Sizin reklam burada

Prosineçkinin siyahısıyla bağlı anlaşılmaz məqamlar

Baxış Sayı:679

Prosineçkinin siyahısıyla bağlı anlaşılmaz məqamlar
Rauf Əliyev: “Verdiyim müsahibə xoşuna gəlməyib”
Yığmanı qarşıda iki rəsmi oyun gözləyir. Robert Prosineçkinin yetirmələri DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveç və San Marino ilə münasibətləri aydınlaşdıracaq. Bu qarşılaşmalar gələn ayın əvvəlində baş tutacaq. Milli sentyabrın 1-də səfərdə Norveçin qonağı olacaqsa, 3 gün sonra Bakıda “cırtdan”ı qəbul edəcək.
Əslində mundialın final mərhələsi ilə bağlı ümidlər iyunun 10-da suya düşdü. Şimali İrlandiyaya “doğma divarlar” arasında minimal hesabla məğlub olan (0:1) Prosineçkinin yetirmələri xəyalları “dəfn etdi”. Halbuki yığma həmin oyunda qələbə qazanmaqla seçmə mərhələnin sonunu daha həyəcanlı edə bilərdi. Başqa sözlə, “niyə də yox?!” şüarı artıq əhəmiyyətini itirib. Yalnız üçüncülük uğrunda mübarizə aparmaq və xal rekordunu yeniləmək baxımından qarşıdakı görüşlər önəm daşıyır. Maraqlıdı ki, Prosineçkinin yetirmələri ilk dövrədə bu rəqiblərin hər ikisini eyni hesabla (1:0) məğlub edib. Milli bu baxımdan qarşılaşacağı komandalara necə qalib gəlməyin yolunu bilirsə, rəqiblər də əvəz çıxmaq haqda düşünür. Bu üzdən həm Norveç, həm də San Marino ilə matçların maraqlı mübarizə şəraitində keçəcəyini söyləmək olar. Onu da qeyd edək ki, “Qarabağ”ın Çempionlar Liqasının qrupuna düşməsi də yığmaya təsirsiz ötüşməyib. Ümumiyyətlə, futbolda uğur olanda, azarkeşlərin milliyə də marağı artır. Bundan başqa, milliyə “Qarabağ”ın futbolçuları əlavə ruh yüksəkliyi ilə təşrif buyuracaq. Bunun da yığmaya müsbət təsir edəcəyini söyləyə bilərik.
Hərçənd Prosineçkinin 70 gündən çox ölkəmizdə olmaması, premyer-liqanın ilk iki turunun oyunlarını izləməməsi mənfi haldı. Yalnız köməkçilərinin raportuna əsaslanıb heyət müəyyənləşdirməsinin hansı məntiqə sığdığını da analamaq çətindi. Ötən sayımızda seçmə mərhələ üçün müəyyənləşdirilmiş siyahını diqqətinizə çatdırmışdıq. Düzdü, Təmkin Xəlilzadənin milliyə dəvət almasının doğru qərar olduğunu da qeyd etmişdik. Əslində mətbuatın təzyiqinin də burda rolu oldu. Çünki Xəlilzadə ötən mövsüm də “Zirə”nin heyətində parlaq oyun sərgiləyirdi. Sadəcə, xorvat mütəxəssis bu məsələdə nədənsə inad göstərir. Nəhayət, bu dəfə Prosineçki “daşı ətəyindən tökdü”. Lakin heyətlə bağlı yenə də anlaşılmaz məqamlar, arzuolunmaz durumlar var. Tutaq ki, yığmanın əsas qapıçısı Kamran Ağayevin oyun təcrübəsinin olmaması mənfi haldı. Onun əvəzləyicisi kimi baxılan Səlahət Ağayev isə “Neftçi”də elə performans sərgiləyir ki, “çərçivə”ni ona etibar etmək özünü oda atmaq kimi bir şeydi. Bundan başqa, Prosineçkinin Anar Nəzirova etibar edəcəyi inandırıcı deyil. Deməli, ilk növbədə problem qapıdan başlayır. Heyətlə bağlı daha bir diqqəti çəkən məqam Ağabala Ramazanovun siyahıda yer almasıdı. Məlum olduğu kimi, Ramazanov zədəli olduğundan “Qarabağ”ın oyunlarında iştirak etmir. Belədə onun dəvətlilər sırasında olmasınının səbəbini anlamaq çətindi.
“Kukesi”yə keçidi böyük söz-söhbət doğuran Rauf Əliyevin dəvət almaması isə ayrıca toxunulası məqamdı. Fakt budu ki, hücumçu artıq Albaniya klubunda oyuna da çıxıb. Sanki Raufun adı baş məşqçinin “qara siyahısı”ndadı. Dünən forvardla əlaqə saxlayıb, bu biganəliyə reaksiyasını öyrəndik: “Deyilənə görə, hansısa toplanışa çağırmayanda, verdiyim müsahibə xoşuna gəlməyib. Ona görə dəvət etmir. Ancaq heç vaxt ağır bir söz deməmişəm. Siz də şahidsiz. Ümumiyyətlə, bu haqda çox şey danışmaq istəmirəm. Hər şey ortadadı”.
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR