Sizin reklam burada

Kamran yenə ehtiyatda qaldı

Baxış Sayı:717

Kamran yenə ehtiyatda qaldı
Çexiya çempionatının 7-ci turu çərçivəsində “Mlada Boleslav” səfərdə “Slovatsko” ilə qarşılaşıb. Kamran Ağayevin şərəfini qoruduğu komanda minimalhesablı qələbə qazanıb (1:0). Yığmanın qapıçısı qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib. Startdan bu yana 7 xal toplayan "Mlada Boleslav" hazırda 10-cu pillədədi.
“Samsunspor” Türkiyə 1-ci liqasında 5-ci tur çərçivəsində doğma meydanda “Altınordu” ilə qarşılaşıb. Ufuk Budakın formasını geydiyi Samsun təmsilçisi məğlubiyyət (1:4) acısı yaşayıb. Start heyətində yer alan Ufuk matçın sonunadək meydanda olub. “Samsunspor” 4 turdan sonra 5 xalla 9-cu pillədədi.
Rusiyanın 1-ci divizionunda 14-cü turun oyunları keçirilib. Samir Məsimovun formasını geydiyi “Fakel” səfərdə “Kuban Krasnodar”la üz-üzə gəlib. Məsimovun komandası bu oyunda heç-heçə edib (2:2). Samirin adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib. "Fakel" hazırda 17-ci pillədədi.
Əsas millinin üzvü Dəniz Yılmaz və U-21-in futbolçusu Ozancan Kökcünün şərəfini qoruduğu “Bursaspor” Türkiyə superliqasının 5-ci turunda səfərdə “Malatyaspor”la üz-üzə gəlib. "Timsahlar" evə 3 xalla dönüb (4:2). Dəniz bu görüşün 89-cu dəqiqəsində meydana çıxıb. Ozanın adı isə matçın iştirak ərizəsinə salınmayıb. "Bursaspor" indiyədək topladığı 9 xalla 18 iştirakçı arasında altıncıdı.
"Ayntraxt"ın U-19-u gənclər arasında təşkil olunan bundesliqanın cənub zonasında növbəti matçına çıxıb. Əsas yığmanın oyunçusu Renat Dadaşovun və U-19 millimizin üzvü Murad Mahmudovun formasını geydiyi Frankfurt təmsilçisi doğma meydanda “Qröyter”lə qarşılaşıb. Hər iki tərəfin bir dəfə fərqləndiyi oyunda qalib müəyyənləşməyib (1:1). Əvvəlki turlarda qırmızı vərəqə aldığına görə cəzalı olan Dadaşov bu oyunda iştirak etməyib. Mahmudov isə 84-cü dəqiqədə meydana çıxıb. Ehtiyatda bir matçı olan futbolçularımızın komandası hazırda 7 xalla 7-ci pillədədi.
Ukrayna çempionatının 9-cu turunda "Aleksandriya" doğma meydanda “Stal”la qarşılaşıb. Pavel Paşayevin şərəfini qoruduğu komanda evdə böyükhesablı (4:1) qələbə qazanıb. Sabiq komamdasına qarşı matçda start heyətində meydana çıxan futbolçumuz 28-ci dəqiqədə əvəzlənib və komandası mövsümdə ilk dəfə qalib gəlib. "Aleksandriya" geridə qalan turlarda topladığı 7 xalla 9-cu pillədədi.
Almaniyanın 2-ci bundesliqasında da növbəti - 6-cı turun oyunları baş tutub. Tuğrul Eratın şərəfini qoruduğu "Duysburq" doğma meydanda "Nürnberq"lə münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri biabırçı məğlubiyyətə üzülüb -1:6. Erat start heyətində yer alıb və matçı əvəzlənmədən keçirib. Hazırda "Duysburq" 7 xalla turnir cədvəlində 11-ci yerdədi.
Portuqaliyanın ikinci liqasının 7-ci turunda Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası səfərdə “Akademika” ilə qarşılaşıb. Nəsirovun komandası bu oyunda məğlub olub (2:4). Həmyerlimiz də matçın iştirakçısı olub. O, 58-ci dəqiqədə meydana çıxıb. "Sportinq" hazırda 10 xalla 7-ci yerdədi.
İspaniya sequndasında 5-ci tur çərçivəsində Eddi İsrafilovun formasını geydiyi "Ximnastik" doğma meydanda “Albasete” ilə qarşılaşıb. Yığma üzvünün komandası bu oyundan qələbə ilə ayrılıb (3:1). Eddinin adı, ümumiyyətlə, matçın iştirak ərizəsinə daxil edilməyib. İlk qələbəsini qazanan "Ximnastik" 5 oyuna cəmi 4 xal toplayıb və hazırda 20-ci pillədə qərarlaşıb.
Fərid Nəbiyev “Slaviya”da növbəti matçına çıxıb. O, bu dəfə klubun U-19 komandasının yarışdığı ölkə birinciliyində forma geyib. 19 yaşlıların çempionatında 6-cı tur çərçivəsində doğma meydanda “Banik Ostrava” ilə qarşılaşan Praqa təmsilçisi 1:0 hesabıyla qalib gəlib. Fərid start heyətində meydana çıxıb və sonadək oynayıb. Komandasının yeganə qolunun ötürməsini də 85-ci dəqiqədə Fərid verib. Qeyd edək ki, Fərid daha öncə “Slaviya”nın U-21 komandası ilə oyuna çıxsa da, sözügedən kollektivin dünən səfərdə “Dukla” üzərində qazandığı 6:1 hesablı qələbəsinin iştirakçısı olmayıb.
Almaniyanın şimal-şərq regional liqasında 7-ci turda yığmanın sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Dinamo” (Berlin) növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə lider “Enerji Kotbus”la qarşılaşıb. Futbolçumuzun komandası itkisiz irəliləyən bu rəqibə məğlub olub - 1:3. Rüfət də bu oyunun iştirakçısı olub, özü də komandasının yeganə qolunu 49-cu dəqiqədə məhz o vurub. "Dinamo" hazırda 13 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR