Sizin reklam burada

“Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib

Baxış Sayı:558

“Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib
Məlum olduğu kimi, sabah “Qarabağ” ölkə çempionatının 5-ci turu çərçivəsində “Kəpəz”i qəbul edəcək. Bu oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qeyd edək ki, mərkəzi arena cari mövsüm ilk dəfə premyer-liqa matçına “qucaq açacaq”. Ağadamlılar çempionatın geridə qalan hissəsində iki ev oyunu keçirib. 2-ci turda “İnter”i qəbul edən Qurban Qurbanovun yetirmələri minimal hesabla (1:0) qalib gəldi. Növbəti turda isə çempionluq yolunda ağdamlılar ən iddialı rəqibi “Qəbələ” ilə qarşılaşdı. “Qarabağ” həmin matçda da üstün oldu (2:1). Onu da bildirək ki, “köhlən atlar”ın istər “İnter”, istərsə də “Qəbələ” ilə duelləri “Azərsun Arena”da keçirilmişdi. Belə deyək, “köhlən atlar” cari mövsüm ilk dəfə çempionatdakı rəqibini Respublika stadionunda sınağa çəkəcək. Ancaq bu yay onlar artıq 3 rəsmi oyununu mərkəzi arenada keçirib. Söhbət Çempionlar Liqasının 2-ci və 3-cü təsnifat mərhələləri, eləcə də pley-off çərçivəsində baş tutan ev oyunlarından gedir. Yeri gəlmişkən, hər üç görüşdə “Tofiq Bəhramov” Qurbanovun komandasına düşərli olub. Belə ki, ağdamlılar həmin 3 görüşdən ikisində qələbə qazanıb, birində heç-heçə edib. Hər halda, tarixi nəticəyə yol - qitənin ən nüfuzlu klub turnirinin qrupuna vəsiqə məhz Respublika stadionundan keçdi. ÇL-in 2-ci mərhələsində bu arenada “Samtredia”nı (Gürcüstan) darmadağın edən “Qarabağ” növbəti mərhələdə “Şerif”lə (Moldova) qolsuz heç-heçəyə razılaşdı. Pley-offda isə ÇL-in möhtəşəm himni məhz bir sıra tarixi nəticələrin qeydə alındığı bu stadionda səsləndi. Həmin görüşdə isə “Kopenhagen”i məğlubiyyətə uğradan (1:0) Qurbanovun komandası qrupa doğru inamlı addım atdı.
Təbii, “Qarabağ”a hər nə qədər düşərli sayılsa da, “Tofiq Bəhramov” qrup oyunlarına evsahibliyi etməyəcək. Azarkeş auditoriyası nəzərə alındığından qarşılaşmalar Bakı Olimpiya Stadionunda (BOS) reallaşacaq. Bundan başqa, yığmanın yeganə ev oyunu – Çexiya ilə duel də BOS-da baş tutacaq. Belə deyək, ilin sonuna kimi mərkəzi arenada hansısa beynəlxalq görüş planlaşdırılmayıb. Bəlkə də “Kəpəz”lə oyun üçün bu stadionun seçilməsinin səbəblərindən biri arenanın boş qalmamasıdı. Onsuz da ingilis mütəxəssis Fil Şarples “Tofiq Bəhramov”un qazonunu ideal vəziyyətə gətirib. O, illərlə davam edən problemi aradan qaldırdı, hər dəfə ot örtüyünün yaxşılaşdırılmasına xərclənən pulların əslində havaya sovrulduğunu göstərdi. Odu ki, hazırda yaxşı durumda olan stadionun istifadəsiz qalması heç yaxşı deyil. Ancaq “Qarabağ”ın “Azərsun Arena”nı “Tofiq Bəhramov”a dəyişməsinin əsl səbəbini təxmin etmək çətin deyil. Məlum olduğu kimi, UEFA Gənclər Liqasında mübarizə aparan “Qarabağ”ın U-19 komandası ev oyunlarını Suraxanıdakı arenada keçirəcək. Komanda ev matçları üçün məhz “Azərsun Arena”nı sifariş edib. Rəşad Sadıqovun komandası sentyabrın 27-də bu stadionda “Roma”nı qəbul edəcək. Həmin oyuna kimi ot örtüyünün korlanmaması üçün “Kəpəz”lə matçın Respublika stadionuna salınması inandırıcıdı. Bununla belə, Suraxanıdakı arenanın qazonunun hazırda yaxşı vəziyyətdə olmaması ilə bağlı da informasiyalar dolaşır. Maraqlıdı, ordakı durum hazırda necədi? “Qarabağ”ın “Kəpəz”lə oyun üçün Respublika stadionunu seçməsi U-19-a, yoxsa qazonun yaxşı vəziyyətdə olmamasına görədi? Görəsən, ən azı qışa qədər “köhlən atlar” çempionatdakı ev oyunlarını “Tofiq Bəhramov”da keçirəcək? Sualları Ağdam klubunun mətbuat katibi Nurlan İbrahimova ünvanladıq: “Bildiyiniz kimi, Gənclər Liqasında mübarizə aparan U-19 komandamız “Roma”lı həmyaşıdları ilə “Azərsun Arena”da qarşılaşacaq. Stadionda yaranacaq mümkün yüklənmənin qarşısını almaq üçün çempionat matçının Respublika stadionunda keçirilməsi uyğun görülüb. Mütəxəssislər qazona baxıb, rəy verib. Həmin rəy də nəzərə alınıb və belə bir qərar gəlinib. Belə deyim, ot örtüyünün qorunması baxımından bu addım zəruridi. “Azərsun Arena”nın qazonu dağılmayıb. Sadəcə, yüklənmənin fəsadı ola bilər. Onun qarşısının alınması üçün belə qərar verildi. Hər iki stadionun yaxşı vəziyyətdə qalması da önəmlidi. Onu da bilirsiz ki, “Tofiq Bəhramov” da bizim sərəncamımızdadı. Sifariş etdiyimiz iki stadiondan biridi. Odu ki, Respublika stadionunda oynamağımızla bağlı heç bir problem yoxdu”.
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR