Sizin reklam burada

“Neftçi”nin azarkeşi vəfat etdi

Baxış Sayı:708

“Neftçi”nin azarkeşi vəfat etdi
Tahir Süleymanov: “Neftçi" ruhu qayıdacaq və sizlərin ruhunuzu sevindirəcək”
Futbol dünyanın bir nömrəli idman növüdü. Bu idman növünü seməyən, demək olar ki, yoxdu. Hətta bəziləri üçün futbol həyatdan da artıqdı. Futbol dostluq, emosiya, ehtiras, sevinc və kədər deməkdi. Bu elə bir idman növüdü ki, burda itkilər hər zaman çox böyük kədərlə qarşılanır. Top itkisi, futbolçu itkisi və azarkeş itkisi…
Son vaxtlar heç də yaxşı günlərini yaşamayan “Neftçi” ailəsi itki verib. Belə ki, srağagün “ağ-qaralar”ın məşhur fanatlarından Müsəllim Həsənov dünyasını dəyişib. Bəli, futbolun bəzəyi azarkeşdi. Onlarsız bu oyunu təsəvvür belə etmək mümkün deyil. Vətənimizdə futbolun inkişafdan geri qalmasının, populyar olmamasının səbəblərindən biri, bəlkə də birincisi azarkeş marağının azlığıdı. İstər millimizin, istərsə də klublarımızın oyunlarına kifayət qədər azarkeş gəlmir. Tribunalar boş qalır. Amma azarkeş sayı yox səviyyəsində də deyil. Həm millinin, həm də klubların müəyyən azarkeş kütləsi var ki, onlar daim – qarda, yağışda, 40 dərəcə istidə sevimli komandalarının yanında olurlar. Fanatlar bunu özlərinə borc bilirlər. “Neftçi”li Müsəllim kimi tanınan belə şəxslərdən biri də məhz Həsənov idi. Müsəllim uzun müddət idi ağır xəstəlikdən əziyyət çəkirdi. O, bu səbəbdən sevdiyi komandasının son oyunlarına gələ bilmirdi. Müsəllim üçün bir sıra futbol adamları maddi dəstək də vermişdilər. Lakin amansız “xərçəng” ondan əl çəkmədi və fanat gənc yaşında vəfat etdi.
“Neftçi” cameəsi bu itkiyə çox üzülüb. Hər kəs sosial şəbəkələrdə Müsəllimi anır. Paytaxt klubunun sabiq vitse-prezidenti Tahir Süleymanov da başsağlığı verib. O özünün rəsmi “feysbuk” səhifəsində bunları yazıb: “İstənilən insanın dünyasını dəyişməsi bu dünyada bir kədərdi, üzüntüdü. Gənclərin ölüm xəbəri daha təsirlidi. "Neftçi" futbol ailəsinin üzvü Müsəllim bəyi itirdik. Haqq dünyasına qovuşdu. Bir şəkildə əlində "Neftçi"nin qazandığı kubok, digərində tənha tribuna. "Neftçi"nin nə vaxt dirçələcəyi ilə dolu baxışlar. Rahat ol, qardaşım, "Neftçi" mütləq dirçələcək. "Neftçi" ruhu qayıdacaq və sizlərin ruhunuzu sevindirəcək. Mütləq sevindirəcək! Allah rəhmət eləsin, o dünyasını versin”.
Müsəllimin vəfatı, dəfni ilə bağlı ətraflı məlumat almaq üçün “Forza Neftçi”nin rəhbəri Sübhan Əliyevlə əlaqə saxladıq: “O, 6 ildən çox idi bizimləydi. Hər zaman oyunlara gəlirdi. Öndə gedən uşaqlardan idi. Sonra ayaqları tutuldu. Oyunlara gələ bilmirdi. Biz dəfələrlə onun yanına getdik. Lakin özü gəlməyimizi istəmirdi. Utanırdı. Deyirdi ki, mən tribunada olmaq istəyirəm, “Neftçi”ni meydandan izləmək üçün ürəyim yanır. O hər zaman bizim ürəyimizdə olacaq. Üstündən illər keçsə də, onu unuda bilmərik. Müsəllimin müalicəsinə böyük pullar lazım idi. Bir biz neçə dəfə çağırışlar etdik. Mətbuat da yazdı, biz də tribunada pankart açdıq. Amma o qədər pulu tapmaq mümkün olmadı. Müsəllimin anası da 2-3 ay əvvəl rəhmətə getmişdi. Bəzi futbolçular ona kömək edib. Bizim tanıdığımız oyunçulardan Ruslan Abışov yanına getmişdi. Kömək etmişdi. Dəfn mərasimi bu gün (dünən) olmalıydı. Lakin qardaşı Ukraynadan hələ gələ bilməyib. Bu üzdən sabaha (bu günə) təxirə salındı. Biz də orda olacağıq. Ruslan Abışov, Mirhüseyn Seyidov da zəng edib, dəfn mərasimində iştirak etmək istəyirlər. Çalışacağıq ki, mərasim normal keçsin. Sağ olsun, digər klubların azarkeşləri də Müsəllimi xatırladı. Hər yerdə paylaşırlar, başsağlığı verirlər. Hamıya təşəkkür edirəm”.
ŞƏFİ ŞƏFİYEV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR