Bu gün istər Bakıda, istərsə də ölkənin müxtəlif bölgələrində yetərincə uşaq futbol məktəbləri fəaliyyət göstərir.
Onların bəziləri bu sahəyə biznes kimi yanaşıb, keyfiyyəti yox, daha çox qazancı düşünürsə, aralarında ölkə futboluna fayda vermək niyyətində olanlar da var. Onlardan biri də “Leon”du. Adını çəkdiyimiz klub artıq neçə illərdi davamlı şəkildə AFFA-nın bayrağı altında keçirilən liqalarda iştirak edir və heyətində yetərincə perspektiv vəd edən uşaqlar var. Bu yaxınlarda isə“Leon” Türkiyədə təşkil olunan turnirə qatılıb. Komandanın baş məşqçisi Natiq Kərimi ilə söhbətdə həm qardaş ölkəyə səfərlə bağlı danışdıq, həm də bizi maraqlandıran başqa suallara cavab tapmağa çalışdıq.
- Bu klubu yaratmaqda məqsədimiz uşaq futbolunu inkişaf etdirmək, istedadlı yeniyetmələri xaricə göndərməkdi. Artıq bu yöndə müəyyən işlər görmüşük. Avropadakı skautlarla əlaqələr yaratmışıq. Çalışırıq ki, yetirmələrimiz ölkə xaricində karyera qurub, gələcəkdə müxtəlif yaş qrupu üzrə yığmalarda, əsas millidə çıxış etsinlər.
- Bu günə kimi hansısa futbolçunuz ölkə xaricinə yollanıb?- Bu yaxınlarda Türkiyədə təşkil olunan turnirə qatılmışdıq. Həmin yarışdan sonra “Fənərbaxça” və “Antalyaspor”un rəsmiləri bir neçə futbolçumuzla maraqlandı. Hətta müəyyən ödəniş qarşılığında onları öz klublarında görmək istədiklərini bildirdilər. Biz isə 14,15, 16 yaşlı yeniyetmənin xaricə yollanmasını məqsədəuyğun saymadıq. Ancaq qarşı tərəf fikrində israrlı idi.
- Bu gün ölkədə yetərincə özəl futbol məktəbi, akademiya fəaliyyət göstərir. “Leon”un özəlliyi nədi? - Başqa klublar və akademiyalar barədə mənfi və ya müsbət fikirlər sələndirmək niyyətində deyiləm. Hər kəsə işində uğurlar arzulayıram. “Leon”un özəlliyi ondadı ki, bizdə bütün məşq prosesləri Avropanın aparıcı akademiyalarının proqramı əsasında təşkil olunub. Yeri gəlmişkən onu da qeyd edim ki, klubda çalışan məşqçi heyəti bir neçə dəfə ölkə xaricində seminarlara qatılıb. Həmin seminarlar sırf uşaq futbolu ilə bağlı olub. AFFA-nın bu mövsümdən tətbiq etdiyi yenilik bəzi Avropa ölkələrində bir neçə ildi tətbiq olunur. Söhbət müəyyən yaş qruplarında xalların nəzərə alınmamasından gedir. Bu çox yaxşı qərardı. “Leon” aşağı yaş qruplarında heç vaxt nəticəyə oynamayıb. Məşqçi nəticəni düşünüb meydana çıxanda hansısa istedadlı, lakin həmin an üçün potensialına tam aça bilməyən uşağa oynamaq şansı verməyə bilər. Belədə həmin uşaq futboldan küsər. Xallar nəzərə alınmayanda məşqçi komandada olan bütün uşaqlara oynamaq şansı yaradacaq.

- Bu yaxınlarda Türkiyədə qatıldığınız turnir barədə də məlumat verərdiz. Hansı komandalar iştirak edirdi, necə oldu ki, “Leon” ora dəvət aldı?- Türkiyədə əməkdaşlıq etdiyimiz menecer var. Turnirə dəvət də onun vasitəsi ilə baş tutdu. Çox səviyyəli yarış idi. Türkiyə klublarından başqa, Avropadan da gələnlər var idi. Biz həmişə özümüzdən güclü kollektivlərlə oynamaq istəyirik ki, səhvlərimizi, çatışmazlıqlarımızı görə bilək. Türkiyədəki turnir bu baxımdan da bizim üçün vacib idi. Beynəlxalq yarışlar uşaqların təcrübə toplaması üçün də lazımdı. Ölkə daxilində eyni komandalarla oynamaqla inkişaf etmək mümkün deyil. Mükafatçılar sırasına düşməsək də, qardaş ölkədən xüsusi mükafatla qayıtdıq. “Leon” turnirə qatılan “ən yaxşı əcnəbi komanda” üçün nəzərdə tutulan mükafata layiq görüldü. Çalışacağıq qarşıdakı aylarda Avropada keçirilən yarışlara qatılaq. Növbəti ilin aprelində Almaniyada təşkil olunacaq turnirdə iştirak etməyi də planlaşdırmışıq.
- Sirr deyilsə, komandanın xaricə yollanmasını kim maliyyələşdirir və bu neçəyə başa gəlir?- Baş məşqçi kimi mən komandanın hazırlığına cavabdehlik daşıyıram. Maliyyə məsələsini klubun rəhbərliyi və sponsorlar həll edir. Fürsətdən istifadə edib onlara da təşəkkür edirəm ki, bizə belə şərait yaradırlar. Uşaqların inkişafını düşünüb bu sahəyə yatırım edirlər.
RƏŞAD