Sizin reklam burada

Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı

Baxış Sayı:1 021

Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı
“PFL prezidenti bizimlə söhbət zamanı hələ məsələyə nöqtə qoyulmadığını bildirdi”
Bu yay yenidən fəaliyyətini bərpa edərək birinci divizonda işrirak etmək niyyətində olan “Göyçə”nin müraciəti AFFA və PFL-in birgə komissiyası tərəfindən müsbət qarşılanmadı. Ötən sayımızda bu haqda məlumat vermişdik. Onu da bildirmişdik ki, etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, komissiya yeni yaranmış klubun heyətində adı oyun alğı-satqısında hallanan futbolçuların olduğunu əsas gətirərək belə qərar verib. Dünən eyni mənbədən məsələ ilə bağlı daha bir məlumat əldə etdik. “Göyçə”nin iki təcrübəli futbolçusu – Saşa Yunusoğlu və Ramazan Abbasov ötən cümə PFL prezidenti Ramin Musayevin qəbulunda olub. Onlar çempionatın təşkilinə cavabdehlik daşıyan qurumun rəhbəri ilə görüşdə son olaylara aydınlıq gətirməyə çalışıblar. Orda nələrin müzakirə olunduğunu öyrənmək və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün Ramazan Abbasovu aradıq. Vaxtilə ölkənin aparıcı klublarının və millinin şərəfini qoruyan yarımmüdafiəçi üzləşdikləri duruma görə narahat olduqlarını, qərardan narazı qaldığını bildirdi.
- Mövsümlərarası fasilədə anlaşdığın “Göyçə” AFFA və PFL-in qərarı ilə birinci dəstəyə buraxılmadı. Buna münasibətini bilmək istərdik.
- Qərar açıqlananda çox məyus olduq. Çünki “Göyçə”nin heyətində vaxtilə eliya təcrübəsi olan, ölkənin əsas komandası ilə yanaşı, müxtəlif yaş qrupu üzrə yığmaların şərəfini qoruyan futbolçular yer almışdı. Düşərgədə olan bəzi gənclər isə ölkə futbolunun gələcəyi sayılırdı. Ancaq nədənsə komandanın aşağı dəstədə çıxşına yasaq qoydular. Heş şübhəsiz, komandanın hər bir üzvi kimi mən də buna görə təəssüflənirəm.
- Yayılan söz-söhbətə görə, komandanın birinci diviziona buraxılmamasına səbəb heyətdə yer alan bəzi futbolçuların, o cümlədən sən və Saşa Yunisoğlunun adının oyun alğı-satqısında hallanması olub. PFL rəhbərliyi klub rəsmiləri qarşısında şərt qoyub ki, sizləri düşərgədən uzaqlaşdırsın və bundan sonra klubun divizonda iştirakı müzakirəyə çıxarılsın. Sən və Saşa da ötən həftənin son iş günü bununla bağlı Ramin Musayevlə görüşmüsüz. Söylənilənlər və Musayevlə görüşünüz barədə məlumat verməyini istərdik.
- Çox gülünc və əsası olamayan söz-söhbətdi. Əvvəlcə onu bildirim ki, biz oyun satan olsaydıq, ötən mövsüm “Səbail”in heyətində çıxış etməzdik. Bu komandanı elitaya çıxaran məhz biz olmuşuq. Ancaq komandaya yeni baş məşqçi təyin olunduqdan sonra biz arxa plana keçdik. Görünür, yeni baş məşqçinin oyun planına uyğun gəlmədik. Yayda başqa klublardan da təkliflər var idi. Sadəcə, “Göyçə”nin gələcəklə bağlı böyük planlarını nəzərə alıb təklifi dəyərləndirdim. Başqa nə etməliydim? “Göyçə” bizə normal şərtlərlə təklif göndərdi. Mən və məni kimi başqa təcrübəli futbolçular təklifi qəbul edərək müqavilə imzaladıq. Buna görə də peşman deyilik. Klub rəhbərliyi birinci divizion üçün yüksək, hətta deyərdim ki, elita səviyyəsinə uyğun müqavilə şərtləri irəli sürmüşdü. Məhz buna görə komandada yüksək rəqabətə davamlı kollektiv bir araya gəlmişdi. Açığı, son illər aşağı dəstədə belə güclü komandanın formalaşdığını görməmişdim.
- Əsas suala cavab vermədin...
- Musayevlə görüşümüzə gəlincə, bəli, mən və Saşa cümə günü Ramin müəllimin qəbulunda olduq və söylənilənlərlə bağlı fikir mübadiləsi apardıq. O bizimlə bağlı heç bir problemin olmadığını, ancaq düşərgədə olan bəzi şəxslər haqda xoşagəlməz informasiyanın olduğunu bildirdi. Və komandanın bu üzdən çempionata buraxılmadığını söylədi.
- Bəs sizin reaksiyanız necə oldu?
- Necə olacaq? Biz futbolçuyuq, işimiz də meydana çıxıb futbol oynamaqdı. Çox təəssüf edirəm ki, bu gün divizon haqda bu qədər xoşagəlməz söz-söhbət dolaşır. Ancaq sizə səmimi deyirəm, “Göyçə” belə münasibətə layiq deyildi. Rəhbəlikdə doğrudan da futbola can yandıran insanlar bir araya gəlib. Onların böyük planları var idi. Dəfələrlə bizimlə söhbətdə bu haqda danışıblar. Onların əsas hədəfi aşağı dəstədə çempion olub elitaya yüksəlmək, sonradan premyer-liqada iddiallılar arasında yer almaq olub. İlk gündən futbolçulara xüsusi diqqət ayırıblar. Çempionat start götürməsə də, birayılıq maaşımız verilib, təlim-məşq toplanışı yüksək səviyyədə təşkil olunub. İtaliyadan geyim dəsti sifariş olunaraq gətizdirilib. Hətta ehtiyacı olana avans olaraq əlavə pul verilib ki, futbolçu meydana çıxanda hansısa problem barədə düşünməsin. “Göyçə”nin çempionata buraxılmamasına görə çox üzülürəm. Ancaq ümidimi də üzmürəm. Çünki PFL prezidenti bizimlə söhbət zamanı hələ məsələyə nöqtə qoyulmadığını bildirdi.
- Artıq neçə birinci divizion təmsilçilərinin heyətində top qovursan. Doğrudanmı ötən mövsüm aşağı dəstədə “açıq bazar” olub?
- Elə sula verirsiz ki... Bunu bazarın içində olanlar deyə bilər. Şəxsən mən heç vaxt bu cür işlərlə məşğul olmamışam və olmaq fikrim də yoxdu. Uzun illərdi futbol oynayıram və bu müddətdə ölkənin bəzi aparıcı klublarının şərəfini qorumaqla yanaşı, millinin də formasını geymişəm. Heç vaxt istəmərəm ki, illərboyu çəkdiyim əziyyət, təmiz adım hansısa xoşagəlməz məsələlərdə hallansın, gələcəkdə buna görə utanc hissi keçirim. Hamı Ramazanın necə insan olduğunu yaxşı bilir. “Göyçə”də mənimlə yanaşı, Tagim Novruzov, Saşa Yunusoğlu, Əziz Quliyev kimi futbolçular bir araya gəlmişdi, bu gün də bir yerdəyik. Başqa klubların çempionata hansı məqsədlə qatıldığını deyə bilmərəm, ancaq bizim qarşımıza təmiz idman prinsipi ilə elitaya yüksəlmək məqsədi qoyulmuşdu. Rəhbərlik də bu yöndə əlindən gələni edirdi. Yenə deyirəm, son 5 ildə birinci dəstədə heç vaxt belə güclü kollektiv formalaşmamışdı.
- Karyeranı harda davam etdirmək fikrin var?
- Hələ ki gözləyirəm və ümid edirəm ki, “Göyçə” birinci divizionda çıxış edəcək. Çünki belə komandanın çempionatdan kənarda qalması ədalətsizlikdi. Yəqin ki, yaxın iki-üç gündə bu məsələyə aydınlıq gələcək. Ondan sonra bu sualnıza cavab verə bilərəm.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR