Sizin reklam burada

Səfərdə polşalı, evdə monteneqrolu

Baxış Sayı:501

Səfərdə polşalı, evdə monteneqrolu
Yığmanın DÇ-nin seçmə mərhələsi çərçivəsində gələn ayın əvvəlində keçirəcəyi oyunların hakimləri artıq bəllidi. Sentyabrın 1-də Norveçlə görüşü polşalı Daniel Stefanski idarə edəcək. Ona həmyerliləri Roben Marçin Boniek və David Qolis kömək edəcəksə, 4-cü hakim funksiyasını Bartoş Frankovski yerinə yetirəcək. Matçın hakim-inspektoru ingilis Con Peterdisə, komissarı rumın Nikolay Kamelyadı. İndiyədək 28 beynəlxalq oyunda əsas söz sahibi olan Stefanski bizə tanış simadı. O ötən yay “Lill” – “Qəbələ” matçında (1:1) ədaləti qoruyurdu. Həmin görüşdə polşalı referi meydan sahiblərinin 1, “qırmızı-qaralar”ın 2 futbolçusuna sarı vərəqə göstərmişdi.
Sentyabrın 4-də baş tutacaq Azərbaycan – San Marino dueli isə Monteneqrodan olan hakimlər briqadasına həvalə olunub. “Bakcell Arena”da reallaşacaq qarşılaşmanın baş hakimi Nikola Dabanoviç, laysmanları Milutin Cukiç və Yovitsa Tatar, 4-cü hakimi isə Pavle Radovanoviç olacaq. Həmin matçda idarəçiliyə danimarkalı Kay Osterqrad qiymət verəcəksə, matçın komissarı qazaxıstanlı Oljas Abrayevdi. İndiyə qədər 47 beynəlxalq görüşün baş hakimi olan Dabanoviç də artıq bir dəfə təmsilçimizin oyununda ədaləti qoruyub. O, iki il öncə U-19-un Fransa ilə AÇ-nin elit mərhələsindəki duelini idarə edib. Həmin matçda millimiz iki cavabsız qolla məğlub olubsa, Dabanoviç fransızlara 2, bizimkilərə isə 1 sarı vərəqə göstərib.
Yeri gəlmişkən, Norveçin baş məşqçisi Lars Laqerbek yığmamızla oyunöncəsi hazırlığı dəyərləndirib, matçla bağlı düşüncələrini dilə gətirib: “Məşqlərdə çatışmayan cəhətləri aradan qaldırmağa çalışırıq. Müdafiə olunmaq mənasında bəzi dəyişikliklər edirik. Meydanda daha aqressiv oyun sərgiləməliyik. Rəqibin indiki komandamız haqda az məlumatlı olması bizim üçün üstünlük olar. Amma indi hamının təhlil proqramı var. Odu ki, rəqibin oyunu sizi nadir hallarda təəccübləndirə bilər. Çünki neçə çıxış edəcəklərini apardığınız təhlillər əsasında bilirsiz. Azərbayvcan əvvəllər daha çox müdafiə olunmağa diqqət ayırırdı. İndi isə daha güclüdülər. Rəqibin yarımmüdafiə xəttində braziliyalı futbolçu çıxış edir. Gözlədiyimdən daha yaxşı oynayacaqlarını düşünmürəm. Amma istənilən halda, futbolçularımı bütün vəziyyətlərə hazırlayacam. Meydana 3 xal üçün çıxacağıq. Komandanı qələbələr formalaşdırır. Nə qədər çox qalib gəlsəz, mental olaraq, bir o qədər güclü kollektivə çevrilərsiz”.
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR