Sizin reklam burada

“Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı

Baxış Sayı:507

“Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı
Çempionlar Liqasının 2-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Roma” oyununa maraq böyükdü. Artıq 40 mindən çox biletin satılması hər şeyi deyir. Sentyabrın 27-nə qədər kifayət qədər vaxt var və əksəriyyət Olimpiya stadionunda rekord tamaşaçı sayı gözləyir. Qeyd edək ki, ölkənin ən nəhəng arenasında indiyə qədər ən çox azarkeş Azərbaycan – İtaliya matçında (1:3) qeydə alınıb. AÇ-2016-nın seçmə mərhələsinin həmin oyununu tribunadan 48 min tamaşaçı izləmişdi. Bir sözlə, hadisələrin axarı yeni rekorddan xəbər verir.
Bu arada “skayboks”lardan da oyunu izləmək istəyənlər var. Nəzərə alaq ki, Olimpiya stadionunda 64 böyük, 80 kiçik “skayboks” var. Maraqlıdı ki, biletlərdən fərqli olaraq, həmin yerlərə qiymətlər açıqlanmır. Yalnız zəng edib, sifariş vermək mümkündü. Əldə etdiyimiz bilgiyə görə, böyük “skayboks”ların qiyməti 5 min manatdı. Hansı ki, tutumu 20 nəfərlikdi. Bunlardan artıq 7-si sifariş olunub. Təbii, “skayboks”larda qulluq da tam fərqli olur. Bütün bunlarla bağlı “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla danışdıq: “Bilirsiz ki, satışla “i Ticket” şirkəti məşğul olur. Qiymət və ordakı qulluq haqda həmin şirkətdən daha dolğun məlumat ala bilərsiz. Biz ümumi şəkildə onlara satmışıq, ayrı-ayrı “skayboks”ların qiymətlərini isə özləri tənzimləyir. Bildiyimə görə, alkoqolsuz yeməklər təklif olunur. Lakin sizə daha dəqiq informasiyanı “i Ticket” şirkəti verə bilər”.
Belə də etdik. “Skayboks”larla bağlı ətraflı bilgi əldə etmək üçün adı çəkilən şirkətin qeyd olunan nömrəsinə zəng etdik. Lakin həmin nömrəyə günün ilk yarısında zəng çatmadısa, daha sonra cavab verən olmadı. Görəsən, alıcılar bu cür durumla üzləşəndə problemlərini necə həll edir? Çox maraqlıdı...
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR