
U-21 seçmə mərhələyə İsraildə başlayır
U-21-lər arasında Avropa çempionatı
Seçmə mərhələ, 5-ci qrup
İsrail – Azərbaycan
Hakimlər: KATALİN QAMAN, Mirça Qriqoriu, Marius Nikoare, Katalin Popa (hamısı Rumıniya).
31 avqust. Akko. Munisipal stadionu. Saat 20.30
Bu gündən etibarən qarşıdakı 6 gün ərzində milli komandaların DÇ-nin seçmə mərhələsində oyunları olacaq. Bu arada həm də 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti görüşlər keçiriləcək. 5-ci qrupda da bir qarşılaşma baş tutacaq ki, bu matçda məhz yığmamız meydana çıxacaq. Beləliklə, Yaşar Vahabzadənin rəhbərlik etdiyi U-21 AÇ-2019-un seçmə mərhələsində ilk görüşünü keçirəcək. Start İsraildə gerçəkləşəcək ki, bu, hər iki yığmanın yeni tsikldə “siftə”si olacaq. Qrupumuzda 3 oyun keçirilsə də, Azərbaycan və İsrail mübarizəyə yalnız indi qoşulur. Dörd gündən sonra daha güclü İrlandiyanı qəbul edəcək millimiz ilk səfərdən xalla dönmək üçün mübarizə aparacaq. Yeni tsiklə yeni ümidlərlə başlayan yığma yekunda qənaətbəxş nəticə əldə etmək üçün ilk matçdan iddiasını ortaya qoymalıdı.
Rumıniyadan olan hakimlərin idarə edəcəyi qarşılaşma Akko şəhərində baş tutacaq. Matç 5 min tamaşaçı tutumuna malik arenada keçiriləcək. Yığmamızın tsikldəki ilk oyunu Bakı vaxtı ilə saat 20.30-da başlayacaq.
Yaşar Vahabzadə İsrailə 21 nəfərlik heyətlə yollanıb. Hərçənd düşərgəyə 22 futbolçu dəvət olunmuşdu. Ancaq “Kəpəz”li İlkin Sadıqov zədəli olduğu üçün sonradan adı siyahıdan çıxarıldı. Beləliklə, təcrübəli mütəxəssis İsraildə bu futbolçulara güvənəcək: Oleq Hüseynov, Taşkın Sertan, Vüqar Həsənov, Əlibəy Məmmədli (hamısı “İnter”), Xəyal Nəcəfov, Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə (hamısı “Sumqayıt”), Fəhmin Muradbəyli, Elnur Cəfərov (hər ikisi “Neftçi”), Eltun Turabov, Elgün Uluxanov (hər ikisi “Qarabağ”), İlyas Səfərzadə (Kəpəz), Yusif Nəbiyev (Zirə), Qismət Alıyev (Qəbələ), Aydın Bayramov (MOİK), Əmirhüseyn Nəcəfi (Səbail), Alen Əsgərov (“Noviqrad”, Xorvatiya), Onur Albayrak (“Hobro”, Danimarka), Ozancan Kökcü (“Bursaspor”, Türkiyə), Sərkan Baloğlu (“Ştutqart”, Almaniya), Mustafa Özhitay (“Ulm 1846”, Almaniya).
İlkinin sıradan çıxması, Mahir Mədətovun əsas milliyə çağırılması hücum xəttində sıxıntı yaratsa da, Vahabzadə bundan narhat deyil. Nə qədər qəribə səslənsə də, baş məşqçini İsrail haqda məlumatsızlıq qayğılandırır. Bu həyəcan isə başadüşüləndi. Görünür, təcrübəli mütəxəssis 4 il əvvəl İsraildə U-21-in başına gələnlərdən ehtiyatlanır. Düzdü, Bernard Lippertin baş məşqçi olduğu dövrdə səfərdə 2:7 hesabıyla darmadağına məruz qalan yığma Bakıda qisasını elə böyükhesablı qalibiyyətlə almışdı. 2014-cü il sentyabrın 3-də baş tutan görüşdə U-21-in qollarına Rəhman Hacıyevlə (2 qol) Ağabala Ramazanov imza atmışdı. Ümumiyyətlə, gənclər millisi səviyyəsində İsraillə 4 dəfə qarşılaşmışıq. Bu görüşlərdə heç-heçə olmayıb: 3 dəfə rəqib, 1 dəfə bizimkilər qalib gəlib. Top fərqi isə 13:6-dı.
U-21 tarixində 12-ci tsiklə start verəcək. Belə ki, yığmamız indiyədək 11 qitə çempionatına vəsiqə uğrunda mübarizə aparıb. AÇ-2007-nin təsnifat mərhələsində büdrəyən gənclər 10 dəfə qrup mərhələsində qüvvəsini sınayıb. Daha bir dəfə - AÇ-1998-də isə yarışa qatılmamışıq. Ardıcıl 9 dəfə startda uduzan U-21 son iki turnirə xalla başlayıb. AÇ-2015-in ilk oyununda bərabərlik sevinci yaşayan milli ötən tsiklə qələbə ilə başlayıb.
AÇ-1996
06.09.1994. Rumıniya - Azərbaycan 5:2
AÇ-2000
04.09.1998. Slovakiya – Azərbaycan 2:1
AÇ-2002
02.09.2000. Azərbaycan – İsveç 0:5
AÇ-2004
06.09.2002. Azərbaycan – İtaliya 0:3
AÇ-2006
03.09.2004. Azərbaycan – Uels 0:1
AÇ-2007
11.05.2006. Azərbaycan – İrlandiya -:+
AÇ-2009
02.06.2007. Yunanıstan - Azərbaycan 4:1
AÇ-2011
05.09.2009. Albaniya - Azərbaycan 1:0
AÇ-2013
01.09.2011. İngiltərə - Azərbaycan 6:0
AÇ-2015
08.06.2013. Azərbaycan – Makedoniya 0:0
AÇ-2017
15.06.2015. Farer adaları – Azərbaycan 0:1
MİRAĞA