Sizin reklam burada

Hacı Əliyev olimpiya çempionu olmaq istəyir

Baxış Sayı:740

Hacı Əliyev olimpiya çempionu olmaq istəyir
“Bu tək mənim yox, Azərbaycan xalqının qələbəsidi”
Fransanın paytaxtı Parisdə keçirilən güləş üzrə dünya çempionatında 1 qızıl və 1 bürünc medal qazanan sərbəst güləş yığmamız ötən gecə vətənə qayıdıb. Heydər Əliyev hava limanında təşkil olunan qarşılanma mərasimində baş məşqçi Firdovsi Umudov bunları deyib: "7 çəkidə mübarizə apardıq. Medal ümidlərimizdən Cəmaləddin Məhəmmədov heyətdə yer almamışdı. Dörd nəfər medal uğrunda mübarizə apardı. Bildiyiniz kimi, komandada 57 və 70 kq çəkidə gənclərə də üstünlük vermişdik. Ancaq onlardan gözlədiyimiz nəticəni ala bilmədik. Gələcəkdə yəqin ki, onlar haqda ölçü götürüləcək, komandanın heyətinə bir daha baxılacaq. Ümumilikdə qazanılan qələbələr münasibətilə hər birinizi, xalqımızı təbrik edirəm. Hacı Əliyevin qazandığı bu fenomenal qələbə doğrudan da möhtəşəmdi. Hacı 26 yaşındadı və bu müddət ərzində üç dəfə dünya çempionu olub. Heç nəyə baxmayaraq, yüksək hazırlıq prosesi keçmişdik. Hacı tarix yazdı. Gələcək nəsillər üçün böyük örnək, böyük bir məktəbdi. Yığmanın baş məşqçisi kimi komandanın tərkibində Hacı kimi güləşçiləri çox görmək istəyirəm. Ona da inanırıq ki, gələcəkdə belə idmançıları çox görəcəyik. Çünki hər bir dünya çempionatından, Olimpiadadan sonra güləşə axın olur və gələcəkdə Hacılarımız daha çox olacaq. Bu, Hacının 61 kq-da sonuncu yarışı idi. Hədəfimiz Tokio Olimpiadasıdı. Hacı bu yarışa 65 kq çəkidə hazırlaşacaq. Xetaq Qazyumovdan sonra Aslanbek Alborovun dünya çempionatında bürünc medal qazanması artıq komandada irəliləyişin olmasından xəbər verir. Komandada ilk növbədə nizam-intizam olmalıdı. İlin əvvəlindən Kislovodskda, Dağıstanda və Bakıda təlim-məşq toplanışları keçdik. Yoxlama turnirlərində iştirak etdik. Hazırlıq prosesinin yaxşı keçməsinin nəticəsidi ki, Hacı Əliyev 5 görüşdə rəqiblərinə cəmi 2 xal verdi. Bütün rəqiblərini böyük üstünlüklə məğlub etdi. Hacı özü 61 kq-da mübarizə aparmaq istədi. O finalda Xinçeqaşvili ilə görüşmək istəyirdi. Ancaq elə alındı ki, gürcü idmançı yarımfinalda rusiyalıya uduzdu. Finalda isə Hacı Rusiya təmsilçisini 7:1 hesabıyla məğlub etdi, sona 30 saniyə qalmış isə rəqibin kürəyini yerə sıxaraq təmiz qələbə qazandı. Artıq bu qələbə keçmişdə qaldı, eyforiyaya qapılmaq olmaz. Biz ancaq irəli baxmalıyıq. Komandanın tərkibinə yenidən baxılacaq, gənclərə, yeniyetmələrə daha çox üstünlük veriləcək. Çünki bu günün yeniyetmələri gələcəyin olimpiya çempionları, mükafatçılarıdı”.
Hacı Əliyev isə uğurunu belə şərh edib: "Dünya çempionatında zəif rəqib olmur. Rəqiblərimin hamısını tanıyıram. Çəkimdə dünya və olimpiya çempionları vardı. Sevinirəm ki, üçüncü dəfə dünya çempionu oldum. Qarşıma qoyduğum vəzifənin öhdəsindən gəldim. Əlbəttə, bütün çempionluqlar idmançı üçün uğurdu. Bura qədər çox əziyyətlər çəkmişik. Bu qələbə təkcə mənim əziyyətim yox, bütün yığmanın zəhmətidi. Cənab prezidentimizin idmançılara qayğısının nəticəsidi ki, bu gün bu nailiyyətlər var. Həm yığmanın məşqçilərinə, həm də şəxsi məşqçilərimə təşəkkürümü bildirirəm. Üzərimdə kimin əməyi varsa, halal etsin. Bu tək mənim yox, Azərbaycan xalqının qələbəsidi. Komandamızda medal az idi. İstəyirdim ki, həm komandamızda qızıl medal olsun, həm özüm üçün tarix yazım, həm də komandada bir az ruh yüksəkliyi yaradım. Şükür Allaha, bunu bacardım. Çox sevinirəm ki, üçüncü dəfə bu qələbəni qazanmışam. Olimpiya çempionu olmaq istəyirəm. Ancaq qarşıda yenə Avropa və dünya çempionatları, yarışlarımız çox olacaq. İnşallah, hazırlaşacam və bir çəki yuxarıda çıxış edəcəm. Olimpiadada 65 kq çəkidə çıxış etməliyəm. Əlimdən gələni edəcəm ki, nə qədər idmanda varam, böyük uğurlar qazanım. Rusiya millisinin üç üzvü finalda olsa da, qızıl medal qazana bilmədilər. Bizim qızıl medal qazanmağımız onlardan daha yaxşı hazırlıqlı olmağımızla bağlıdı. Dünya çempionatında olarkən “Qarabağ” Çempionlar Liqasının qrupuna vəsiqə qazandı və bütün xalqımızı, o cümlədən bizi sevindirdi. Fürsətdən istifadə edərək, “Qarabağ”a da uğurlar arzulayıram. Azərbaycanımıza belə gözəl qələbələr yaraşır və inşallah, bu qələbələr çox olar".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR