Sizin reklam burada

“Cəhənnəm”də “sülh”

Baxış Sayı:581

“Cəhənnəm”də “sülh”
“Sumqayıt”ın məşqçisi “Qarabağ”ı udacaqlarını söylədi
17. İnter (Bakı) – Sumqayıt 1:1 (1:0)
1. Orxan Sadıqlı – 5,5
2. Sərtan Taşkın – 5,0
33. Tərlan Quliyev – 4,5
3. Denis Silva – 5,0
27. Adrian Skarlatake – 4,5
22. İlkin Qırtımov – 4,5
10. Elnur Abdullayev – 4,5
(19. Mirhüseyn Seyidov, 85) – qiymətsiz
7. Mirsahib Abbasov – 4,5
(4. Slavik Alxasov, 74) – 4,0
24. Fuad Bayramov – 5,0
(88. Məmməd Quliyev, 44) – 4,0
8. Nizami Hacıyev (k) – 5,0
9. Pərdis Fərcad-Azad – 5,0
Ehtiyat oyunçular
16. Şahin Zəkiyev
6. Samir Zərgərov
20. Aqşin Quluzadə
65. Cabir Əmirli
66. Murad Qayalı
Baş məşqçi: Zaur Svanadze
Komandanın ən yaxşısı: Orxan Sadıqlı

1. Fərhad Vəliyev – 5,5
19. Azər Salahlı – 4,5
14. Bəxtiyar Həsənalızadə - 5,0
3. Vurğun Hüseynov (k) – 4,5
18. Tural Axundov – 5,0
5. Vüqar Bəybalayev – 4,5
(90. Ramil Həsənov, 83) – qiymətsiz.
97. Xəyal Nəcəfov – 4,5
7. Cavid Tağıyev – 5,0
(11. Ehtiram Şahverdiyev, 60) – 4,5
32. Rəşad Eyyubov – 5,0
10. Cavid İmamverdiyev – 5,0
9. Amil Yunanov – 5,0
Ehtiyat oyunçular
23. Mehdi Cənnətov
2. Rail Məlikov
6. Kamal Mirzəyev
13. Bəhlul Mustafazadə
41. Ceyhun Rəcəbli
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Fərhad Vəliyev
Qollar: S.Taşkın, 11 (1:0, N.Hacıyev). R.Eyyubov, 48 (1:1, A.Salahlı).
Vərəqələr: V.Bəybalayev, 76 (qeyri-idman hərəkəti), S.Alxasov, 79 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RAMİL DİNİYEV, İsgəndər Əliyev, Vüsal Qənbərov, Rəhim Həsənov (hamısı Bakı).
Hakim-inspektor: Məlik Həsənov (Bakı).
AFFA nümayəndəsi: Eldəniz Musayev (Bakı).
16 senatyabr. Bakı. İnter Arena. 500 tamaşaçı (5700 yerlik)
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Premyer-liqada 5-ci turun bütün görüşləri paytaxtda reallaşdı. Açılış oyunu “İnter Arena”ya təsadüf etdi. Ardıcıl 2 qələbə qazanan Zaur Svanadzenin yetirmələri mövqeyini yaxşılaşdırmaq üçün uğurlu seriyanı davam etdirməliydi. Paytaxt təmsilçisi heç-heçə ilə də indiki yerini qorumuş olacaqdı. Samir Abasovun komandası isə ən azı rəqibini keçmək üçün qalib gəlməliydi. Yeni mövsümdə heç-heçə etməyən rəqiblərin dueli maraqla gözlənilirdi.
PFL oyunu, demək olar ki, günortaya salmışdı. Matçın start fiti 16.30-da səsləndi. Həmin vaxt “İnter Arena”ya günəş şüaları çökmüşdü, istidən dayanmaq olmurdu. Hətta jurnalistlər media üçün ayrılmış yerdə əyləşə bilmədiyindən, tribunaya – azarkeşlərin yanına keçməyə məcbur oldu. Futbolçuların halını isə təsəvvür belə etmək çətin idi. Meydan sanki od tutub yanırdı. Halbuki matçdan öncə ot örtüyü xeyli sulandı. Amma bu suyun buxarlanması üçün cəmi 7-8 dəqiqə kifayət etdi.
İstiyə baxmayaraq, oyun çox sürətli başladı. Daha doğrusu, qonaqlar ilk dəqiqələrdən vəziyyəti nəzarətə götürüb, erkən qol vurmaq istəyirdi. 2-ci dəqiqədə Yunanovun cərimə meydançasına daxil olaraq uzaq dirək istiqamətində ötürməsinə Tağıyev yetişə bilmədi. Hücumları davam etdirən qonaqlar 5-ci dəqiqədə daha bir fürsəti qaçırdı. Fəallığı ilə seçilən Yunanovun uzaqdan vurduğu zərbəni bu dəfə Orxan ustalıqla dəf etdi. Qapıçının qaytardığı topu İmamverdiyev tora qovuşdursa da, yan xətt hakimi oyundankənar vəziyyət qeydə aldı. Orta sahədə “İnter”ə göz açmağa imkan verməyən “Sumqayıt” təktoxunuşlu ötürmələrlə rəqibi sıxmaqda davam edirdi. Qonaqlar həm mərkəzdən, həm də cinahlardan hücumlar qururdu. 8-ci dəqiqədə künc nöqtəsindən ötürülən topu Həsənalızadə başla qapıya yönəltsə də, zərbəsində azacıq dəqiqlik çatmadı. 11-ci dəqiqədə isə gözlənilməz qol qeydə alındı. Buna qədər mərkəzi belə keçə bilməyən “İnter” hesabı açdı. Yəni “vurmayana vurarlar” prinsipi işə düşdü. Nizaminin yerinə yetirdiyi künc zərbəsindən sonra müdafiəçilərin diqqətindən yayınan Sərtan topu çox rahat qapıdan keçirdi. Qoldan sonra oyunun sürəti müəyyən qədər aşağı düşdü. Bu da çox güman, havanın hərarəti ilə bağlı idi. Düzdü, “Sumqayıt” topa daha çox nəzarət edir, hücumlar qurmağa çalışırdı. Amma gah qeyri-dəqiq ötürmələr, gah da “İnter”in müdafiəçilərinin sayıqlığı buna mane olurdu. 22-ci dəqiqədə Sadıqlı daha bir dəfə xilaskar rolunda səhnəyə çıxdı. O, İmamverdiyevin uzaqdan vurduğu gözəl zərbəni eyni gözəlliklə dəf etdi. Ardınca yerinə yetirilən künc zərbəsindən sonra hücuma qoşulan Həsənalızadə qeyri-dəqiqliklə yadda qaldı. Komandalar üçün növbəti 15 dəqiqə sanki kəşfiyyat xarakteri daşıdı. Hər iki tərəf çoxsaylı ötürmə səhvləri edir, mübarizə meydanın mərkəzində gedirdi. Yenə Abasovun komandası hardasa məntiqli hücumlar qurmağa cəhd edirdi. Amma “İnter”in oyunu haqda ancaq mənfi sözlər demək olar. Nizamidən başqa kimsə ürəkdən qaçmağa belə cəhd etmirdi. 38-ci dəqiqədə “Sumqayıt” daha bir əla fürsəti qaçırdı. İmamverdiyevin qapı qarşısına ötürdüyü topu Tağıyev yaxın məsafədən qapıya göndərməyə çalışsa da, Sadıqlı mükəmməl qurtarışla buna imkan vermədi. Ardınca yaranan əks-hücum zamanı Sərtan qapıçı ilə üzbəüz qalsa da, topu tora qovuşdura bilmədi.
İkinci yarı da “Sumqayıt”ın dominantlığı ilə start götürdü. Abasovun fasilədə komandaya hesabı erkən bərabərləşdirməklə bağlı tapşırığı çox keçmədən yerinə yetirildi. 48-ci dəqiqədə Tağıyevin əla ötürməsindən sonra qapıçı ilə üzbəüz qalan Eyyubov şansını boşa vermədi və tarazlığı bərpa etdi. 6 dəqiqə sonra Rəşad dubl da edə bilərdi. Futbolçu Axundovun cinahdan ötürdüyü topa başla qeyri-dəqiq zərbə endirdi. İlk yarıda olduğu kimi, “sabiq bankirlər” ikinci hissənin ortalarına kimi də dollar qarşısında kursu düşmüş manatı xatırladırdı. Meydandakı 10 nəfər, təbii ki, Orxan Sadıqlını çıxmaq şərti ilə, heç nəyə yaramırdı. Ev sahibləri nəinki normal hücumlar təşkil edir, heç mərkəzi də keçə bilmirdi. “İnter”in qurduğu hücumlar yalnız qonaq futbolçuların fərdi səhvlərindən sonra reallaşırdı. 64-cü dəqiqədə oxşar hal yaşandı. Nəticədə Nizami topu ələ keçirərək, sürətlə irəlilədi və Pərdisi qapıçı ilə üzbəüz qoydu. Lakin Fərhad çıxışda inamlı oynayaraq hücumçunun fərqlənməsinə imkan vermədi. Sona 20 dəqiqə qalmış “Sumqayıt” da sürəti aşağı salmağa çalışırdı. Komanda daha az hücum edir, həmlələr effektli alınmırdı. Bundan yararlanan “İnter” qismən fəallaşdı. 75-ci dəqiqədə Nizami uzaqdan qüvvətli zərbə ilə Fərhadın sayıqlığını yoxlamağa çalışdı. Lakin zərbəsində dəqiqlik çatmadı. 5 dəqiqə sonra Pərdisdən əla ötürmə alan kapitan yenə diqqət mərkəzinə düşdü. Lakin bu dəfə onun zərbəsini Vəliyev əla qurtarışla dəf etdi. Son dəqiqələri qarşılıqlı hücumlar şəraitində keçən matçın 82-ci dəqiqəsində Eyyubovun uzaqdan zərbəsindən sonra da top cüzi fərqlə qapıdan aralı keçdi. Ardınca İmamverdiyevin qapı qarışısına ötürməsindən sonra ikinci yarıda meydana çıxan Həsənovun zərbəsini Sadıqlı dəf etdi. Oyunda son təhlükəli vəziyyət “İnter”dən gəldi. 4-cü uzatma dəqiqəsində qısa ötürmələrlə rəqibin cərimə meydançasına yaxınlaşan bakılılardan Pərdis əla zərbə ilə yadda qaldı. Lakin hücumçunun cəhdindən sonra top qapı çatına dəydi. Beləliklə, cəhənnəm istisində oynanılan matçda qalib müəyyənləşmədi.
ŞƏFİ ŞƏFİYEV

Gözdən qaçmadı
• Oyunda 30-a yaxın “Sumqayıt” tərəfdarı da iştirak edirdi. Qonaq futbolçular həm matçdan öncə, həm də sonra azarkeşlərinin yanına getdi, onları alqışladı.
• Matçı izləyənlər arasında “İnter”in sabiq prezidenti Rəşad Qasımov da var idi. Azarkeşlər Qasımovu görüncə “ən böyük başqan, bizim başqan” şüarını səsləndirdi. Rəşad bəy isə fanatları alqışladı.
• Oyudan sonra “Sumqayıt”ın prezidenti Kamran Quliyevlə Rəşad Qasımov arasında dialoq yaşandı. Rəşad bəy qonaqların heç də yaxşı oynamadığını söylədi. Quliyev isə futbolçuların cəmi 5 oyundu birlikdə oynadığını, zaman keçdikcə oyunun oturuşacağını söylədi.
• “Sumqayıt”ın qapıçılar üzrə məşqçisi Etibar Tarverdiyev avtobusa minərkən üzünü jurnalistlərə tutaraq “gələn tur “Qarabağ”ı udarıq, narahat olmayın” deyərək, gülümsədi.
• Havanın isti olmasına görə Ramil Diniyev 30-cu və 70-ci dəqiqədə su fasiləsi verdi.

Reaksiyalar
Samir Abasov: “Xeyli qol vəziyyətimiz olsa da, sönük oyun keçdi. Günəşin istisinə oyun salan adam fikirləşməldi ki, meydanda 22 nəfər oynayır. İsti olduğu üçün futbolçulara irad bildirməyə də utanırdım. Qol vurmaq üçün xeyli imkanımız olsa da, yararlana bilmədik və “İnter” həmişəki taktikasından istifadə edib fərqləndi. Heç-heçə ilə razı olsaq da, qələbə qazana biləcəyimiz oyun idi. Oyunun hansısa başqa saata keçirilməsi ilə bağlı PFL-ə müraciət etməmişdik. Bu, ev sahibinin öhdəsinə düşən məsələdi. Hava normal futbol oynamağımıza imkan vermədi. Sadəcə, həddən artıq hücuma atıldıq, qol vurmaq istədik. Tural Axundov bir qədər çox irəli getdiyi üçün mərkəz müdafiəçilərimizdən biri o mövqeni bağlamalıydı. Ümumiyyətlə, hansısa mövqenin zəif çıxış etməsindən narazı deyiləm. Ən böyük problemimiz qol imkanlarından yararlana bilməməkdi”.
Zaur Svanadze: “Oyunun nəticəsini ədalətli sayıram. İlk hissəyə yaxşı başlamasaq da, fasilədən sonra oyunumuzu düzəltdik. Hətta matçın sonuna yaxın hesabda önə keçmək imkanımız da oldu. Ancaq bu istidə keyfiyyətli futbol sərgiləmək mümkün deyil. Özünüz də gördüz ki, bəzi futbolçular meydanda sərilib qalmışdı. Bizə deyirlər ki, vaxtı yayınçı telekanal müəyyənləşdirir. Başqa heç nə bilmirəm. İşıqlandırma sistemindəki problemə görə matçın erkən başlaması haqda heç nə deyə bilmərəm. Mübahisə etmək niyyətində deyiləm. Mən heç nə bilmirəm”.
Pərdis Fərcad-Azad: “Saat 16.30-a oyun təyin ediblər. Belə şey olmaz. Havanın hərarətini niyə nəzərə almırlar? Bu cür istidə futbol oynamaq olmaz axı. Deyirsiz matç haqda danışaq. Nə danışaq? İstidə qaçmaq olmur, istədiyin kimi oynaya bilmirsən. Qış deyil ki, hələ yayla vidalaşmamışıq və havanın isti olacağını əvvəlcədən hamı bilirdi. Vallah, belə havada futbol oynamaq olmur. Ayaqlarımın altına baxmaq kifayətdi ki, səhhətimə necə təsir etdiyini biləsiz. Ayağımın altı yanıb, qıpqırmızıdı. Biz peşəkarıq və peşəkar liqada çıxış edirik. İndiyədək belə istidə, özü də bü cür meydanda oyun keçirildiyini görməmişdim. Bilmirəm, bəziləri deyir stadionun işıqlandırma sistemi ilə bağlıdı. Amma projektorlar işləyir. Başqa hansı səbəb ola bilər? Yayını həyata keçirən “CBC Sport”a görə də oyun tez başlaya bilər. İşıqları yandırmağa icazə verilməməsi ilə bağlı bir söz deyə bilmərəm. Ancaq belə temperaturda süni meydanda futbol oynamazlar. Zəif çıxışımızı havanın isti olması ilə əlaqələndirməzdim. Çünki “Sumqayıt” da eyni şəraitdə oynayırdı. Rəqibimiz yaxşı komandadı, xoşuma gəldilər. Samir Abasov yaxşı kollektiv formalaşdırıb. Birinci hissədə nisbətən zəif çıxış etdik, amma ikinci yarıda rəqibdən üstün oynadıq. Qaçırdığımız epizodlar oldu. Real qol epizodu bizdə daha çox oldu. Ola bilsin, onlar də çox imkan qaçırıblar, amma bizdə 2-3 dəfə çox idi. Heç-heçəni ədalətli nəticə saymaq olar. Bəzi epizodlarda etirazım hakimlərə idi. Arxadan itələyirdilər, ancaq hakim cərimə təyin etmirdi. Həm də keçmiş komandam olduğuna görə qalib gəlmək istəyirdim. Oyundan sonra baş məşqçi normal oynadığımızı, sadəcə, bir qədər “artırmaq” lazım olduğunu dedi”.
Vurğun Hüseynov: “Biz 2 gün əvvəl oyunun başlama vaxtını öyrəndik. Baş məşqçimiz məşqlərimizi saat 5-ə təyin etdi. Təbii ki, bü cür isti havada oynamaq çox çətin idi. Ayağımız da, başımız da işləyirdi. Amma çox çətin idi bu saatda oynamaq. Matçın vaxtını PFL təyin edir. Bizim də borcumuz deyilən vaxtda meydana çıxmaq, işimizi görməkdi. Həkimlər nəzarət edirdi. Üstəlik, baş hakim su fasiləsi verdi. İkinci hissədə günəş yavaş-yavaş batdı. Oynamaq bir az asan oldu. “Zirə” ilə oyun istisna olmaqla, qalan qarşılaşmaların ilk 25-30 dəqiqəsində kifayət qədər qol vəziyyəti yarada bilirik, amma reallaşdırmaqda çətinlik çəkirik. Halbuki həmin epizodlarla oyunun taleyini həll edə bilərdik. Baş məşqçimizi də narahat edən məqamlardan biri budu. Məşqlərdə bunun üzərində çalışırıq. Demək olar, hər oyunda qol vururuq. Amil, Cavidlər, Rəşad rəqib qapısına yol tapır. Yüksək səviyyəli futbolçu transfer etmək üçün büdcəmiz artırılmalıdı. Ancaq hazırki heyətimiz də pis futbolçulardan qurulmayıb. Büdcənin artırılması hamımız üçün yaxşı olar. “Qarabağ” bu gün Çempionlar Liqasında çıxış edir. Onları təbrik edirik. Gücləri hamıya bəllidi. Öz meydanımızda oynayacağıq. Çalışacağıq ki, yaxşı mübarizə aparaq və stadiona gələn azarkeşlərimizi sevindirək”.
ŞƏFİ ŞƏFİYEV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR