Sizin reklam burada

Valeh Seyidov Portuqaliya klubuna keçdi

Baxış Sayı:858

Valeh Seyidov Portuqaliya klubuna keçdi
Onu “Louletano”ya Vaqif Heydərli aparıb
Portuqaliya bizim futbolçuların son iki ildə ən çox ayaq açdığı ölkədi. Kamran Ağayev, Emin Mahmudov, Budaq Nəsirov, Elnur Cəfərov… Düzdü, onlardan yalnız Budaq “Sportinq”də qalıb və növbəti mövsümdə də legioner həyatını davam etdirəcək. Əvəzində daha bir həmyerlimiz Portuqaliyada top qovacaq. Belə ki, "Bakı"nın sabiq vitse-prezidenti Yaşar Seyidovun oğlu Valeh karyerasını Kriştiano Ronaldonun vətənində davam etdirəcək. 21 yaşlı hücumçu "Louletano" klubuna keçib. "Louletano" Portuqaliyanın 3-cü liqası sayılan "Campeonato de Portugal"da çıxış edir. Loule şəhərini təmsil edən klub 1923-cü ildə yaradılıb və ev oyunlarını 5000 yerlik "Estadio do Muniçipal de Loule” stadionunda keçirir. Komandanın baş məşqçisi yenidi. Belə ki, ötən mövsüm sequndaya vəsiqə uğrunda pley-off görüşlərindəki uğursuzluqdan sonra rəhbərlik yeni çalışdırıcı Sander Guerreyro ilə anlaşıb.
Qeyd edək ki, "Campeonato de Portugal"da artıq 2 tur arxada qalıb. Valehin komandası mövsümə “Olimpik de Montiyo” ilə matçla start verib və evdə keçirdiyi açılış oyununda 0:1 hesabıyla məğlub olub. İkinci turda isə “Louletano” səfərdə “Almansilense”yə qalib gəlib - 2:1. Beləliklə, hesabında 3 xal olan Loule təmsilçisi mübarizə apardığı divizionun E qrupunda 16 komanda arasında 7-ci yerdə qərarlaşıb. Çempionatda 3-cü turun oyunları sentyabrın 10-da keçiriləcək ki, rəqib “Olhanense” olacaq. Ancaq Seyidovun debütü daha tez – sentyabrın 3-də baş tuta bilər. Belə ki, həmin gün Portuqaliya kubokunda ilk mərhələnin oyunlarına start veriləcək. “Louletano” evdə “Kastrense”ni sınağa çəkəcək.
Onu da öyrəndik ki, Valehi Portuqaliyaya Budağın “Sportinq”ə keçidini həll edən menecer Vaqif Heydərli aparıb. Əslində Seyidovun Portuqaliyanın güclülər dəstəsinə keçmək ehtimalı var imiş. Bəzi variantlar olsa da, öz yaş qrupları üzrə Azərbaycan birinciliklərində dəfələrlə çempionluq yaşayan, bombardir olan istedadlı futbolçunun yolunu indiyə qədər millidə çıxış etməməsi kəsib. Düzdü, Valeh bir neçə dəfə aşağı yaş qrupları üzrə milli komandaların formasını geyib. Ancaq nə yeniyetmələrdə, nə də U-21-də bir dəfə də olsun, FİFA-nın rəsmi oyun status daşıyan matçlarında forma geyməyib. Buna görə Seyidov aşağı liqada oynamağa razılıq verib. Onun gələcəkdə güclülər dəstəsində oynamaq ehtimalı var.
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR