Sizin reklam burada

Oqtay Abdullayev “Turan Tovuz”un məqsədini açıqladı

Baxış Sayı:866

Oqtay Abdullayev “Turan Tovuz”un məqsədini açıqladı
“İndi komandaya heç kim yaxın durmaq, pul vermək istəmir”
Ötən mövsüm birinci divizionda çempion olan “Turan Tovuz”un premyer-liqada iştirak etməsinə icazə verilmədi. Buna klubun sponsorunun olmaması və lisenziya tələblərinə cavab verməməsi səbəb oldu. İşə millət vəkili Qənirə Paşayeva belə qarışsa da, çempion komanda elitadan kənarda qaldı. Rəhbərlik bütün yollara əl atıb, pul axtarsa da, heç bir xeyri olmadı. Hətta “Turan Tovuz”un yayda fəaliyyətini dayandıracağı gözlənilirdi. Bəli, AFFA-nın artıq klubu maliyyələşdirmək istəməməsi ilə bağlı da xəbərlər yayılmışdı. Hətta assosiasiya ötən mövsümün son aylarının pulunu kluba ödəyə bilmədiyindən, bölgə təmsilçisi futbolçulara son ayların maaşını ödəyə bilmirdi. Lakin AFFA son anda “Turan Tovuz”u maliyyələşdirməyə razı oldu.
Klubun büdcəsində əvvəlki mövsümlərlə müqayisədə dəyişiklik olmadı. Amma maliyyə problemi üzündən komandanın yay hazırlığı gec start götürdü. Qarşıya hansı hədəfin qoyulduğu da bəli deyil. Kollektiv 20 günə yaxındı Tovuzda, Əsgər Abdullayevin başçılığı altında məşq edir. İndiyə kimi isə yoxlama oyunu keçirilməyib. Komandanın düşərgəsi ilə bağlı ən son məlumatları almaq üçün təcrübəli mütəxəssislə danışmağı lazım bildik. Lakin o, telefon zənglərimizə cavab vermədi. Ardınca klubun Müşahidə Şurasının sədri Oqtay Abdullayevlə əlaqə saxladıq. O, komandanın hazırlığı davam etdirdiyini söylədi: “20 günə yaxındı hazırlığa başlamışıq. Hazırda komanda tam formalaşmayıb. Ona görə düşərgədə dəqiq neçə futbolçunun olduğunu söyləyə bilmərəm. Onu bilirəm ki, yeni futbolçular dəvət edirik. Məşqçilər korpusu tərəfindən bəyənilənlər komandada qalacaq. Əsgər müəllimin telefon zənglərinə niyə cavab vermədiyini bilmirəm. Bəlkə başı qarışıqdı, bəlkə də danışmaq istəmir. Onu da başa düşmək lazımdı. Özüm hər gün əlaqə saxlayıb, məlumatları alıram. Nə lazımdı, kömək edirəm. Yaxın günlərdə özüm də gedib, hamısı ilə söhbət edəcəm”.
Oqtay bəy komandanın sentyabrın 3-də ilk yoxlama oyunu keçirəcəyini söylədi: “Çempionatın başlamasına az vaxt qalıb. İndiyə kimi yoxlama oyunu keçirməmişik. Sentyabrın 3-də ilk sınaq matçına çıxacağıq. Rəqib aşağı dəstə təmsilçisi “Göyəzən” olacaq. Ondan sonra da bir görüş planlaşdırırıq. Amma hələlik rəqibin kimliyinə aydınlıq gəlməyib. Sonra çox güman, komanda Bakıya gələcək. Çempionat başlayana kimi paytaxtda da bir oyun oynaya bilsək, əla olar”.
Klub rəsmisi növbəti mövsümdəki hədəflə bağlı verilən sualı belə cavabladı: “Hansısa yer tutmaq uğrunda mübarizə aparacağımızı demək olmaz. Mən həmişə açıq danışan adamam. Əsas məqsədimiz gənc futbolçuları üzə çıxarmaq olacaq. Uşaq futbolunu inkişaf etdirmək istəyirik. Niyə? Ona görə ki, indi komandaya heç kim yaxın durmaq, pul vermək istəmir. Yəni yaxşı heyət formalaşdırarıq, gedib yer tutarıq, amma bizim maliyyəmiz olmayacaq. Ötən mövsüm necə oldu? Çempion olduq, amma büdcəyə görə elitaya çıxmadıq. İstəmirik eyni taleyi yaşayaq. Ondansa, gəncləri üzə çıxaraq, nə vaxt pulumuz olar, o vaxt elitaya yüksələrik”.
Abdullayev həm də futbolçuların borclarının ödənildiyini söylədi: “AFFA maliyyəni əvvəlki səviyyədə ayırır. Yenə kömək edəcəklərini deyiblər. Bizim ötən mövsümdən heç kimə borcumuz qalmayıb. Bütün futbolçuların borclarını ödəmişik”.
ŞƏFİ ŞƏFİYEV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR