Sizin reklam burada

Bakıya “Çelsi”, “Atletiko” və “Roma” gələcək

Baxış Sayı:928

Bakıya “Çelsi”, “Atletiko” və “Roma” gələcək
Debüt “Stemford Bric”də olacaq
Dünən Avropanın gözü Monakoda idi. Saat 20.00-dan etibarən başlayan tədbirdə həm Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılacaq, həm ötən mövsümdə Avropada bir neçə mövqe üzrə ən yaxşı olan, həm də, ümumiyyətlə, ən güclü futbolçusunun adına aydınlıq gələcəkdi. Bəribaşdan qeyd edək ki, püşk çəkimi Françesko Totti və Andrey Şevçenkonun iştirakıyla baş tutdu. Əvvəlcə Avropada 2016/17 mövsümünün mövqelər üzrə ən yaxşı oyunçularının adlarını təqdim edək. Ən yaxşı qapıçı nominasiyasında "Yuventus"un qolkiperi Canluici Buffon qalib oldu. Digər mövqelərdə isə ÇL-in son qalibi Madrid “Real”ının futbolçuları mükafata sahib çıxdı. Ən yaxşı müdafiəçi Serxio Ramos, yarımmüdafiəçi Luka Modriç, hücumçu isə Kriştiano Ronaldo elan olundu. Avropanın ən yaxşı futbolçusu, gözlənildiyi kimi, Ronaldo oldu. O, keçən il olduğu kimi, yenə bütün rəqiblərini - “Barselona”nın futbolçusu Lionel Messi və “Yuventus”un kapitanı Canluici Buffonu qabaqladı. Qeyd edək ki, 32 yaşlı portuqaliyalı karyerasında 3-cü dəfə bu mükafatı qazandı.
Azərbaycan futbol ictimaiyyətinin intizarla gözlədiyi püşkatmaya gəlincə, xüsusi qeyd etmək lazımdı ki, azarkeşlərin rəqib seçimi ilə bağlı istək və arzuları haçalanırdı. Bir qism heyətində ulduz futbolçular olan top-klubların – “Real”, “Barselona”, “Yuventus”, MY, “Bavariya” kimi nəhənglərin Bakıya gəlməsini istəyirdisə, müəyyən kütlə daha da irəli getmək perspektivinin xəyalını quraraq, münasib rəqib arzulayırdı. “Qarabağ”ın baş meneceri Asif Əsgərov və klubun daha iki nümayəndəsi Kopenhagendən birbaşa Monakoya üz tutmuşdu ki, tədbirə geniş heyətlə qatılmaq səbəbsiz deyildi. Axı dünən həm də paralel olaraq, 19 yaşlılar arasında qitə turnirindəki rəqiblər müəyyənləşirdi. Məlum olduğu kimi, Rəşad Sadıqovun çalışdırdığı “Qarabağ”ın U-19-u da ölkəmizi təmsil edəcək. Əsas komandayla eyni qrupda yer alanlar həm də yeniyetmələrin rəqibi olacaqdı.
Beləliklə, Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcək 32 komanda 8 qrupa bölündü. Püşk çempionumuzu C qrupuna saldı və “Çelsi”, “Atletiko” və “Roma”ya rəqib etdi.

Çempionlar Liqası
Qrup mərhələsi
A qrupu
Benfika (Portuqaliya)
MY (İngiltərə)
Bazel (İsveçrə)
ÇSKA (Rusiya)

B qrupu
Bavariya (Almaniya)
PSJ (Fransa)
Anderlext (Belçika)
Seltik (Şotlandiya)

C qrupu
Çelsi (İngiltərə)
Atletiko (İspaniya)
Roma (İtaliya)
QARABAĞ (AZƏRBAYCAN)

D qrupu
Yuventus (İtaliya)
Barselona (İspaniya)
Olimpiakos (Yunanıstan)
Sportinq (Portuqaliya)

E qrupu
Spartak (Rusiya)
Sevilya (İspaniya)
Liverpul (İngiltərə)
Maribor (Sloveniya)

F qrupu
Şaxtyor (Ukrayna)
MS (İngiltərə)
Napoli (İtaliya)
Feyenoord (Hollandiya)

G qrupu
Monako (Fransa)
Porto (Portuqaliya)
Beşiktaş (Türkiyə)
Leyptsiq (Almaniya)

H qrupu
Real (İspaniya)
Borussiya (Dortmund, Almaniya)
Tottenhem (İngiltərə)
APOEL (Cənubi Kipr)

Artıq qrup mərhələsinin təqvimi də bəllidi. “Qarabağ” mübarizəyə Londonda “Çelsi” sınağı ilə başlayacaq. Hərçənd son ana qədər bizimkilər qrupun açılış oyununun Bakıda keçirilməsinə çalışıb. Görünür, ingilisləri razı salmaq mümkün olmayıb. İlk ev oyununda isə rəqib “Roma” olacaq.
C qrupunun təqvimi
1-ci tur
12 sentyabr
“Çelsi” - “Qarabağ”
“Roma” – “Atletiko”
2-ci tur
27 sentyabr
“Atletiko” – “Çelsi”
“Qarabağ” – “Roma”
3-cü tur
18 oktyabr
“Çelsi” – “Roma”
“Qarabağ” – “Atletiko”
4-cü tur
31 oktyabr
“Roma” – “Çelsi”
“Atletiko” – “Qarabağ”
5-ci tur
22 noyabr
“Çelsi” – “Qarabağ”
“Roma” – “Atletiko”
6-cı tur
5 dekabr
“Çelsi” – “Atletiko”
“Roma” – “Qarabağ”

Reaksiyalar
Qurban Qurbanov, “Qarabağ”ın baş məşqçisi: "Rəqiblərimiz "böyük beşlik" ölkələrinin təmsilçiləridi. “Çelsi”, “Atletiko” və “Roma”nın əlavə təqdimata ehtiyacı yoxdu. Azarkeşlər və bizim üçün bu turnir bir təcrübə olacaq. Hər üç komanda ilə bizi maraqlı qarşılaşmalar gözləyir. Bu turnirdə təcrübə qazanıb, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.
Eysebio di Françesko, "Roma"nın baş məşqçisi: "Çətin qrupa düşdük. Amma üçüncü səbətdə yer aldığımızdan, qarşımıza böyük komandaların çıxacağını bilirdik. "Çelsi"nin əla baş məşqçisi var. Mən onu çox yaxşı tanıyıram. Rəqibin həm də güclü heyəti var. Alvaro Moratanın keçidindən sonra "Çelsi"nin keyfiyyəti bir qədər də artıb. "Atletiko" son dörd ildə 2 dəfə Çempionlar Liqasının finalına yüksəlib. Bu, Madrid klubunun ÇL-də oynamaq bacarığının olduğunu göstərir. Baş məşqçiləri də güclüdü. Qrupda Azərbaycan çempionu "Qarabağ" zəif sayıla bilər. Amma bu cür oyunlarda rəqibi qiymətləndirməmək olmaz. Qrupdakı bütün komandalara hörmətlə yanaşırıq. Bütün görüşlərdə əlimizdən gələni edəcəyik".
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR