Sizin reklam burada

“Qarabağ”ı tarixi oyunda izləmək istəyənlərin nəzərinə

Baxış Sayı:2 360

“Qarabağ”ı tarixi oyunda izləmək istəyənlərin nəzərinə
Cibinizdə ən azı 2000 manat olmalıdı
“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması ölkə futbolu tarixinə qızıl hərflərlə yazıldı. Ağdam təmsilçisi qitənin ən mötəbər klub turnirində iştirak edəcək ilk Azərbaycan klubu oldu. Artıq hər kəs qrup matçlarını böyük həyəcan və həsrətlə gözləyir. Azarkeşlər indidən bilet axtarışına başlayıb. Xeyr, yalnız Bakıda baş tutacaq qarşılaşmalar üçün yox. Bəzi fanatlar var ki, komandamızın “Çelsi”, “Roma” və “Atletiko”ya qarşı səfər matçlarını izləmək istəyir. Lakin onlar bunu reallaşdırmaqda çətinlik çəkirlər. Məsələ isə viza ilə bağlıdı. ÇL-in pley-off mərhələsində “Kopenhagen”ə qarşı səfər matçını (1:2) izləmək istəyən azarkeşlərə Norveç səfirliyinin viza vermədiyini yəqin ki, xatırlayırsız. Eyni problem qrup matçlarında da yaşana bilər. Görəsən, “Stemford Bric”dəki qarşılaşmanı izləmək üçün sıravi azarkeş nə etməlidi? Onun cibində nə qədər pul olmalıdı? Londondakı görüşü izləməyə çətinlik yaradacaq səbəbləri diqqətinizə çatdırırıq.
Səbəb 1. Öncə nəzərə alaq ki, İngiltərəyə səyahət azarkeşlər üçün çətin olacaq. Ona görə ki, bu ölkənin səfirliyi çox vaxt viza verməkdən imtina edir. Həm də vaxt məsələsi var. Azarkeş viza almaq üçün lazım olan sənədləri toplamalıdı. Oyuna isə cəmi 12 gün qalıb. Bu da çox az müddət deməkdi. Düzdü, deyilənə görə, səfirlik azarkeşləri nəzərə alacaq. Amma bu o demək deyil ki, hər bir fanat viza və bileti ala biləcək. Yəni çox riskli məsələdi.
Səbəb 2. Üstəlik, xərclər azarkeşləri qane etməyəcək. Hər bir fanat 500 avro (təxminən 1000 manat) yol xərci çəkməlidi. Londonda qalmaq isə ən yaxşı halda 300 avroya (təxminən 600 manat) başa gələcək. Viza rüsumu 120 dollardı (təxminən 200 manat). Bundan əlavə, hər bir azarkeş sığorta sənədi almalıdı. Bu sənədin qiyməti də təxminən 20 avro (təxminən 40 manat) civarındadı. Sənədləri qaydasında ola, viza alan azarkeşlər xərcləri nisbətən azaltmaq üçün İngiltərəyə Gürcüstandan səfər edə bilərlər. Bu halda yol pulu 400 avro (təxminən 800 manat təşkil edəcək.
Yekun xərcləri hesablasaq, görərik ki, İngiltərədəki tarixi oyunu izləmək üçün hər azarkeşin minimum 1800 manat büdcəsi olmalıdı. Vizası olanlar isə 1600 manatla da kifayətlənə bilərlər. Lakin buna qida xərcləri daxil deyil. Londonun dünyanın ən bahalı şəhərlərindən biri olduğunu nəzərə alsaq, 3 gün ərzində bir nəfər minimum 200 avrosundan (təxminən 400 manat) keçməlidi. Bu halda ümumi məbləğ 2200 manat təşkil edəcək.
ŞƏFİ ŞƏFİYEV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR