Sizin reklam burada

Altı dəfə təşəkkür!

Baxış Sayı:789

Qəribə millətik. O qədər xüsusiyyətə sahibik ki, dünya bizə həsəd aparır. Biz o millətik ki, istənilən ölkədə fərqli xalqın nümayəndələrindən dərhal seçilirik. Geyimdə, yerişdə, görünüşdə olmaya bilər. Amma xarakterdə mütləq. Məsələn, yaxşı vaxtlarında “qardaş” dediyimiz, uğurlu günündə məclisin yuxarı başında əyləşdirdiyimiz birinin ayağı büdrəyəndə onu qısa zamanda silə bilirik. Məsələn, yaxşılığı tez unuduruq. Məsələn, hadisələrə real gözlə yox, öz baxış bucağımızla baxmağa öyrəncəliyik. Bütün bu keyfiyyətləri daşıdığımıza “Çelsi – “Qarabağ” oyunundan sonra bir daha əmin oldum.
“Köhlən atlar”ın “Kopenhagen” səddini keçməsindən sonra qanad açıb göydə uçan, həmin gecə səhərə qədər yata bilməyən, Qurban Qurbanovu, Rəşad Sadıqovu, Dino Ndlovunu xalq qəhramanı elan edənlərin bir çoxu qapısında 6 top görən komandaya lətifələr qoşur, atmacalar atırdılar. Sən demə, faciə baş veribmiş. Futbolu yalnız “Qarabağ”ın adıyla bağlı olan “böyük futbol ölkəsi”nin qızıl mükafatçısı son İngiltərə çempionuna böyük hesabla uduzmamalıymış. Niyə, hansı əsasla? Bir nəfər barmağını qatlayıb deyə bilərmi ki, “Qarabağ” filan-filan şeylərə görə bu cür uduzmamalıydı. Elə bir əsas yoxdu axı. İndiyə qədər Azərbaycan klublarından hansı biri “Çelsi” boyda nəhəngə qarşı oynayıb? Təkcə Eden Azarın transfer qiyməti Azərbaycan klub futbolunun və yığmaların ümumi budcəsindən də artıqdısa, nə gözləyirsiz? Sezar Aspilikuetanın başla vurduğu zərbə Azərbaycan çempionatında ayaqla vurulan zərbələrdən daha qüvvətli və dəqiqdisə, nə qoyub, nə axtarırsız? Rəqibin heyətindəki futbolçular İngiltərə, İspaniya, Fransa, Almaniya, İtaliya, Belçika kimi yığmaların əsas heyət üzvüdüsə, biz nədən danışırıq? “Qarabağ”da faktiki digər yığmaların şərəfini qoruyan bir futbolçu var – Ansi Aqolli. Tərslikdən o da meydana çıxmamışdı. “Çelsi”nin daxili çempionatdakı rəqibləri “Mançester Yunayted”di, “Arsenal”dı, “Liverpul”du. Bəs “Qarabağ” hansı komandalara qarşı oynayır?
“Qarabağ”ın bu gün, bu vəziyyətdə, yəni ölkəsinin futbolu bərbad durumda olduğu vaxtda Çempionlar Liqasının qrupunda oynamasının özü şirin yuxudu. Bundan sonra illər də keçsə, çətin ki, başqa hansısa təmsilçimiz o yerdə olsun. Bu bir təcrübədi, ad-sandı, reklamdı, ermənilərə gözdağıdı. Onsuz da təmsil etdiyi şəhəri düşmənin ayaqları altında olan komandanın qrupda nəsə edəcəyinə inam yox idi. Çünki bu gün gücümüz bundan artığına imkan vermir. Kantenin, Fabreqasın, Azarın qarşısını kəsmək, rəqibin 6 qol vurmaması üçün sənin heyətində olan futbolçuların səviyyəsi adıçəkilənlərin azı yarısı qədər olmalıdı. Azarın yarısı qədər olan futbolçunun transfer qiyməti minimum 15-20 milyondu. İndiki vəziyyətdə “Qarabağ”ın Pedro Enrike səviyyəsində və qiymətində 10 futbolçu almağa imkanı varmı? Lap tutaq ki, var. Həmin futbolçular Azərbaycana gəlib, burdakı çempionatda oynamağa razıdılarmı? Burda yaşaya bilərlərmi? Reallıq var, qardaşım, reallıq.
Səhvi o vaxt tutarsan ki, baş məşqçi heyət seçimində, lap deyək ki, taktikada səhvə yol versin. “Stemford Bric”də start heyətində meydana çıxmağa hazır olanların sayı 12-13 nəfərdisə və onlardan 11-i ilk dəqiqələrdən mübarizəyə qoşulmuşdusa, Qurban Qurbanovu qınamağın adı yoxdu. Lap taktiki düzülüşü götürək. Guya əvvəldən axıra qədər dörd müdafiəçili sistemlə oynasaydılar, nə olacaqdı? “Çelsi” qorxusundan “Qarabağ”ın üstünə gəlməyəcəkdi? Yoxsa bizimkilər böyük qüvvə ilə irəli atılıb qolları sıralayacaqdı? Azərbaycan millisinin futbolçuları – Riçard Almeyda ilə Qara Qarayev rəqibə qarşı heç nə edə bilmirsə, başqa bir yığma üzvü Maksim Medvedev digər oyunlardakı çıxışını İngiltərə çempionuna qarşı sərgiləyə bilmirsə, bu kiminsə günahı deyil. Futbolçunun maksimumudu, real mənzərədi. Razıyam, İbrahim Şehiçə keçmişdəki xidmətlərinə görə təşəkkür edib ehtiyatda oturtmağın vaxtı çatıb. Guya bununla dərdə dərman tapılacaq? Guya vurulan 6 qolun hamısı Şehiçin günahıydı? Transferləri bir qədər tez gerçəkləşdirmək olardı? Nə dəyişəcəkdi? 6 olmayıb, 4 olacaqdı.
Adama ən çox yer edən sosial şəbəkədə qəhrəmanlıq edib, çayxanada “Qarabağ”a lağ edənlərin Bakıdakı stadionların giriş qapılarını tanımamasıdı. Hansısa oyunun hesabını yanındakılardan soruşan, mərc oyunlarında “baş sındıranlar” səs-küyü eşidib “Qarabağ”ın oyununa baxıb, matç başa çatandan sonra da lətifə qoşur, atmaca atır. Ona görə də utanmalı heç nə yoxdu. Vaxtilə baş məşqçi və futbolçuları “Borussiya”ya, “Ayntraxt”a yenilgilərə görə yas saxlasaydı, bu gün bu nəticələr olmayacaqdı. Uşaq yıxıla-yıxıla, döyülə-döyülə böyüyər. “Qarabağ” hələ “Çelsi” qədər böyüməyib, amma ona doğru gedir. Qarşıda daha ciddi sınaqlar, önəmli oyunlar var. Keçmişi unutmalı, irəli boylanmalısız. 0:6-ya baxmayaraq, “Qarabağ”a altı dəfə təşəkkür düşür. Bir təşəkkürü Çempionlar Liqasının oyun günündə Azərbaycan bayrağının stadionda dalğalanmasına səbəbkar olduğuna görə etdik. Bundan sonra daha beş “təşəkkür” payınız qalıb. Başınızı dik tutun! İrəli boylanın! Xalqın bu günündə daha neçə-neçə bayramlar yaşadın!

Oxşar xəbərlər
SON XƏBƏRLƏR