Sizin reklam burada

Həmyerlilərimiz Almaniyada klub yaratdı

Baxış Sayı:433

Həmyerlilərimiz Almaniyada klub yaratdı
2014-cü ildə premyer-liqadan çəkilərək fəaliyyətini dayandıran “Araz Naxçıvan”ı, yəqin ki, unutmamısız. Muxtar Respublikanı təmsil edən klub yenə fəaliyyətdə olacaq. Xeyr, birinci divizionda yox. Artıq Almaniyanın Köln şəhərində. Belə ki, bu şəhərdə soydaşlarımız “AZE Nakhchivan” adlı futbol klubu yaradıb. Komanda Dünya Azərbaycanlıları Assambleyasının təşəbbüsü ilə yaradılıb. Klubun adının Naxçıvanla bağlı olmasının əsas səbəbi blokadada olan, tarixi və coğrafi zənginlikləri ilə tanınan Azərbaycanın qədim diyarı Naxçıvan Muxtar Respublikasının Avropada tanıdılmasıdı. Bu bölgənin zəngin tarixi, mədəniyyəti, turizmi, iqtisadi imkanlarına avropalıların diqqətini cəlb etməkdi. Eyni zamanda, peşəkar futbol klubu yaradaraq Avropada Azərbaycanı layiqincə təmsil etməkdi.
Klubun 10.09.2017-ci ildə keçirilən iclasında JugendSport Köln-96 (Gənclərbirliyi) klubunun baş direktoru, Almaniya vətəndaşı, futbol mütəxəssisi Aydın Karaca “AZE Nakhchivan”ın rəhbəri, DSK futbol klubunun baş məşqçisi Sərdar Dəmir klubun icraçı direktoru, Ərkan Çelik maliyyə məsələlərindən məsul şəxs, “Araz-Naxçıvan” futbol klubunun baş direktoru Ceyhun Məmmədov isə Azərbaycan üzrə əlaqələndirici seçilib.
Daha bir uğur artıq kluba aid stadionların, futbol üçün geniş imkanların olmasıdı. Klubun artıq 1 yaşıl, 4 mini meydançası, futbolçuların asudə vaxtını keçirmələri üçün hər cür təmin olunmuş geniş kafe-bar, 4 paltardəyişmə otağı fəaliyyət göstərir. Bütün bunlar Köln Bələdiyyəsinə aid olsa da, komanda oyunları və məşqləri burda keçəcək.
İclasda eyni zamanda klubun nizamnaməsi, fəaliyyət proqramı, loqosu qəbul olunub və yaxın günlərdə təqdimat mərasiminin keçirilməsi qərarlaşdırılıb. 9, 13, 18 yaşlılardan ibarət komandaların formalaşdırılması planlaşdırılıb. Klubun yaradılması ilə bağlı rəsmi sənədlər bir neçə günə Almaniyanın ədliyyə orqanlarına, həmçinin Almaniya Futbol İttifaqına təqdim olunacaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR