Sizin reklam burada

Üçqat dünya çempionu yeni hədəflərini açıqladı

Baxış Sayı:473

Üçqat dünya çempionu yeni hədəflərini açıqladı
“Zədələnmək istəmirsənsə, gərək evdə oturasan”
Boksumuza dağıstanlı legionerlərin axını “Baku Fires” vasitəsi ilə oldu. 2010-da başlayan bu axından 7 il keçib. Artıq əksəriyyəti vətəninə qayıdıb. Kimisi zədələnib, kimisi karyerasını bitirib, kimisi də rəqabətə tab gətirməyib. Onlardan ustalığı və xarakteriylə seçilən isə yalnız Məhəmmədrəsul Məcidov (+91 kq) oldu. 2011 və 2013-cü illərdə dünya çempionu olaraq boksumuzda ilkə imza atan legioner 31 yaşında rekordunu daha da təkmilləşdirdi. Çətin ki, yaxın gələcəkdə hansısa boksçumuz bu rekordu təkrarlasın. İndi bircə qalır Olimpiadada qızıl medal qazanmaq. Olimpiya Oyunlarına isə hələ 3 il var. Bu müddət ərzində çox şey ola bilər…
Çərşənbə günü Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən mətbuat konfransında Məcidov da iştirak edirdi. Tədbir başa çatdıqdan sonra onunla ayaqüstü söhbətləşdik:
- Artıq üçqat dünya çempionusan. Qaldığın yerdən davam edəcəksən?
- Əvvəlcə onu qeyd edim ki, Rio de Janeyro Olimpiadasından heç kimə deməmişdim ki, karyeramı başa vururam. Mənə zəng edib bu haqda soruşanda “əlbəttə, yox” cavabını verirdim. Bilmirəm, bu söz-söhbət hardan çıxıb. Təbii ki, yoluma davam edəcəm. Braziliyada uğurlu çıxış edə bilmədim. Zədə medalçılar sırasında yer almağa imkan vermədi. İlk Avropa Oyunlarından bu yana çoxlu zədələrim olub. Bu üzdən sabit və uğurlu çıxış edə bilmirdim. Diz bağlarımdan və vətərdən zədə almışdım. Nə etmək olardı? İndi səhhətim qaydasındadı. Azərbaycanı beynəlxalq yarışlarda təmsil etməyə davam edəcəm.
- Olimpiya boksunun dəbilqəsiz keçirilməsi zədələrin artmasına səbəb olur?
- Sözsüz. Bu üzdən başdan çoxlu zədələr alırıq. Rəqibin başı üzünə dəyəndə zədə əmələ gəlir. Ancaq mənə dəbilqəsiz döyüşmək daha xoş və rahatdı.
- Tokio Olimpiadasına qədər dördqat dünya çempionu olmaq haqda fikirləşirsən?
- Əlbəttə. Olimpiya Oyunlarına hələ vaxt var. Gələn il dünya çempionatı Rusiyanın Soçi şəhərində təşkil olunacaq. Orda da döyüşüb, titulumu qorumağı düşünürəm.
- Əvvəlki fiziki formanı bərpa etmək üçün məşq planı tərtib etmisən?
- Bu formanı geri qaytarmaq mənim üçün çətin deyil. Son vaxtlar səhhətimlə bağlı problemlər var idi. Dizimdən əməliyyat olundum. Yüklənmə altında məşq edirsənsə, zədələr qaçılmazdı. Zədələnmək istəmirsənsə, gərək evdə oturasan. Bu dəfə fiziki hazırlıq sarıdan geri qalsam da, təcrübə və ustalıq cəhətdən artırmışdım. Turnirdən-turnirə, döyüşdən-döyüşə təcrübəmi zənginləşdirirəm. Bu uğurda xarakter də sözünü deyir. Səhhətim qaydasında olsa, dördqat dünya çempionu ola bilərəm. İnşallah, fiziki hazırlığımı da qaydasına salacam. Boks Federasiyasının rəhbərliyinə minnətdarlığımı bildirirəm. Bizə hər zaman dəstək verir. Mənə işləmək qalır.
- Prezident sənə və sərbəst güləşdə 3 qat dünya çempionu olan Hacı Əliyevə təqaüd verilməsiylə bağlı sərəncam imzaladı. Karyeranı bitirdikdən sonra da burda yaşamağı düşünürsən?
- Prezidentin bu addımını eşitdikdə çox sevindim. Ona minnətdarlığımı bildirirəm ki, ağır iş rejiminə baxmayaraq, çıxışımızı diqqət mərkəzində saxlayır. Bu da mənim üçün əlavə stimuldu. Azərbaycan, Bakı çox xoşuma gəlir. Tez-tez ailəmi də bura gətirirəm. Sadəcə, valideynlərim, qohumlarım Dağıstanda yaşayır. Onları bura gətirə bilmərəm. Bəzən burda, bəzən orda qalıram.
- APB və WSB-dən növbəti mövsüm üçün təklif almısan?
- APB ilə müqaviləm var. Ancaq yeni mövsümlə bağlı mənə müraciət edən olmayıb. Həmçinin bir neçə promouter şirkətindən peşəkar boksla bağlı təklif almışam. ABŞ, İngiltərə və Almaniyadan mənə dəvətlər gəlib. Ancaq hazırda Tokio Olimpiadası haqda düşünürəm. Olimpiya çempionu olmaq istəyirəm.
- Yığmanın sabiq baş məşqçisi Pedro Rok ilə yeni çalışdırıcısı Leonid Loivskinin metodologiyasında hansı fərqlər var?
- Biri Kuba, digəri Ukrayna boks məktəbinin yetirməsidi. Hərəsindən müsbət məqamları mənimsəyirik. Loivski məşqlərdə daha sərt və tələbkardı. Hazırlıq prosesində boksçulara vaxtı öldürməyə imkan vermir. Onun məşqləri daha çox xoşumuza gəlir.
- Vladimir Kliçko ilə 2011-ci ildə dünya çempionatının finalında məğlub etdiyin Entoni Coşua döyüşəndə kimə azarkeşlik edirdin?
- Hər ikisi mənim üçün tanışdı. Ancaq heç biri dostum, qardaşım və düşmənim deyil (gülür). Onlar çox gözəl boks nümayiş etdirdi. Uduzsa da, ukraynalı əlcək ustasının da yaxşı çıxış etdiyini söyləməliyəm. Coşuaya da “əhsən” düşür.
- Britaniyalı boksçu qalib gəldikdən sonra ətrafındakılara ona 2011-də qalib gəldiyini xatırlatdın?

- Bunu hamı bilir. Coşua peşəkar boksda, mən isə olimpiya boksunda çempion olmuşam. Deməzdim ki, peşəkar boks bizimkindən çətindi. Biz üç raund ərzində onların 12 raundda etdiyini həyata keçirməliyik. Burda çox tez düşünməli və işləməlisən.
SƏRXAN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR