Sizin reklam burada

“Energetik”dən başqa hamı narazılıq edir

Baxış Sayı:752

“Energetik”dən başqa hamı narazılıq edir
Ramin Musayev: “Hər komandanın çempionata buraxılmamasının öz səbəbi var”
Ötən sayımızda yeni mövsümdə birinci dəstədə 10 komandanın mübarizə aparacağını bildirmişdik. Xatırladaq ki, elitaya yüksəlmək üçün AFFA və PFL-in birgə komissiyasına 16 komanda müraciət etsə də, yalnız 10-nun tələb olunan şərtləri yerinə yetirmək iqtidarında olduğu müəyyənləşib. 2017/18 “futbol ili”ndə birinci divizionda “Mil-Muğan”, “Qaradağ Lökbatan”, “Turan Tovuz”, “Ağsu”, “Zaqatala”, “Vətən”, “Şüvəlan”, MOİK “Binə” və “Xəzər” çıxış edəcək. “Şahdağ”, “Bakılı”, “Göyçə”, “Karvan”, “Göyəzən”, “Energetik” isə mübarizədən kənarda qalıb.
Bəs görəsən, çempionata buraxılmayan klubların rəsmiləri yaşananlarla bağlı nə düşünür? Bu suala cavab tapmaq üçün öncə “Şahdağ”ın baş məşqçisi Kamran Əlibabayevlə əlaqə saxladıq: “Əvvəlcə onu bildirim ki, mənim məsələ ilə bağlı bu gün (dünən) mətbuata verdiyim açıqlama bəziləri tərəfindən səhv anlaşılıb. Mən demişəm ki, “Şahdağ”ı çempionata buraxmasalar, gedib Dağıstan çempionatında iştirak edəcəm. Yəni gedib qonşu ölkədəki klubların birində çalışacam. “Şahdağ”ın da 4-5 futbolçusunu özümlə aparmaq məcburiyyətindəyəm. Başqa nə etməliyəm? Hardasa çalışıb dolanışığımızı təmin etməliyik, ya yox? Bu sözlərim sosial şəbəkələrədə çox müzakirə olundu, məni separatçılıqda ittiham edənlər ortaya çıxdı. Guya hamı ağıllı, mən axmağam. Azərbaycan klubu olan “Şahdağ”ın başqa ölkənin çempionatında iştirakının mümkün olmadığını bilmirəm? Əsas məsələ qalıb qıraqda, ucuz şou həvəskarları səsləndirdiyim fikirləri düz başa düşməyə-düşməyə mənə qarşı kampaniya aparırlar. Ondansa, yazsınlar ki, əsası 1958-ci ildə qoyulan, müstəqilliyin ilk illərindən bu günə kimi millidə neçə-neçə yetirməsi top qovan “Şahdağ” nəyə görə çempionatdan kənarda qalıb? AFFA və PFL-in birgə komissiyasının bütün tələblərini yerinə yetrimişik. Dünən axşam (srağagün) qərar açıqlanandan özümə gələ bilmirəm. Bir də belə fikirləri var idisə, vaxtında bizə xəbərdarlıq edərdilər. Komanda iyulda bir araya gələrək təlim-məşq toplanışı keçib. İki ayda xeyli vəsait xərclənib. Çempionata bir neçə gün qalmış açıqlayırlar ki, “Şahdağ”ı buraxmırıq. Belə özbaşınalıq olmaz. Apellyasiya Komissiyasına müraciət etməyimiz heç nəyi dəyişməyəcək. Yalandan özümüz-özümüzü aldatmayaq. İnanıram ki, ölkə futboluna rəhbərlik edən şəxslər püşkatmaya qədər bu qərarı bir daha gözdən keçirib düzgün seçim edəcəklər”.
Bu yay yaranan və birinci divizionda çıxış edəcəyi gözlənilən “Göyçə” də AFFA və PFL-in birgə komissiyasının qərarı ilə çempionata buraxılmadı. Klub rəhbəliyinin bundan sonra hansı addımlar atmaq niyyətində olduğunu bilmək üçün “Göyçə”nin idman direktoru Zamin Əsədullayevin fikirlərini öyrəndik: “Bir neçə gün öncə 8 komandanın çempionata buraxılacağı məlum olduqdan sonra PFL-in prezidenti Ramin Musayevlə görüşdük. Bizə bildirdi ki, tələb olunan bəzi sənədlər qaydasında deyil. Biz də qısa müddətdə çatışmazlıqları aradan qaldıraraq komissiyaya təqdim etdik. Açığı, bütün tələbləri yerinə yetirdiyimizdən fikirləşirdik ki, çempionata qatılacaq komandalar arasında “Göyçə” də olacaq. Ancaq dünən eşitdiyimiz xəbər bizi məyus etdi. Özümüz də çaşqınlıq içindəyik ki, nəyə görə qarşımızda “qırmızı işıq yandırdılar”? Çox maraqlıdı ki, iclasda iştirak edənlərin hamısı “Göyçə”nin sənədlərinin qaydasında olduğunu gördü. Ramin Musayev özü də bunu təsdiq etdi. Buna baxmayaraq, biz AFFA-dan ayrıldıqdan sonra başqa qərar qəbul ediblər. Biz yenə ümidimizi üzmürük. Elə hesab edirik ki, haqqımız tapdalanmayacaq və “Göyçə” aşağı dəstədə çıxış edəcək. Komandanı çempionata buraxmaq fikirləri yox idisə, bunu əvvəlcədən bildirərdilər, belədə prezident bu qədər vəsait xərcləməzdi. Futbolçulara artıq biraylıq əməkhaqqı ödənilib, xaricdən geyim dəstləri gətirilib. Baş məşqçi məsələsinə gəlincə, Bəhmən Həsənov öz istəyi ilə düşərgədən ayrılıb. Komanda bu gün mənim rəhbərliyim altında məşqə çıxdı. Mətbuatda yazırlar ki, “Göyçə” dağılıb. Ancaq bu xəbərlər əsassızdı. Divizionda iştirakımız dəqiqləşən kimi yeni baş məşqçi ilə anlaşacağıq”.
“Energetik”in vitse-prezidenti Elbrus İsmayılov isə tələb olunan şərtləri yerinə yetirə bilmədiklərini bildirdi: “AFFA və PFL-in birgə komissiyasının qərarı bizi məyus etsə də, günahı kənarda yox, özümüzdə axtarmalıyıq. Biz tələb olunan bank təminatını tədqim edə bilmədik. Düzdü, ötən il də bu sənədi verməmişdik. Ancaq 2016/17 mövsümündə bizə güzəşt olundu. Görünür, bu dəfə şərtlər dəyişib və hamı – istər yeni yararnan klublar, istərsə də aşağı dəstənin “ağsaqqalları” - tələbləri yerinə yetirməlidi. Yaşananlarla bağlı rəhbərliyinə məlumat vermişəm. Onu da bildirmişəm ki, yeni Region Liqası yaradılır. Böyük ehtimalla, “Energetik” bu liqada mübarizə aparacaq”.
Klubların etirazını nəzərə alıb, PFL-in prezidenti Ramin Musayevin də fikirlərini öyrənməyi lazım bildik: “Müvafiq komissiya təqdim olunan sənədləri və başqa məqamları gözdən keçirdikdən sonra bu addımı atıb. Hər komandanın çempionata buraxılmamasının öz səbəbi var. Bəzilərinin adı neqativ olaylarda, daha dəqiq desəm, oyun alğı-satqısında hallanır, bəzilərinin maddi imkanı peşəkar liqada çıxış etməyə imkan vermir, bəziləri isə tələbləri yerinə yetirə bilmədi. Bütün bunlar məlum qərarı şərtləndirib. Bu nə Ramin Musayevin, nə də Elxan Məmmədovun qərarıdı. Ümumi komissiya müraciətləri nəzərdən keçirdikdən sonra belə qənaətə gəlib. Yeni yararanan klublardan yalnız “Göyçə” tələb olunan şərtlərə cavab vermədiyindən çempionatdan kənarda qaldı. Region Liqasına gəlincə, bu biz tərəfdən olan bir təklifdi. Qazax, Mingəçevir, Qusar, Yevlax kimi şəhərlərin böyük futboldan kənarda qalması bizim üçün də ağırdı. Yevlaxda, Mingəçevirdə xüsusilə yaxşı şərait var. Qusar həmişə istedadlı futbolçuları ilə seçilib, yaxşı azarkeş ordusuna sahibdi. Amma real durumu düzgün dəyərləndirmək, inkişaf etmək üçün tədbir görmək lazımdı. Region Liqasının yaradılması isə bir təklifdi və düşünürəm ki, gözəl ideyadı. Bu liqa həm də gələcəkdə Azərbaycanda ikinci liqanın yaradılması üçün təkan ola bilər”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR