Sizin reklam burada

Can “QARABAĞ”!

Baxış Sayı:1 002

Can “QARABAĞ”!
Çempionlar Liqası
Pley-off, cavab oyunu

Kopenhagen (Danimarka) – Qarabağ 2:1 (1:0)
25. Robin Olsen
3. Pyer Benqtsson
20. Nikolay Boylesen
27. Mikael Lüftner
22. Peter Ankersen
6. Uilyam Kvist (k)
(24. Yussef Tutu, 80)
16. Yan Qrequs
17. Kasper Kusk
(32. Danni Amankvaa, 67)
7. Benyamin Verbiç
9. Federiko Santander
(28. Pieros Sotiriu, 70)
11. Andriya Pavloviç
Ehtiyat oyunçular
1. Stefan Andersen
8. Uroş Matiç
14. Nikolay Tomsen
15. Mikael Antonsson
Baş məşqçi: Stole Solbakken

13. İbrahim Şehiç
25. Ansi Aqolli
52. Yakub Jezniçak
55. Bədavi Hüseynov
5. Maksim Medvedev (k)
2. Qara Qarayev
20. Riçard Almeyda
(32. Elvin Yunuszadə, 90+2)
11. Mahir Mədətov
8. Miçel
17. Vild-Donald Gerye
(22. Əfran İsmayılov, 11
/14. Rəşad Sadıqov, 80)
9. Dino Ndlovu
Ehtiyat oyunçular
1. Anton Kanibolotski
7. Rahid Əmirquliyev
30. Abbas Hüseynov
91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov
Qollar: F.Santander, 45 (1:0). D.Ndlovu, 63 (1:1). A.Pavloviç, 66 (2:1).
Vərəqələr: M.Lüftner, 4. Miçel, 44. Y.Jezniçak, 75. P.Ankersen, 77. Y.Tutu, 86. D.Ndlovu, 90+3 - sarı.
Hakimlər: ALBERTO UNDİANO MALYENKO, Roberto Alonso Fernandes, Raul Kabanyero Martines, Dieqo Barbero Sevilya, Alexandro Xose Ernandes, Xose Mariya Sançes Martines (hamısı İspaniya).
Hakim-inspektor: Alfredo Trentalanqe (İtaliya).
UEFA nümayəndəsi: Alan Makri (Şotlandiya).
23 avqust. Kopenhagen. “Telia Parken” stadionu. 21222 tamaşaçı.
Hər hissəyə 2 dəqiqə əlavə olunub.
İlk oyun - 0:1.
9 (4) qapıya (“çərçivə”yə) zərbə 6 (3)
7 korner 1
1 ofsayd 4
10 qayda pozuntusu 12
3 vərəqə (qırmızı) 3
Dünən Azərbaycanda futbolla maraqlanan hər kəs nəfəsini tutmuşdu. Bakı vaxtı ilə saat 22.45-dən etibarən diqqətlər “Telia Parken” stadionuna dikildi. Final fitindən sonra ya sözlə ifadə edilməsi çətin olan sevinc yaşayacaqdıq, ya da hədsiz üzüntü, təəssüf bürüyəcəkdi ölkəmizi. “Qarabağ” növbəti tarix yazmaq üçün meydana çıxmışdı. İlk oyunda “doğma divarlar” arasında “Kopenhagen”ə qalib gələn ağdamlılar bir addım önə keçi bilmişdi. Artıq bu üstünlüyü səfər matçında da qorumaq lazım idi. Bu isə ölkə futbolunda yeni tarix, yeni səhifə anlamına gələcəkdi. Oyuna köklənmək üçün o qədər səbəb var idi ki… Milyonlarla azərbaycanlının ürəyi döyünürdü “Qarabağ”la. Hər kəsin mənəvi dəstəyi yanındaydı “Qarabağ”ın.
Qurbanov “qalib heyəti dəyişməzlər” prinsipinə sadiq qalmışdı. Beləcə Malyenko start fitini səsləndirdi… İlk dəqiqələrdən hər iki tərəf ehtiyatlı davranırdı. Onsuz da “Qarabağ”dan məhz belə oyun gözləyirdik. “Kopenhagen”lilərin açıqlamalarından da bəlliydi ki, onlar ilk hissədə, bacardıqca daha erkən hesabı açmaq isətəyəcək. Lakin ilk yaddaqalan qol vəziyyətini “Qarabağ” yaratdı. Artıq 4-cü dəqiqədə “köhlən atlar”ın əks-hücumu zamanı Dino irəliləmək istəsə də, Lüftner əllə topun qarşısını kəsdi. Buna görə müdafiəçi “sarı”yla cəzalansa da, hər halda, təhlükənin qarşısını ala bildi. Meydan sahibləri yavaş-yavaş təzyiqi artırmağa, “Qarabağ”ın qapısına doğru “yüklənməyə” başladılar. 10-cu dəqiqədə Benqtsson qapını nişan alsa da, Maksim topun qarşısını kəsdi. Az sonra künc zərbəsindən cərimə meydançasına havalandırılan topu Boylesen başla qapıya yönəltsə də, zərbəsi dəqiq deyildi. Bu arada, Qurbanov məcburi əvəzetməyə əl atdı. Gerye zədələndiyi üçün meydanı tərk etmək məcburiyyətində qaldı və onun yerinə Əfran mübarizəyə qoşuldu... 13-cü dəqiqədə Dino qapı önünə ötürməni ləngitməsəydi, təhlükə böyüyə bilərdi. Cəmi 3 dəqiqə sonra Qara diqqət mərkəzinə düşdü. Onun uzaqdan vuruşundan sonra “mərmi” hədəfə “düşmədi”. Bundan sonra bir müddət mübarizə mərkəzdə getsə də, “şirlər” təzyiqi artırır, həmlələrin sayı çoxalır və daha təhlükəli olurdu. 23-cü dəqiqədə Pavloviçin zərbəsindən sonra top qapının üstündən keçdi. Çox keçmədən Verbiçin iti bucaq altında qapıya vurduğu topu Şehiç kornerə çıxardı. Azarkeşlərinin dəstəyi fonunda irəli atılan danimarkalılar 41-ci dəqiqədə ən real qol vəziyyətini yaratdı. “Qarabağ” müdafiədən çıxarkən Əfran lazımsız hərəkətlə topu rəqibə verdi, Kuskun olduqca təhlükəli vuruşundan sonra “kürə” cüzi fərqlə yandan keçdi. Hissənin sonunda meydan sahibləri həm tempi, həm də təzyiqi artırmışdı. 45-ci dəqiqədə isə Qrequsun cərimə meydanşasına asması zamanı Şehiç çıxışda kobud səhvə yol verdi, Bədavini də qabaqlayan Santander topu boş qapıya göndərməkdə çətinlik çəkmədi. Təbii, İbrahimin bu cür səhvi “Seltik”lə oyunda komandasına baha başa gəlmişdi. Heç kim həmin durumun təkrarlanmasını istəməzdi.
Fasilədə Qurbanov yetirmələrinə nə demişdisə, ikinci hissənin əvvəlində fəal tərəf “Qarabağ” idi. Bununla belə, irəlidə istədiyini edə bilməyən “köhlən atlar” rəqibə də həmlə şansı verirdi. 52-ci dəqiqədə isə Qrequs cərimə zərbəsindən birbaşa qapını nişan alsa da, vuruşu dəqiq deyildi.Bir dəqiqə sonra Ansinin vuruşundan sonra qapıçı topa yiyələndi. Bu dəqiqələrdə qarşılıqlı hücumlar bir-birini əvəz edirdi. 57-ci dəqiqədə Aqolli qapı önünə asma etdi, Miçel başla topu qapıya yönəltsə də, qapıçı onu tirin üzərindən aşırdı. İspan yarımmüdafiəçinin az sonrakı başla vuruşu isə qapıdan aralı keçdi. Ancaq bu həmlə sanki “Qarabağ”i silkələdi, “köhlən atlar” qarşısındakının Bakıdakı komanda olduğunu anlatdı. 63-cü dəqiqədə Ansinin qapı önünə ötürməsindən sonra Dino topu saxlayıb, dəqiq zərbəylə toru silkələdi. Bu həm stadionda olan soydaşlarımızı, həm də televiziya önündə oyunu izləyən milyonları ayağa qaldırdı. ÇL-lə bağlı yaranan inamsızlığı da aradan qaldırdı. Lakin sevincimiz cəmi 3 dəqiqə sürdü. Belə ki, meydan sahibləri yenidən hesabda önə keçdi. Ankersenin asmasından sonra Pavloviç dəqiq baş zərbəsi ilə yenidən komandasını ümidləndirdi. Bundan sonra bir müddət qapılar qarşısında ciddi təhlükə izləmədik. 79-cu dəqiqədə “Telia Parken”i yenidən sükuta qərq etmək olardı. Ancaq Miçelin cərimə meydançasının həndəvərindən vurduğu zərbədən sonra top dirəyin yanından keçdi. Qurbanov müdafiəni gücləndirmək üçün Əfranı Rəşadla əvəzlədi. Şübhəsiz, bu addım arxa xətti möhkəmlətməklə yanaşı, komandanın gərgin dəqiqələrdə özünəinamını itirməməsi üçün atılmışdı. Son dəqiqələrdə “Kopenhagen” var qüvvə ilə irəli atıldı. 81-ci dəqiqədə Verbiçin vuruşundan sonra top cüzi fərqlə qapının yanından ötdü. Əsas vaxtın son dəqiqəsində isə Benjaminin vuruşu təhlükəli alınsa da, dəqiq deyildi. Yunuszadənin oyuna qoşulması müdafiəni keçilməz etdisə, müəyyən qədər də vaxt uduldu. Yəqin ki, Malyenkonu azərbaycanlı futbolsevərlər uzun müddət sevəcək. Ən azı ona görə ki, əsas vaxta cəmi 2 dəqiqə əlavə etdi…
Və bu da final fiti! Kopenhagendə yazılan tarix! Çempionlar Liqasının qrupu! Xəyallarını qurduğumuz bir zəfər! Bu bizim futbolumuz üçün əsl inqilabdı. Bu tarixi yazan isə “QARABAĞ”dı. Onun baş məşqçisi QURBAN QURBANOVdu. Bu sevinci bizə yaşatdığına görə təşəkkürlər, “QARABAĞ”! Can “QARABAĞ”!
FARİZ

Reaksiyalar
Qurban Qurbanov: “Bütün Azərbaycan xalqını, azarkeşlərimizi, hər kəsi təbrik edirəm. Şadıq ki, ölkəmizi sevindirə bildik. Belə turnirlərdə çıxış etmək futbolumuz üçün çox önəmlidi. Belə turnirin qrup mərhələsində oynamaq həm bizim, həm də ölkəmiz üçün faydalı olacaq. Bu, futbolumuzun inkişafı yönündə böyük addım olacaq və futbol bütün ölkədə daha da seviləcək. Hazırda yadına sala bilmirəm ki, karyeramda hansı məğlubiyyətə belə sevinmişəm. Klub ciddi uğura imza atırsa, ona imkan məğlubiyyətə də sevinmək olar. İlk hissədə oyunumuz pis getmirdi. Sadəcə, müdafiədə diqqətli olmadıq, nəticədə qol buraxdıq. İkinci hissədə daha da yaxşı oynamalıydıq. Çünki hesab bizi qane etmirdi. Futbolçularımız ikinci hissədə daha soyuqqanlı oynadılar. Düşündüyümüz kimi oldu və sonluq xeyrimizə nəticələndi. Təkcə indi üçün yox, ümumiyyətlə, mütləq transfer etməyi planlaşdırırıq. Hazırda danışıqlar gedən fubolçuları heyətimizə qatmaq istəyirik. Çalışacağıq ki, bir-iki transfer edək. Artıq sabahdan bu işlərlə yaxından məşğul olacağıq. Nə dərəcədə istəyimizə çatacağımızı zaman göstərəcək".
Tahir Gözəl: “Bu, möhtəşəm bir qələbədi. Çox maraqlı, gərgin bir oyun oldu. Matçın sonlarında nəfəsim tutulmuşdu. Amma qol vurduq, üstünlük qazandıq, bunun da nətisəsində qrupa vəsiqə qazandıq. Bu, tarixi bir uğurdu. Başda cənab prezidentimiz olmaqla Azərbaycan xalqını, futbolsevərləri, bütün türk dünyasını təbrik edirəm. “Qarabağ” sübut etdi ki, Çempionlar Liqasında oynamağa layiq və qadir bir komandadı. Bu qələbə klub olaraq bizim bütün Qarabağ bölgəsindən məcburi köçkün düşmüş insanlarımıza kiçik bir hədiyyəmizdi. Qoy bütün dünya bilsin ki, biz Qarabağ üçün haqlı iddiamızdan heç vaxt əl çəkməyəcəyik. 2000-ci ildən biz “Qarabağ”la bu yola çıxmışıq. Çox sevinirəm ki, möhtəşəm uğurumuz mənim ad günümlə üst-üstə düşdü. Həyatımda baş verən ikiqat sevinci heç vaxt unutmayacağam. Az öncəbaş məşqçimiz Qurban Qurbanov və futbolçularla birgəydim. Onları təbrik etdim. Bütün komanda sevinc içindədi. Biz düz 4 il idi Avropada daha uğurlu nəticələr üçün yarışırdıq. Amma bildiyiniz kimi, hər dəfə son anda nəsə olurdu. Milan“İnter”i ilə Bakıdakı oyunu xatırlayırsız. Haqqımız yeyildi. Bu gün isə biz layiq olduğumuz yerə gəlib çatdıq.Transferə gəlincə, biz bu istiqamətdə çalışmalarımızı davam etdiririk. İmkanımız çatan qədər komandanı gücləndirməyə çalışacağıq. Bəzi oyunçulardan xəbər gözləyirik. Amma transfer işlərinin öz prosesi var. Bununla da Qurban hoca məşğuldu. Biz klub rəhbərliyi olaraq futbolçu seçiminə qarışmırıq. Baş məşqçimiz kimi məsləhət görsə, alacağıq” (qol.az).
Stole Solbakken: “Biz bu gün yaxşı oynadıq. 6-7 qol imkanı əldə etdik. Rəqibin isə iki belə imkanı oldu və bu şansdan yaxşı istifadə edərək onlardan birini qola çevirdi. Oyunda üstünlüyə yiyələndiyimiz vaxtda Santander zədələndi. Onu müəyyən müddətə itirə bilərik. Hər iki matçdada belə çıxış etsəydik, qrupa vəsiqə qazanardıq. Bugünkü matç barədə onu da deyə bilərəm ki, yaxşı oyun alındı”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR