Keşlə” olmasına qədər. Hazırki duruma əsasən deyə bilərik ki, bakılıları da “Xəzər Lənkəran”ın taleyi gözləyir. Birvaxtlar “cənub mirvarisi” ictimaiyyətə “yaşayacağıq” deyib, sonra necə batdısa, “İnter” də sabah eyni duruma düşsə, təəccüblənməyin. Klubda artıq iki aydan çoxdu maaşlar ödənilmir. Futbolçular iyul, avqust və sentyabr ayının məvacibini ala bilməyib. Rəhbərlik “bu gün-sabah olacaq” deyib, futbolçuları sakitləşdirməyə çalışır. Lakin artıq kollektivin səbr kasası daşıb. Belə ki, “İnter” düşərgəsində narazı kütlə formalaşıb. Düzdü, bütün heyət həmin kütləyə daxil deyil. Bir neçə oyunçu rəhbərliklə təkbətək söhbət zamanı maaşlar verilməyincə meydana çıxmayacağını deyib. Hətta narazı qrup premyer-liqanın 6-cı turunda “Zirə” ilə baş tutacaq matçda iştirak etməyəcəyini bildirib. Bu üzdən Zaur Axundov və ətrafı çıxılmaz vəziyyətdə qalıb. Həftənin sonuna kimi məvacibləri ödəmək sözü verilsə də, rəhbərlik hardan pul tapacağını bilmir. Baş məşqçi Zaur Svanadze də futbolçulara komandada qalacağını, onlar nə vaxt maaş alsa, özü də o vaxt alacağını deyib.
“İnter”də son aylar məvacib və mükafatların gecikməsi adi hala çevrilib. Lakin indiyə kimi heç vaxt futbolçular belə kəskin etiraz etməmişdi. Çünki bu klubda hər zaman birlik olub. Məşqçilər korpusu və futbolçular arasında münasibətlər elə qurulub ki, məşq və oyun zamanı heç kim maaşa və başqa kənar məsələlərə fikir vermirdi. Yadınıza gəlirsə, bakılılara “qardaş klub” sayılan “Simurq”da dağılmazdan öncə maaş gecikməsi olmuş, futbolçular meydanda oturaq aksiya keçirərək, rəhbərliyə narazılıq etmişdi. Amma “İnter”lilər heç vaxt belə addım atmağı düşünməyib. Bəs indi nə oldu? Artıq sadiqlik dönəmi başa çatıb? Məsələ ilə bağlı “İnter”in oyunçuları ilə danışmağı lazım bildik. Onların reaksiyaları fərqli oldu.
Nizami Hacıyev: “Biz heç kimin qarşısında ultimatum qoymamışıq. Bunu kim deyirsə, bilmirəm. Xəbərim yoxdu. Dünən (srağagün) rəhbərliklə birlikdə toyda olmuşam. Komanda yoldaşımız Tərlan Quliyevin toyu idi. Rəhbərliklə də münasibətimiz normaldı. “Zirə” ilə oyuna çıxıb-çıxmayacağımızı dəqiq deyə bilmərəm. Amma “pulu verməsəz, oyuna çıxmayacağıq” söhbəti olmayıb. İstisna deyil ki, gələcəkdə ola bilər. İstənilən vaxt oyuna və məşqlərə çıxmaya da bilərik, çıxa da. Dalaşa da, küsə də, barışa da bilərik. Yenə deyirəm, “Zirə” ilə oyuna çıxacağımızı dəqiq deyə bilmərəm. İndi sənə deyim ki, oyuna çıxacağıq və sabah çıxmasaq, yalançı olaram. Və ya əksinə. Zəng edib mənə deyərsən ki, Nizami, bəs mən sənə sual verdim axı. Ola bilər ki, kiminsə səbr kasası dolar, pulu almamış oyuna çıxmaq istəməz. Sabah biz onun yanında olacağıq. Komandada hamımız eyni nöqtəyə vururuq. İnanıram ki, rəhbərlik bu həftə bütün söz-söhbətlərə son qoyacaq. Tərlanın toyunda da bu haqda danışdıq. Rəhbərliyə dedim ki, artıq oyunçuların pulları ödənilməlidi. Məsələ artıq dirənib. Uşaqlara nəsə etmək lazımdı. Maaşı vermirsənsə, heç kim futbolçudan nəsə tələb edə bilməz. O istədiyini edəcək”.
Mirhüseyn Seyidov: “Belə söhbət yoxdu. Yəqin ki, elə-belə şayiədi. İstəsəydik, indiyə kimi çıxmazdıq. İndiki halda belə hərəkət etmək bizim üçün yaxşı olmaz. Bununla hər şey həll olunmayacaq. Rəhbərliklə bu haqda danışmışıq. İndiki məvacib gecikməsinin əsas səbəbi klubun adının dəyişməsi ilə bağlıdı. Gözləməliyik. VÖEN-lər də dəyişib. Bəzi proseslər var ki, biz onları bilmirik. Bank köçürmələrində gecikmələr olur. Bizə söz veriblərsə, deməli, yalan danışmazlar. Uşaqlar məşqlərdə elə çalışırlar ki, bir-birimizə güzəştə getmirik. Böyük həvəsimiz var. Bu cür fikirlər ağlımızda yoxdu. Lap əvvəllər bu haqda düşünürdük. Amma Zaur müəllim kluba gələndən sonra bu fikirləri başımızdan çıxarmışıq. Onunla dost münasibətindəyik. Özü bizə yaxınlaşıb, problemləri başa salır. Bəzi şeylər var ki, bunlar tam AFFA-ya bağlıdı. İndi ölkədə bütün köçürmələr bank vasitəsilə olur. Əldən-ələ heç nə yoxdu. Əvvəlki dövr deyil ki. Biz də bunu başa düşürük və gözləyirik”.
ŞƏFİ ŞƏFİYEV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR