Sizin reklam burada

Bəhmən Həsənovun “Göyçə”si çempionluğu hədəfləyib

Baxış Sayı:598

Bəhmən Həsənovun “Göyçə”si çempionluğu hədəfləyib
“Sponsorumuz tanınmış hüquqşünaslardan biri, savadlı iqtisadçıdı”
Bu gedişlə növbəti mövümdə birinci divizionda əsl qırğın olacaq. Ötən ilin iddialıları öz yerində. Son vaxtlar transferləri ilə diqqəti çəkən “Şüvəlan”, “Binə”, “Göyçə” də çempionluqdan danışıb, birinci diviziondan dəm vurur. Amma futbolçuların adlarına baxsaq, ən çox diqqəti çəkəni “Göyçə”di. Bəhmən Həsənovun formalaşdırdığı kollektivdə yetərincə tanınmış azərbaycanlılar və br neçə legioner yer alıb. Məqsəd isə növbəti mövsüm elitada mübarizə aparmaqdı. Çoxlarının “Göyçə” haqda geniş bilgisi olmadığından həm klub, həm komanda, həm də gələcək planlarla bağlı məlumatlar toplamağa çalışdıq. Kimdən? Təbii ki, baş məşqçi Bəhmən Həsənovdan.
- Bildiyimə görə, qollarınızı çırmalamısız, əməlli-başlı iş gedir. Hazırda düşərgədə neçə futbolçu var?
- Nəsə etmək istəyirsənsə, işləmək lazımdı. Ona görə də maksimumu etməyə çalışırıq. Hazırda komandada 24 futbolçu var. 16-sı sırf peşəkarlardı, hansıların ki, premyer-liqa təcrübəsi var, futbol ictimaiyyəti onları tanıyır. Aralarında vaxtilə əsas millinin şərəfini qoruyanlar da var. Qalan 8 futbolçu isə limitin tələblərinə cavab verən gənclərdi. 1996-99 təvəllüdlü oyunçuları nəzərdə tuturam. Sağlıq olsun, çempionatda onları görəcəksiz.
- Məşqləri harda keçirsiz, harda məskunlaşırsız?
- “Bakı”nın təlim-məşq bazasında hazırlaşırıq. Məşqləri, yoldaşlıq oyunlarını orda keçirik. Məskunlaşmaq deyəndə ki... Futbolçular evlərində qalır. Uzaqdan gələnlər isə mənzil kirayələyir.
- Çempionat oyunlarını harda keçirəcəksiz?
- “Bakı”nın bazasında iki meydança sərəncamımızda olacaq. Biri təbii, digəri süni örtüklü. Yayın istilərinə baxmayaraq, hazırda otun vəziyyəti yüksək səviyyədədi. Kommunal xidmətlərlə bağlı da çətinlik yoxdu. Rəqiblərimizi “təbii”də qəbul edəcəyik, məşqləri “süni”də keçəcəyik. Yəni razılıq belə olub. Yağışlı, qarlı havalarda yenə təbii örtükdən yararlanacağıq.
- Təcrübəli futbolçular dediz. Kimlərdi?
- Ramazan Abbasov, Saşa Yunisoğlu, Tagim Novruzov, Nuqzar Kvirtiya, Ruslan Cəfərov... Vaxtilə Rusiya premyer-liqasında çıxış etmiş “Maşuk”un qapıçısı da bizimlədi. Bir neçə gün öncə “Alaniya”dan təklif almışdı. Lakin “Göyçə” ilə müqavilə bağladığına görə burda qalmalı oldu.
- Əcnəbilərin sayı çox olacaq?
- Hazırda dörd legionerimiz var. Bildiyiniz kimi, növbəti mövsümdə ilk “11-lik”də iki legionerin yer almasına icazə veriləcək. Növbəli sistemlə hər birinə şans verəcəyik. Bir müddət əvvəl elə sizin qəzetə müsahibə vermiş əslən azərbaycanlı, İran vətəndaşı Ərfan Cabbari da komandamızdadı. Ondan başqa daha bir iranlı var. Tanıdığım futbolçulardı, şəxsən dəvət etmişəm. Ötən il “Rəvan”ın heyətində çıxış etmiş oyunçulardı. Fiziki hazırlıqlarına və texniki bacarıqlarına söz ola bilməz. Bir az taktika baxımından “axsayırlar” ki, çempionatın startına qədər aradan qalxacaq.
- Hədəf nədi?
- Mövsümü çempion kimi başa vurub premyer-liqaya yüksəlmək. Heyətimiz və şəraitimiz buna imkan verir. Qalır işləmək və nəticə vermək. Sponsorlar komandaya hər cür şərait yaradıb.
- Premyer-liqaya yüksəlmək Bəhmən Həsənovun özünun öz qarşısına qoyduğu hədəfdi, yoxsa rəhbərliklə razılıq belə olub?
- Rəhbərliyin hədəfi premyer-liqaya vəsiqə qazanmaqdı. Mənim məqsədim isə bunu çempion olmaqla bacarmaqdı.
- Bu qədər iş görürsüz, gələcəklə bağlı xoş arzular var. Klubun lisenziya tələblərinə cavab verə biləcəyinə əminsiz?
- Bizdən tələb olunan bütün sənədləri təqdim etmişik. Hətta ən çətin görünən bank təminatı ilə bağlı sənədi də. Legioner futbolçuların cəlb olunması üçün lazımi qurumların icazəsi olmalıdı. Bu icazəni də almışıq və sifariş etməkdə problem yoxdu. Bu baxımdan heç bir problem yoxdu.
- Sponsorlar dediz. Büdcə bir əldən maliyyələşəcək, yoxsa bir neçə əldən? Qərbi azərbaycanlıların çevrəsi geniş olur, bir-birinə əl tutandılar.
- Baş məşqçi olaraq yalnız Mübariz Məmmədovu tanıyıram. Bilirəm ki, sponsorumuz odu, ciddi işlərlə məşğuldu. Tanınmış hüquqşünaslardan biridi, həm də savadlı iqtisadçıdı. Ola bilsin, əhatəsində kimlərsə var, hardansa maliyyə dəstəyi olur. Amma mənim tanıdığım bircə Mübariz bəydi.
- Büdcə səfər oyunlarına bir gün əvvəldən getməyə, oteldə məskunlaşmağa, gündə üç dəfə qidalanmağa imkan verəcək?
- İlk növbədə bu kimi məsələlər nəzərə alınıb. Premyer-liqa arzulayan komanda belə məqamlarda problem yaşamamalıdı. Bütün işlərə premyer-liqa səviyyəsində yanaşmalıyıq ki, sabah çətinlik olmasın. Tovuza, yaxud Zaqatalaya oyun günü yollansaq, 7-8 saat yol gedən futbolçulardan heç nə tələb edə bilmərik. Adam bir-iki saat ayaqüstə duranda ayaqlar sözə baxmır. O ki qalmışdı Bakıdan rayona gedəsən, dərhal da çıxıb futbol oynayasan. Ona görə də səfərlərə bir gün əvvəldən çıxacağıq.
- İranda çalışmaq təklifi almışdız, getmədiz. Daha sonra mövzu yenidən gündəmə gəldi. Son durum necədi?
- Premyer-liqa təmsilçilərindən birinin rəhbərliyi mənə idman direktoru postunu həvalə etmək istəyirdi. Elə bir vəzifə idi ki, klubda görülən işlərə nəzərət etməli, baş məşqçi ilə daim ünsiyyətdə olmalıydım. Açığı, razılaşmadım. Bu yaxınlarda birinci divizion komandası xidmətimdə maraqlıydı. Yenə razılaşmadım. Çünki bu dəqiqə bütün fikrim “Göyçə”dədi, ciddi işlər görməliyik. Bu həftə ərzində İranın tanınmış telekanallarından birində müsahibəm yayınlanacaq. Azərbaycan futbolundakı inkişafdan, iki ölkənin futbolundakı fərqdən, ölkəmizdəki akademiyalardan danışmışam.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR