Sizin reklam burada

DİVİZİON XƏBƏRLƏRİ

Baxış Sayı:794

DİVİZİON XƏBƏRLƏRİ
“Vətən”dən ilk heç-heçə
Yeni mövsümdən birinci divizionda çıxış edəcək "Vətən" növbəti yoxlama matçını keçirib. Arif Əsədovun rəhbərlik etdiyi komanda "Şüvəlan"ın qonağı olub. Hədəfi premier-liqaya qayıtmaq olan Aqil Nəbiyevin komandası rəqib qapısına yol tapa bilməyib. İlk yarısı 0:0 bitən qarşılaşmanın ikinci 45 dəqiqəsində də qapılara qol vurulmayıb.
Qeyd edək ki, "Vətən" buna qədər "Qaradağ Lökbatan"la daha bir matç oynamışdı. Həmin qarşılaşmada debütant 1:5 hesabı ilə yenilmişdi. Arif bəyin komandası həmçinin MOİK-ə 1:2 uduzmuşdu.
“Ağsu” iki yoxlama oyunu keçirib
Aşağı dəstənin daimi iştirakçılarından olan “Ağsu” hazırlığı davam etdirir. 20 gündən çoxdu bir araya gələn Rüfət Quliyevin yetirmələri Ağsu şəhər stadionunda gündə iki dəfə məşq edir. Baş məşqçinin sözlərinə görə, komanda bu müddətdə iki yoxlama matçında qüvvəsini sınayıb: “Məşqlərimiz davam edir. Artıq iki yoxlama görüşü də keçirmişik. Əvvəl “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasıyla qarşılaşdıq. Onları 7:1 hesabıyla məğlub etdik. Sonra isə səfərdə “Zaqatala” ilə üz-üzə gəldik. Həmin görüş 1:1 bitdi. Yoxlama oyunlarında nəticələr o qədər də vacib deyil. Əsas məqsədimiz yeni uşaqları heyətə uyğunlaşdırmaqdı. Görək, məşqlərimizin nəticəsini çempionatda görəcəyikmi? Hələ çox çalışmalıyıq”.
Quliyevin sözlərinə görə, “Azqranata” onları bazadan çıxarsa da, futbolçular üçün şəhərdə evlər tutulub: “Bəli, biz həmin bazadan çıxarılmışıq. Orda zavodun işçiləri üçün yer tikilir. Biz artıq futbolçular üçün evlər tutmuşuq. Onların qalması və vaxtında məşqlə gəlməsi yolunda heç bir problem qalmayıb. Futbolçuların maaşlarında da gecikmə yoxdu. Rəhbərliyə bizə göstərilən dəstəyə görə təşəkkür edirik”.
Rusiyalı qapıçı “Şahdağ”ı bəyənməyib
Bir müddət əvvəl dağılacağı, aşağı dəstədə iştirak etməyəcəyi söylənilən “Şahdağ” hazırlığı davam etdirir. Komanda gündə iki dəfə Şövkət Orduxanov adına Qusar şəhər stadionunda məşq edir. Şimal təmsilçisinin son durumu ilə maraqlanmaq üçün baş məşqçi Kamran Əlibabayevlə əlaqə saxladıq. O artıq 2 yoxlama oyununda güclərini sınadıqlarını bildirdi: “Hazırlıq yaxşı gedir. Futbolçular çempionatın başlamasını gözləyirlər. Hazırlıq dönəmində iki yoxlama oyunu da keçirmişik. “Qaradağ Lökbatan”la qollu (1:1) heç-heçə etdik, “Şüvəlan”a isə 1:2 hesabıyla uduzduq. Qarşıda daha 3 oyun keçirməyi planlaşdırırıq. Avqustun 30-da Sumqayıtı həvəskarlar liqasında təmsil edən “Uğur”la qarşılaşacağıq. Sentyabrın 4-ü və 5-də isə rəqibimiz aşağı dəstədə mübarizə aparacaq “Vətən” olacaq”.
Kamran bəyin sözlərinə görə, komandanın tam formalaşması üçün daha 3 futbolçuya ehtiyac var: “Hazırda heyətdə 19 oyunçu var. Kifayət qədər yaxşı heyət formalaşdırmışıq. Lakin bu hələ tam deyil. Daha 3 oyunçuya ehtiyacımız var. Danışıqlar davam edir. Çempionat başlayana kimi tapa bilsək, əla olar. Rusiyadan bir qapıçı dəvət etmişdim. Gəldi, məşqlərdə də iştirak etdi. Biz onu bəyəndik, müqavilə imzalamaq istəyirdik. Lakin klubun şəraitini bəyənmədi. Həmin qapıçının adını açıqlamaq istəmirəm”.
“Göyəzən” sınaqçı-rəqib tapmaqda çətinlik çəkir
Birinci divizion təmsilçiləri arasında ən gec hazırlığa başlayan klublardan biri də “Göyəzən”di. Bir müddət əvvələ kimi yaşayıb-yaşamayacağı bəlli olmayan qazaxlılar artıq 10 gündü məşqləri davam etdirir. Baş məşqçi Elxan Muradov isə deyir ki, hələlik heyət tam deyil: “Məşqlər davam edir. Bu məşqlər daha çox seleksiya xarakterlidi. Heyətimiz formalaşmayıb. Daha çox yerli uşaqlardan istifadə edəcəyik. Hazırda düşərgədə 15 oyunçu var. Amma gəlib-gedənlərin də sayı az deyil. Kim bizi razı salır və şərtlərimizə uyğundu, onu saxlayacağıq. Hələlik yoxlama görüşü keçirməmişik. Bilirsiz ki, bizə ən yaxın rayon Tovuzdu. Gərək, “Turan Tovuz” da razı olsun ki, onlarla oynayaq. Bölgə komandası üçün rəqib tapmaq asan deyil. Lakin çempionat başlayana kimi mütləq yoxlama oyunu keçirəcəyik. Rəhbərlik də söz verib ki, hər şey yaxşı olacaq. Bildiyim qədər bizə kömək edəcəklər. Birinci divizionda yüz faiz oynayacağıq”.
ŞƏFİ ŞƏFİYEV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR