Sizin reklam burada

“Şahdağ” İlham Əliyevə müraciət etdi

Baxış Sayı:697

“Şahdağ” İlham Əliyevə müraciət etdi
AFFA və PFL-in birgə komissiyasının ötən həftə keçirilən iclasında yeni mövsümdə birinci divizionda iştirak etmək niyyətində olan klubların müraciətinə baxıldığını ötən sayımızda xəbər vermişdik. Onu da bildirmişdik ki, aşağı dəstədə çıxış etmək istəyində olan 16 klubdan yalnız 10-nun qarşısında “yaşıl işıq yandırlıb”, 6-sı isə kənarda qalıb. Çempionata buraxılmayan klublardan biri də “Şahdağ”dı. AFFA və PFL-in məlum qərarı ilə barışmyan Qusar klubunun rəhbərliyi haqsızlıqla üzləşdiklərini düşünərək ölkə başçısına müraciət ünvanlayıb. Həmin müraciətlə sizləri də tanış edirik.
Hörmətli cənab Prezident!
Nəzərəinizə çatdırırıq ki, “Şahdağ” Futbol Klubu 1958-ci ildə yaranıb və həmin vaxtdan bəri respublikanın idman həyatında fəal iştirak edib. “Şahdağ”ın yetirmələri ölkənin aparıcı klublarının və müxtəlif yaş qrupu üzrə yığmalarının şərəfini qoruyub, beynəlxalq yarışlarda respublikamızı layiqincə təmsil ediblər və edirlər də. 2007-ci ilədək ölkə çempionatının güclülər dəstəsində çıxış edən klub sonradan aşağı dəstəyə yuvarlansa da, bu ənənə yenə də davam edir. Təkcə bir fakti xatırladırıq ki, cari avrokubok mövsümündə Azərbaycanı Çempionlar Liqasının qrup mərhələsində təmsil edən, hamımızın fəxrinə çevrilən “Qarabağ”ın heyətində “Şahdağ” Futbol Klubunun üç yetirməsi – Rahid Əmirquliyev, Şahruddin Məhəmmədəliyev və Arif Daşdəmirov çıxış edir. Bütün bunları Sizin diqqətinizə çatdırmaqda məqsədimiz “Şahdağ” Futbol Klubunun uzun illər ərzində necə səmərəli işlər gördüyünü bildirmək, dünya ictimaiyyətinin idman ölkəsi kimi tanıdığı Azərbaycanın idman uğurlarına az da olsa, töhfə verdiyini göstərməkdir. Təəssüf ki, bütün bunlara baxmayaraq, AFFA və PFL-in birgə komissiyası müəyyən mülahizələrə əsaslanaraq, 2017/18 mövsümündə “Şahdağ”ın birinci dəstədə çıxış etməsinə icazə verməyib. Halbuki “Şahdağ” Futbol Klubu komissiyanın tələb etdiyi bütün şərtləri yerinə yetirib. Tələb olunan sənədlər AFFA və PFL-in birgə komissiyasına təqdim olunub. Yeni mövsümdə çempionatda layiqincə mübarizə aparmaq üçün komanda fasilədə dönəmində yüksək səviyyədə təlim-məşq toplanışı keçib, kollektivə yeni geyim dəstləri alınıb, yeni inventarlarla təmin olunub. Rəhbərlik komandanın uzun fasilədən sonra yenidən elitaya yüksəlməsi üçün maksimum əmək sərf etmişdi. Lakin çempionatın startına sayılı günlər qalmış klubu birinciliyə buraxmaqdan imtina etdilər.
Hörmətli cənab Prezident!
Qusar əhalisi Azərbaycanın çiçəklənməsi, inkişafı naminə daim əlində gələni edir, Sizin yürütdüyünüz məqsədyönlü siyasəti dəstəkləyir. Məhz Sizin sayənizdə Qusar bu gün ölkənin ən inkişaf etmiş bölgələrindən birinə çevrilib, əhalinin rifah halı yüksəlib. Sizin göstərişiniz əsasında bölgədə turizm inkişaf edib. Bu gün minlərlə əcnəbi Qusara üz tutur, burda dincəlir, tariximizlə tanış olur. Rayonumuza gələn əcnəbilər Azərbaycanda azsaylı xalqlara necə xoş münasibət göstərildiyinə məhz Qusarda şahid olurlar. Sizin Qusara və ləzgilərə belə diqqət və qayğınız qarşılığında rayonun futbol klubunun ölkə çempionatına buraxılmaması bir qədər absurd görünür. Qusarda futbola həmişə maraq olub. Yaşından və ictimai statusundan asılı olmayaraq, azarkeşlər daim komandanın çıxışını yaxından izləyib, tribunalarda anşlaq yaşanıb. Təəssüf ki, AFFA və PFL rəhbərliyinin bu qərarı Qusar əhalisini, futbolsevərləri, futbola könül verən minlərlə ləzgini bu sevincdən məhrum edir. Rayonumuz sərhədyanı zona sayıldığından dövlətçiliyimizin əleyhinə olan, Azərbaycanın suverenliyini qəbul etməyən qara qüvvələr daim çalışıblar ki, Qusarda təxribatlar törətsinlər, gənclərimizi zərərli vərdişlərə öyrətsinlər. Dini ekstremistlər cavanların beynini zəhərləməyə, islam dini altında pərdələnən, ancaq dinimizin adına xələl gətirən terror təşkilatlarına cəlb etməyə çalışırlar. Düzdür, Azərbaycanın hüquq-mühafizə orqanları, dövlətçiliyimizin keşiyində dayanan qurumlar daim bunun qarşısını alıblar və gələcəkdə də alacaqlar. Ancaq futbolun bu mübarizədə təsir qüvvəsi daha güclüdür. Rahidin, Şahruddinin, Arifin uğurları onları da ruhlandırır, gələcəyini futbolla bağlamağa həvəsləndirir.
Hörmətli cənab prezident!
Ümid edirik ki, Sizə bu müraciətimiz cavabsız qalmayacaq. “Şahdağ” Futbol Klubunun tarixi ənənələrini, ölkə futboluna bəxş etdiyi oyunçuları və bölgədə tək komanda olduğunu nəzərə alıb, aiddiyatı qurumlara Qusar klubuna xüsusi diqqətlə yanaşmağı tövsiyə edəcəksiz.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR