Sizin reklam burada

"Kəpəz"dən başqa hamı qol vurdu

Baxış Sayı:662

"Kəpəz"dən başqa hamı qol vurdu
Premyer-liqanın 5-ci turunda bir-birindən maraqlı və prinsipial qarşılaşmalar baş tutdu. 8 komandadan yalnız "Kəpəz" qol vura bilmədi. Tur Tərlan Əhmədovun "Neftçi"yə dönüşü ilə əlamətdar oldu.
Açılış oyunu "İnter Arena"da gerçəkləşdi. Əslində turnir cədvəli baxımından matçın önəmi böyük idi. Hərçənd qarşılaşma elə saatda başladı ki, isti hava futbol üçün heç də uyğun deyildi. Bununla belə, azarkeşlər maraqlı mübarizəyə şahidlik etdi. Eyni xala malik komandaların duelində qalib müəyyənləşmədi. "Sumqayıt" səfərdə qazanılan xala sevindisə, "İnter" ardıcıl 3-cü oyunda məğlub olmur. Onu da qeyd edək ki, Zaur Svanadzenin komandası bu görüşlərdən ikisində qalib gəlib.
Şənbə günü baş tutan 2-ci qarşılaşma isə daha böyük diqqət mərkəzində idi. Tərlan Əhmədovun debütünün "Neftçi" üçün uğurlu olub-olmayacağı maraq doğururdu. Ancaq köhnə-yeni çalışdırıcı da "ağ-qaralar"a mövsümdə ilk qələbəsini qazandıra bilmədi. Düzdü, paytaxt klubunun oyununda nisbətən canlanma nəzərə çarpdı. Ancaq vəziyyət heç də tezliklə düzələnə oxşamır. Yeri gəlmişkən, cari mönsümdə "Neftçi"nin futbolçularından ilk dəfə biri fərqləndi. Bu, Hüqo Barqas oldu. Geridə qalan turlarda komandanın hesabında olan yeganə qolu "Qarabağ"la görüşdə Rahid Əmirquliyev öz qapısına vurmuşdu. "Zirə" isə öz yoluna davam edir. Ayxan Abbasovun komandası "Neftçi" ilə premyer-liqa çərçivəsindəki duellərdə uğurlu seriyanı davam etdirməklə yanaşı, zirvəyə elə-belə "oturmadığını" da bir daha göstərdi.
Dünənki qarşılaşmalara gəlincə, ilk oyun mərkəzi arenada reallaşdı. Həftəiçi Çempionlar Liqasının oyununda "Çelsi"yə böyük hesabla məğlub olan (0:6) "Qarabağ"ın "Kəpəz"ə güzəşt etməyəcəyi birmənalı idi. Bundan başqa, Tofiq Bəhramov adına Respublika stadionu da cari mövsüm ilk dəfə premyer-liqa matçına "qucaq açdı". Gözlənilən oldu və "köhlən atlar" 2 cavabsız qolla qalib gəldi. Maraqlıdı ki, oyunda ilk qolun müəllifi Coşqun Diniyev atasının və qardaşının komandasını cəzalandırdı. Təbii, Dani Kintananın dönüşünü qolla qeyd etməsi də "Qarabağ"ın azarkeşlərini sevindirdi. "Neftçi" kimi 1 xal toplayan "Kəpəz" turnir cədvəlinin sonuncusudu.
Turun son oyunu isə məhsuldar alındı. "Qəbələ" "Səbail"lə oyunda xal itkisinə imkan vermədi. "Qırmızı-qaralar"ın bu qələbə ilə zirvədən çox da aralı qalmayacağı aydın oldu. Ən azı növbəti tura kimi.
Topaz premyer-liqası
1-ci dövrə, 5-ci tur
16 sentyabr
İnter - Sumqayıt 1:1
Neftçi - Zirə 1:2
17 sentyabr
Qarabağ - Kəpəz 2:0
Səbail - Qəbələ 1:3
1. Zirə 5 4 1 0 11-4 13
2. Qarabağ 4 4 0 0 8-2 12
3. Qəbələ 5 3 1 1 8-5 10
4. İnter 5 2 1 2 6-6 7
5. Sumqayıt 5 2 1 2 5-6 7
6. Səbail 4 1 0 3 3-6 3
7. Neftçi 5 0 1 4 2-7 1
8. Kəpəz 5 0 1 4 3-10 1
Bombardirlər: Mahir Mədətov (Qarabağ), Vüsal İsgəndərli, Riçard Qadze (Zirə) - 3.
Növbəti turun oyunları: 22 sentyabr - Sumqayıt - Qarabağ; 23 sentyabr - Zirə - İnter, Kəpəz - Səbail; 24 sentyabr - Qəbələ - Neftçi.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR