Çərşənbə axşamı AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Bəribaşdan qeyd edək ki, 2-ci turda cəzalıq nəsə baş vermədiyini bildirən komitə üzvləri ötən həftə yığışmağa ehtiyac duymamışdı. Əslində isə əvəzedicilərin yarışında 400 manat cəriməlik “iş” var idi. Görünür, bunu nəzərdən qaçıran İK avqustun 29-da keçirdiyi toplantıda ilk növbədə həmin oyunu müzakirə edib. Beləliklə, “Qarabağ”la oyunda 4 futbolçusu sarı vərəqə alan “İnter”in cəriməsi elan olunub.
Son tura gəlincə, “İnter” “Səbail”lə oyuna görə də “yaxasını ələ verib”. 63-cü dəqiqədə sabiq “bankirlər”in müdafiəçisi Tərlan Quliyev ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırılıb ki, o, 4-cü turda da komandasın kömək edə bilməyəcək. Tərlanın 1 oyunluq cəzasına 200 manat cərimə də əlavə olunub.
“Qarabağ”ı isə tərəfdarları ziyana salıb. “Qəbələ” ilə “Azərsun Arena”da baş tutan matçın 69-cu dəqiqəsində, qonaqların bərabərlik qolundan sonra Ağdam təmsilçisinin azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığına görə klub 1600 manat cərimə olunub.
Cari mövsümdə qazandığı ilk xal “Neftçi”yə 800 manat bahasına başa gəlib. Belə ki, “Kəpəz”lə oyunda “ağ-qaralar”ın 4 üzvü “sarı” alıb. Bu da avtomatik “40-cı maddə”nin tətbiqinə şərait yaradıb.
Əvəzedici komandaların yarışında 3-cü turda üç klub cəza və cəriməyə məruz qalıb. Əslində isə iki qarşılaşmada sanksiyaya səbəb olan qayda pozuntusu aşkara çıxarılıb. “İnter" – “Səbail” matçında meydan sahibləri vərəqə sayının çoxluğuna görə 400 manat cərimələnib. Bundan başqa, 43-cü dəqiqədə “Səbail”in məşqçisi Toğrul Əhmədov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırılıb. Belədə intizamsız məşqçi 1 oyun cəzalanıb, klub 400 manat cərimələnib. “Neftçi"ylə “Kəpəz”in əvəzedicilərinin görüşündə isə qərb təmsilçisi “vərəqə planını doldurub”. Başqa sözlə, “Kəpəz” 400 manat “tərləyəcək”.
Beləliklə, son iclasda klublara 4200 manat cərimə kəsilib. Nəticədə ilk üç turda cərimə sanksiyaları üzrə nəzərdə tutulan məbləğ 5900 manata çatıb.