Sizin reklam burada

Millimiz Bakıda italyanlara uduzdu

Baxış Sayı:351

Millimiz Bakıda italyanlara uduzdu
Milli Gimnastika Arenasında ölkəmizdə və Gürcüstanda keçiriləcək Avropa çempionatına hazırlığı davam etdirən qadınlardan ibarət yığmamız şənbə günü bu məkanda ilk yoxlama oyununu keçirib. Rəqib İtaliya olub. Millimiz gərgin mübarizə şəraitində keçən qarşılaşmadan məğlub ayrılıb – 2:3 (25:10, 15:25, 25:19, 27:29, 15:17). Hesabdan da göründüyü kimi, qitə birinciliyinin əksər oyunlarının keçiriləcəyi məkanda olduqca gərgin qarşılaşma baş tutub. Natalya Məmmədova 17, Polina Rəhimova 16, Yelizaveta Səmədova 11, Kseniya Kovalenko 7, Odina Bayramova 5, Kristina Yaqubova 4, Alyona Həsənova 3, Yana Kulan isə 1 xal qazanıb. İtalyanlarla daha iki yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.
Yığmamızın A qrupundakı rəqiblərindən Polşa millisi də yoxlama matçı keçirib. Qrupdakı digər rəqibimiz Almaniyanın ardınca polşalılar da Hollandiya ilə münasibətləri aydınlaşdırıb. Qarşılaşma “narıncılar”ın qələbəsi ilə yekunlaşıb. Polşalılar 1:3 (20:25, 22:25, 25:21, 18:25) hesabıyla uduzub.
Yeri gəlmişkən, ölkəmizdə keçiriləcək məsul yarışda yığmamızdan sonra ən çox dəstək görəcək komanda Türkiyədi. “Ay-ulduzlular” qardaş ölkənin voleybolsevərlərinin dəstəyi altında Bakıda titul qazanaraq ilkə imza atmağa çalışacaq. Düzdü, aparıcı hücumçulardan Neslihan Dəmir zədə üzündən qitə birinciliyini buraxacaq. Ancaq komandanı uğura daşıya biləcək Covanni Quidetti kimi dahi çalışdırıcısı var. İtalyan mütəxəssis nəyə qadir olduğunu “Vakıfbank”dakı işiylə göstərib. Quidetti AÇ ilə bağlı açıqlamasında şansları dəyərləndirib: “Avropa çempionatında hədəfimiz uğurlu çıxışdı. Yarışın startı üçün son həftə olsa da, hazırlıqlarımız davam edir. Bizim kimi, rəqiblərimiz də sona qədər getmək, ən yaxşı oyununu göstərmək üçün meydana çıxacaq. Əvvəldən sonadək hər matçı bir hədəf olaraq düşünəcəyik və addım-addım irəliləyəcəyik”.
Qeyd edək ki, Ukrayna, Rusiya və Bolqarıstanla C qrupunda yer alan Türkiyə sentyabrın 20-də Bakıya gəlməyi planlaşdırır. Bu qrupun qarşılaşmaları Milli Gimnastika Arenasında keçiriləcək.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR