Sizin reklam burada

“Şəmkir” birinci divizionda iştirak etməyəcək

Baxış Sayı:641

“Şəmkir” birinci divizionda iştirak etməyəcək
Rayonda mükafat fondu 9500 manat olan turnir keçirilir
Ötən mövsüm birinci divizionun başıbəlalı iştirakçılarından biri də “Şəmkir” oldu. Mövsümün əvvəlində öncə “Avrasiya” klinikası ilə əməkdaşlıq edən bölgə təmsilçisi çox keçmədən sponsorunu dəyişdi. Bu dəfə Gəncə Beynəlxalq Xəstəxanası klubu maliyyələşdirməyə başladı. Yeni prezident isə klinika ilə yaxşı əlaqələri olan Elvin Səfərli oldu. Komandaya hamımızın yaxşı tanıdığı Qəhrəman Əliyev baş məşqçi gətirildi. Daha doğrusu, geri qaytarıldı. Hətta “Şəmkir” qış təlim-məşq toplanışını Türkiyədə keçdi. Hamı bu komandanın uzun illər sonra premyer-liqaya yüksələcəyini deyirdi. Amma fasilədən sonra hər şey dəyişdi. Qəhrəman bəy “Rəvan”a 1:2 hesablı məğlubiyyətdən sonra istefaya göndərildi. Onun yerinə isə əvvəllər “Şəmkir”də oynamış Badri Kvaratsxeliya gətirildi. Lakin gürcü mütəxəssis də daxili ab-havası qaydasında olmayan kollektivi ayağa qaldıra bilmədi. Ardıcıl uğursuz nəticələr sonda “Şəmkir”in 6-cı yeri tutması ilə nəticələndi.
Buna baxmayaraq, Elvin Səfərli premyer-liqada iştirak üçün sənədləri AFFA-ya təqdim etdi. Amma assosiasiya bölgə klubunun istəyini rədd etdi. Çünki büdcəsi olmayan klubun sabahına inam yox idi. “Şəmkir” məhz maliyyə meyarlarına cavab verə bilmədiyinə görə çempionata buraxılmadı. Bundan sonra klubda aləm bir-birinə dəydi. Hətta Səfərli futbolçulara son ayların maaşlarını da ödəmədi. Klubun fəaliyyətini dayandıracağı gündəmə gəldi. Klub prezidenti özü isə Türkiyəyə qaçıb və orda gizlənib. Aşağı dəstədə mövsümün başlamasına sayılı günlər qalıb. Artıq “Şəmkir”in də çempionatda çıxış edib-etməyəcəyi ilə bağlı hər şeyə aydınlıq gəlib. Komanda növbəti mövsüm aşağı dəstədə oynamayacaq. Bu haqda Şəmkir rayon İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.
Buna baxmayaraq, Şəmkir futbolsuz qalmayacaq. Komandanın çempionatdan imtinasının başqa səbəbi var. Belə ki, rayon rəhbərliyi gəncləri tapmaq və gələcəkdə qurulacaq komandanın əsas özəyini formalaşdırmaq istəyir. Bu məqsədlə mükafat fondu 9500 manat olan rayon birinciliyinə start verilib. Birinci yerə 5 min, ikinci yerə 3 min, üçüncü yerə isə 1500 manat mükafat veriləcək. Turnir 4 qrupdan ibarət olmaqla 16 komandanın iştirakı ilə keçirilir. “Şəmkir”in 2018/19 mövsümündə yenidən birinci divizionda iştirakı planlaşdırılır.
ŞƏFİ ŞƏFİYEV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR