Sizin reklam burada

Cüdoçular Mariborda tarix yazdı

Baxış Sayı:666

Cüdoçular Mariborda tarix yazdı
Sloveniyanın Maribor şəhərində keçirilən gənclər arasında cüdo üzrə Avropa çempionatına yekun vurulub. İlk yarış günündə Kəramət Hüseynov (60 kq) və Hidayət Heydərovun (73 kq) qızıl, Rəşxan Baxışəliyev (55 kq) və Murad Fətiyevin (73 kq) gümüş, Gültac Məmmədəliyevayla (48 kq) Nəzakət Əzizovanın (52 kq) isə bürünc medal qazandığını xəbər vermişdik.
Yarışın ikinci günündə daha 8 çəki dərəcəsində mükafatçılar müəyyənləşib. Barselona Olimpiadasının qalibi Nazim Hüseynovun oğlu Naim Hüseynov (81 kq) çox uzağa gedə bilməyib. Startda belaruslu İvan Dubinanı üstələyən həmyerlimiz almaniyalı Tim Qramkovla bacarmayıb. Musa Şəkərəliyev (100 kq) polşalı Dominik Mayovskini sıradan çıxarsa da, danimarkalı Matias Madsenə məğlub olub. Şəkərəliyev təsəlliverici görüşdə belaruslu Daniel Mukete qarşısında da aciz qalıb. Əvəzində çəki yoldaşı Zelim Kotsoyev ümidləri doğruldub. Yığma üzvü slovakiyalı Marius Fizel, isveçrəli Otto İmala, polşalı Kaçper Şurovski və Rusiyanı təmsil edən erməni Arman Adamyana qalib gələrək Avropa çempionu olub.
Beləliklə, ölkəmiz 3 qızıl, 2 gümüş və 2 bürünc medalla komanda hesabında 2-ci yeri tutub. Rusiya hər medaldan 3 ədəd qazanmaqla birinci olub. İlk “üçlüy”ü hesabına 3 “qızıl” və 4 “bürünc” yazan Fransa qapayıb. Qızların yarışında 11-ci olan komandamız sırf oğlanların mübarizəsinə əsasən 1-ci pillədə qərarlaşıb.
Dünən isə komanda yarışları keçirilib. Yığmamız yalnız oğlanların yarışında təmsil olunub. Ukrayna və Finlandiyanı çətinlik çəkmədən üstələyən millimiz yarımfinalda İtaliyanın ciddi müqaviməti ilə üzləşib. Təmsilçimiz yalnız 5-ci görüşdəki qələbə fonunda 3:2 hesablı qələbəylə finala yüksəlib. Komandamız həlledici qarşılaşmada Gürcüstana qalib gəlib – 3:2.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR