Sizin reklam burada

DÇ-ni dörd medalla başa vurduq

Baxış Sayı:433

DÇ-ni dörd medalla başa vurduq
Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatına yekun vurulub. Tural Səfquliyev (90 kq) perulu Joze Luis Arroyo Osorno və özbək Şəhzadbəy Sabirova qalib gəlsə də, serb Aleksandr Kukola uduzub. Onunla eyni çəkidə çıxış edən Məmmədəli Mehdiyev daha uzağa gedib. Ukraynalı Kedjau Nyabali, tunisli Usama Mahmud Snussi və ispaniyalı Nikolos Şerazadaşvilini üstələyən həmyerlimiz 1/4 finalda macar Kristian Tota, təsəlliverici görüşdə isə gürcü Uşanqi Marqianiyə məğlub olub. İrina Kindzerska (+78 kq) toqolu Essohanam Noeline Koro, litvalı Santa Pakenite və bosniyalı Larisa Çeriçi sıradan çıxararaq yarımfinala yüksəlib. Ukraynalı legionerin finala yolunu çinli Sonq Yu bağlayıb. Kindzerska holland Tessi Savelkulsa qalib gələrək bürünc medal qazanıb. 100 kq-da Elmar Qasımov monqol Otqonbaatar Lxaqvasuren və portuqaliyalı Xorxe Fonsekanı məyus etsə də, 1/4 finalda yapon Aaron Volfa boyun əyib. Düzdü, Elxan Məmmədov kanadalı Kayl Reyes, ukraynalı Anton Savitski və rus Kazbek Zankişiyevi üstələyərək yarımfinala adlayıb. Ancaq gürcü Varlam Liparteliani yeganə dünya çempionumuzun karyerasında 2-ci dəfə mundialın finalına yüksəlmək imkanını əlindən alıb. Təsəlliverici görüşdə belçikalı Toma Nikiforovu mübarizədən kənarlaşdıran Qasımov “bürünc” savaşında Məmmədovdan güclü olub. Uşanqi Kokauri (+100 kq) startda braziliyalı Rafael Silvaya yenilib.
Beləliklə, 2 gümüş və 2 bürünc medalla komandamız 8-ci yeri tutub. Yaponiya (7-4-1) birinci, Fransa (2-0-1) ikinci, Monqolustan (1-1-4) isə üçüncü olub. Mundiallar tarixində əldə etdiyimiz 1 “qızıl”, 4 “gümüş” və 14 “bürünc”lə ilk “30-luğ”u qapadığımızı da nəzərinizə çatdıraq.
Yeri gəlmişkən, mundialın yekununda Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer Macarıstan Cüdo Federasiyasına təşəkkürünü bildirərək, İJF-nin bayrağını onlardan təhvil alıb və gələnilki analoji yarışın təşkilatçısı, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqova təqdim edib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR