Sizin reklam burada

“Neftçi” aşağı dəstə təmsilçisini darmadağın etdi

Baxış Sayı:742

“Neftçi” aşağı dəstə təmsilçisini darmadağın etdi
Millinin DÇ-2018-in seçmə mərhələsindəki oyunları ilə bağlı çempionatda yaranmış fasilədən “Neftçi” də maksimum yararlanmağa çalışır. Elxan Abdullayevin istefasından sonra baş məşqçi postu müvəqqəti Elşad Əhmədova tapşırılıb ki, əvəzedicilərin çalışdırıcısı bu müddətdə komandadakı əyər-əskikləri aradan qaldırmağa çalışır. Bunun üçün ən yaxşı vasitə isə yoldaşlıq görüşlərinin təşkilidi. Srağagün klubun Bakıxanovdakı bazasında, saat 17.00-da başlayan qarşılaşmada “ağ-qaralar”ın rəqibi birinci dəstə təmsilçisi MOİK olub. 90 dəqiqənin tamamında qələbəyə “Neftçi” sevinib. Elitanın zirzəmisində qərarlaşmış kollektiv aşağı dəstədəki rəqibinin qapısından 3 cavabsız top keçirib. 10-cu dəqiqədə Anton Krivotsyukun qapı qarşısına havalandırdığı topu MOİK-in müdafiəçisi öz qapısından keçirib. 69-cu dəqiqədə Mateo Mujek başla fərqlənib. Oyunun son dəqiqəsində isə Mirabdulla Abbasov əks-hücumu qolla tamamlayıb. Maraq üçün qeyd edək ki, son iki qolun ötürməsini Rəhman Hacıyev verib.
“Neftçi” meydana ideal heyətlə çıxa bilməyib. Buna səbəb isə bir neçə futbolçunun komandadan ayrı düşməsidi. Belə ki, Səlahət Ağayev, Ruslan Abışov, Məhəmməd Mirzəbəyov və Namiq Ələsgərov əsas yığmanın, Elnur Cəfərovla Fəhmin Muradbəyli U-21-in düşərgəsindədi. Hüqo Barqas ailə problemlərinə görə Argentinaya səfər etməli olubsa, İqnasio Errera zədəyə görə meydana çıxa bilməyib. Səkkiz nəfərin yoxluğunda Elşad Əhmədovun güvəndiyi “11-lik” belə olub: Rəşad Əzizli, Anton Krivotsyuk, Pavel Dreksa, Kiril Petrov Məqsəd İsayev, Tərzin Cahangirov, Kənan Mirzəliyev Rəhman Hacıyev, Derlis Meza Kolli, Daniel Seqoviya Mirabdulla Abbasov.
Əhmədov fasilədən sonra əsasən əvəzedici komandanın üzvlərinə şans verib. Belə ki, Maksim Vaylo, Elvin Sərkərov, Mateo Mujek, Ömər Buludov, Orxan Sabirbəyli, Əli Şirinova özünü əsas komandada göstərmək imkanı yaradıb.
Sentyabrın 10-da 4-cü tur çərçivəsində səfərdə “Sumqayıt”ın qonağı olacaq bakılılar daha bir yoldaşlıq görüşü keçirməyi qərara alıb. Sabah Bakıxanovdakı bazanın meydançasında baş tutacaq matçda əsas komandanın rəqibi “Neftçi”nin əvəzediciləri olacaq.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR