Sizin reklam burada

Vahabzadə İsralin oyunlarının videosunu tapmaqda çətinlik çəkir

Baxış Sayı:454

Vahabzadə İsralin oyunlarının videosunu tapmaqda çətinlik çəkir
“Milliyə iddialı futbolçunun klubda şans qazanmaması çox pisdi”
Bildiyiniz kimi, 21 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsinə hazırlaşır. Komandamız avqustun 31-də İsrail yığması ilə qarşılaşacaq. Baş məşqçi Yaşar Vahabzadə toplanışa 22 futbolçu dəvət etmişdi. Lakin mütəxəssis onlardan birinin xidmətindən yararlana bilməyəcək. Bu İlkin Sadıqovdu (Kəpəz). Belə ki, Sadıqov premyer-liqanın 3-cü turunun "Neftçi" - "Kəpəz" oyununda (0:0) zədələndiyinə görə yığmadan ayrılıb.
Mərdəkanda yerləşən milli komandaların təlim-məşq bazasında hazırlaşan U-21-in düşərgəsində başverənlərlə daha ətraflı maraqlanmaq üçün Vahabzadə ilə danışmaq qərarına gəldik. Onun sözlərinə görə, komanda gündə bir dəfə məşq edir: “Artıq iki gündü komanda bir yerdədi. Hazırda durum normaldı. Gündə bir dəfə məşq edirik. Uşaqlar məşqlərdə ürəklən iştirak edir, çalışırlar. Dəvət etdiyim 22 futbolçudan biri zədələndi. İlkin Sadıqovun qabırğasında sınıq var. Ağrılar hiss edirdi. Ona görə geri göndərməyə məcbur olduq. Onun yerinə hansısa futbolçunu dəvət etməyəcəyik. Lazımi qədər futbolçularımız var”.
Təcrübəli çalışdırıcı bəzi futbolçuların klublarda az oynamasından da şikayətləndi: “Uşaqlar özlərini yaxşı hiss edirlər. Hamısı ilə də ayrı-ayrılıqda söhbət etmişəm. Onları yaxşı oyuna, mübarizəyə kökləmişəm. Görək sözlərim necə təsir edəcək. Bəli, bir problem haqda danışmaq lazımdı. Bu da futbolçuların oyun praktikasının azlığıdı. Bir çoxları oynamır. U-21-ə çağırılası bəzi futbolçular oynasalar da, zəif çıxış edirlər. Hamısının oyununu izləyirik, görürük. Milliyə iddialı futbolçunun klubda şans qazanmaması çox pisdi. Çətinlik çəkirik. Çempionat yeni başlayıb. İnanıram ki, futbolçular şans qazanacaqlar, formalarını bərpa edəcəklər. Məsələn, müntəzəm oynayan Yusif Nəbiyev, Qismət Alıyev yaxşı formadadı. Fiziki hazırlıqları da yerindədi. Mahir Mədətov hazırda “Qarabağ”ın əsas üzvünə çevrilib. O, U-21-in üzvüdü. Bu gün sevinirəm ki, Mahir əsas yığmaya da çağırılıb. Öz əməyinin bəhrəsidi. İstəyirəm daha da qabağa getsin”.
Vahabzadə İsraillə maçtda yaxşı nəticəyə ümid etdiyini söylədi: “İsrail çox yaxşı komandadı. Qarşıdakı oyunun vacibliyini anlayırıq. Əlimizdən gələni edib, yaxşı nəticə qazanmağa çalışacağıq. Düzdü, rəqibin oyunlarını izləyə bilməmişik. Hər yeri axtarırıq, hələ bir normal videomaterial tapa bilməmişik. Çox çətinlik çəkirik onların oyunlarına baxmaqda. Bilirsiz də, bunlar israillilərdi, hər şeyi gizlədirlər (gülür). Amma çalışırıq ki, heç olmasa, əvvəlki illərdə keçirdikləri oyunların videolarını tapaq. Onların heyətində əvvəllər U-19-da oynamış uşaqlar da var. Bəzilərinin fərdi keyfiyyətlərini öyrənməyə cəhd edirik. Uşaqlar bu işlə məşğul olurlar. Oyuna qədər vaxtımız var. Nələrisə tapmağa çalışacağıq”.
Baş məşqçi rəhbərliyin onun qarşısında hansısa hədəf qoymadığını söylədi: “Qarşımıza xüsusi hədəf qoyulmayıb. Əsas istəyimiz yaxşı oynamaq və yaxşı nəticə qazanmaqdı. Bizim hədəfimiz əsas milliyə güclü futbolçu verməkdi. Bu, bizim üçün başucalığıdı”.
Yeri gəlmişkən, İsraillə oyunu idarə edəcək hakimlər də bəlli olub. Səfərdə keçiriləcək görüş rumıniyalı hakimlər briqadasına tapşırılıb. Akko şəhərində baş tutacaq matçı Katalin Qaman idarə edəcək. Ona həmyerliləri Mirça Qriqoriu və Marius Nikoara kömək edəcək. Matçın dördüncü hakimi funksiyasını isə Katalin Popa yerinə yetirəcək.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 20.30-da başlayacaq.
ŞƏFİ ŞƏFİYEV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR