
Asim İbrahimov lisenziyaya görə “Adanaspor”dan ayrılıb
Bir müddət əvvəl həmyerlimiz Asim İbrahimovun Türkiyədə iş başına keçdiyini xəbər vermişdik. İbrahimov “Adanaspor”un idman direktoru təyin olunmuşdu. O, idman direktoru olmaqla yanaşı, həm də baş məşqçi funksiyasını yerinə yetirirdi. Buna səbəb Türkiyə Futbol Federasiyasının əsasnaməyə uyğun olaraq bu liqada əcnəbi məşqçilərin çalışmasına icazə verməməsidi. Məhz bu üzdən İbrahimov Adana klubunda idman direktoru kimi işə götürülmüş və ona məşqçi kürsüsü tapşırılmışdı. İbrahimov əvvəllər ölkəmizdə MOİK, “Qaradağ Lökbatan”, “İnter”, “Turan” və “Neftçi”də çalışıb. Onun sonrakı iş yeri Ukraynanın 2-ci liqa təmsilçisi “Podolye” olmuşdu.
Asim bəyin Türkiyədəki karyerası da uzun sürməyib. O, “Adanaspor”dan ayrılıb. Buna isə lisenziya ilə bağlı problem səbəb olub. Belə ki, Türkiyə Futbol Federasiyası məşqçi lisenziyası olanlara idarəçi kimi lisenziya vermir. Belədə İbrahimov oyunlar zamanı komandanın yanında olmaq imkanını itirib, sadəcə, tribunada əyləşməli idi. Klub bu problemi həll edə bilmədiyindən azərbaycanlı mütəxəssis getmək qərarı verib.
Asim bəyin özü ilə əlaqə saxlayıb, təfərrüatı öyrənməyə çalışsaq da, zənglərimizi cavabsız qoydu.
ŞƏFİ ŞƏFİYEV