Sizin reklam burada

Cüdo tariximizdə ilk yaşansa da…

Baxış Sayı:760

Cüdo tariximizdə ilk yaşansa da…
Növbəti medal Rüstəm Orucovdan gəldi
Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir. Çərşənbə axşamı kişilərdə 66, qadınlarda 52 kq-da mübarizə baş tutdu. Nəzakət Əzizova (52 kq) ilk mərhələdə mərakeşli İkram Sukateyə qalib gəlsə də, kosovalı Distria Krasniqiyə uduzdu. Monqolustanlı legioner Buyanxişiq Purevsuren elə debütdə rus Natalya Kuziutinaya məğlub oldu. Təcrübəli Nicat Şıxəlizadə (66 kq) də mundialla erkən vidalaşdı. Hərçənd həmyerlimizin qazax Yeldos Jumakanova hakimin mübahisəli qərarıyla yenildiyini də qeyd edək. Referi Şıxəlizadənin 3 dəfə qaydanı pozduğu qənaətinə gəldi. 3 cərimə xalı (şido) isə avtomatik məğlubiyyət anlamına gəlir.
Ancaq dünən hesabımıza daha bir medal yazıldı. Elə əvvəldən 73 kq-da uğur qazanacağımıza inanırdıq. Çünki bu çəkidə iki güclü cüdoçumuz çıxış edirdi. Amma buna qədər daha iki qadın cüdoçumuzun mübarizəni erkən başa vurduğunu qeyd edək. 57 kq-da İçinxorlu Munxtsedev ispan Jayone Equisoain, Səkinə Zayirova isə slovakiyalı Viktoriya Mayorosova qarşısında aciz qaldı. İndi isə keçək 73 kq-da başverənlərə. Cüdo tariximizdə ilk dəfə dünya çempionatında 1 çəkidə iki idmançımız yarımfinala yüksəldi. Böyüklərin mundialında debüt edən Hidayət Heydərov bu mərhələyədək mərakeşli Əhməd Əl Meziatini, rumıniyalı Aleksandru Raikunu, kubalı Maqdiel Estradanı və rus Denis Yartsevi vaxtından əvvəl məyus etdi. Rüstəm Orucov əvvəlcə kosovolu Akil Qyakovanı “ippon”la üstələdikdən sonra fransız Pyer Dupratı 1 “vazari” ilə mübarizədən kənarlaşdırdı. Olimpiadanın gümüş medalçısı tacik Bəhruzi Xocazadəni 3 “şido”yla devirə bildisə, çinli Sai Yinjirqalanı gözəl fəndlə “ippon”a saldı. Heydərov yarımfinalda təhsil aldığı ali məktəbin imtahanına görə DÇ-yə qatıla bilməyən olimpiya çempionu Şohey Ononu əvəzləyən Soiçi Haşimoto ilə qarşılaşdı. Cəmi 20 yaşı olmasına baxmayaraq, bu çəkidə dünya reytinqinə başçılıq edən həmkarına açıq mübarizə təklif edən Hidayət bir neçə dəfə fənd etmək istədi. Ancaq yapon cüdoçu çox yaxşı müdafiə olunurdu. Haşimotonun sona 1 dəqiqə 12 saniyə qalmış cəld hərəkətlə səlist yerinə yetirdiyi fənddən qurtulmaq isə mümkün deyildi. Hidayət mundialın yarımfinalında ən güclü rəqibə uduzsa da, göz yaşlarını saxlaya bilmirdi. Görünür, istedadlı cüdoçu Budapeştə yalnız çempionluq üçün yollanmışdı. Bəlkə də bu üzdən bürünc medal uğrunda görüşə lazımınca köklənə bilmədi. Nəticədə monqolustanlı Odbayar Qanbaatara uduzaraq fəxri kürsüdən kənarda qaldı. Bu il keçirilən yarışlarda Heydərovun kölgəsində qalan Orucov yarımfinalda koreyalı Çanqrim Ana cəmi 30 saniyə ərzində “ippon”la qalib gələrək sindromu qırdı. Beləliklə, Rüstəm karyerasında ilk dəfə DÇ-nin finalına yüksəldi. Haşimotoyla görüşün əsas vaxtında tərəflər xal qazana bilmədi. Əlavə vaxtda Rüstəmin bir fəndi xal kimi dəyərləndirilmədi. Əvəzində şübhəli vəziyyətdə Soiçinin fəndi “vazari” kimi qiymətləndirildi. Belədə Orucov “gümüş”lə kifayətləndi.
Hazırda ölkəmiz 2 gümüş medalla 3-cü pillədə qərarlaşıb. Bizdən yuxarıda Yaponiya (5-2-1) və Monqolustan (1-1-2) yer alıb.
Bu gün kişilərdə 81, qadınlarda isə 63 kq-da qaliblər müəyyənləşəcək. 81 kq-da heç bir təmsilçimiz yoxdu. 63 kq-da Gülsədəf Kərimova çıxış edəcək. O ilk mərhələdə venesuelalı Anrikuelis Barriosla qarşılaşacaq.
Bu arada ilk yarış günündə gümüş medal qazanan Orxan Səfərov (60 kq) keçirdiyi qarşılaşmalardan danışıb: “Smetov və Urozboyevin mübarizə üslubu fərqlidi. Urozboyev daha açıq güləşir və ona qalib gələcəyimə inanırdım. Mənə, sadəcə, gözləmək lazım idi. Özbəkistanlı idmançı səhvə yol verməyə başladı. Smetovu isə fəndlə tutmaq çətindi. Olimpiadanın yarımfinalındakı məğlubiyyəti nəzərə alaraq deyə bilərəm ki, əsas mübarizəm onunla oldu. Çox istəyirdim ki, onu məğlub edim və bunu bacardım. Finalda yalnız qızıl medal uğrunda mübarizə aparmaq istəyirsən. Qızıl medal qazanıb Azərbaycanın cüdo tarixinə düşmək istəyirdim. Çünki ölkəmizdə yalnız Elxan Məmmədov bu titulu qazanmağa müvəffəq olub. Kapitanımızın göstərdiyi nəticəni təkrarlamaq istəyirdim. Mən solaxayam və Naohişa qarşılaşma boyunca sol əlimi nəzarətdə saxlayırdı. Üstəlik, yapon cüdoçu bəstəboydu və sol əlini geri çəkib yalnız aşağıdan həmlə edir. İlişdirmə və pəncə ilə vurma onun sevimli fəndləridi. Əks halda, nəticə başqa cür də ola bilərdi. Takatoya qalib gəlmək üçün onu qabaqlamaq, sol əlini bağlamaq və sağ tərəfində dayanmaq lazımdı... Bu, cüdo tariximizdə ən güclü komandadı. Şadam ki, elə ilk gündə fərqlənə bildim və uşaqları ruhlandırdım. Əminəm ki, qızıl medallarımız olacaq”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR