Sizin reklam burada

“Zirə” Hindistan klubundan rəsmi təklif gözləyir

Baxış Sayı:479

“Zirə” Hindistan klubundan rəsmi təklif gözləyir
Ayxan Abbasov: “Qarşı tərəflə heç bir bazarlıq etmirik”
Kerven Belforun “Zirə”ni tərk etməyə yaxın olduğunu xəbər vermişdik. Çox güman, haitili hücumçu karyerasını Hindistanda davam etdirəcək. Bu ölkədə yeni yaradılan “Jamşedpur” forvardın xidmətində maraqlıdı. Hətta klubun “twitter” səhifəsində Belforla birillik anlaşma əldə olunduğu da qeyd edilmişdi. Onu da bildirək ki, “Zirə” Kerveni bu yay heyətinə qatıb. 25 yaşlı futbolçu ilə “1+1 il” şərti ilə müqavilə imzalanıb. Forvard “qartallar”ı Hindistan klubuna dəyişərsə, qarşı tərəf qəsəbə təsmilçisinə təzminat ödəməlidi.
Dünən “Zirə”nin baş məşqçisi Ayxan Abbasovla əlaqə saxlayıb, futbolçunun taleyi ilə maraqlandıq. Təbii, mövsümün əvvəlində Kervenin getməsi çalışdırıcının heyətlə bağlı qayğılarını artıra bilər. Nəzərə alaq ki, “transfer pəncərəsi”nin bağlanmasına çox az vaxt qalıb. Abbasov məsələ ilə bağlı bunları dedi: “Qarşı tərəflə klub arasında şifahi danışıq olub, razılaşmışıq. Deyiblər ki, bu həftə ərzində bizə rəsmi məktub göndərəcəklər. Futbolçu ilə də söhbət etdik. Klub da öz şərtlərini dedi. Ümumiyyətlə, bunu normal qarşılayıram. Bu gün peşəkarlıqdan danışırqsa, futbolçuya gələn təklifi dəyərləndirməyə dəyər. Düzdü, çempionatın əvvəlində hansısa futbolçunun komandanı tərk etməsi bir qədər çətinlik yaradır. Onun yerinə oyunçu tapmaq asan olmur. Ancaq alternativ variantlarımız var. Biz məsələnin bu tərəfini də fikirləşmişik. Odu ki, prosesin nəticəsinə hazırıq”.
Əldə etdiyimiz informasiyaya görə, “Jamşedpur” Belfora 130 min dollar təklif edib. “Zirə” isə təzminat haqqı kimi 50 min dollar istəyir, ancaq qarşı tərəf 30 min vermək fikrindədi. Müzakirələr məhz bu üzdən davam edir. Abbasovu dinləyək: “Xeyr, biz onlarla heç bir bazarlıq etmirik. Dediyim kimi, onlar bizə qeyri-rəsmi müraciət etdilər. Menecer vasitəsilə bildirdilər ki, biz bu futbolçu ilə maraqlanırıq, istəyirik. Biz də öz şərtlərimizi kluba dedik. Onlar bu həftə ərzində fikirləşəcəklərini və qərarlarını bizə bildirəcəklərini söylədilər. İki gündü müqavilənin şərtləri müzakirə olunur. Görünən odu ki, məsələ həll olunacaq. Çünki qarşı tərəf bu futbolçunun xidmətində çox maraqlıdı. Dediyim kimi, biz onlarla bazarlıq etmirik. Hazırda qarşıdakı oyuna hazırlaşırıq. Rəsmi təklif gələrsə, cavabımızı deyəcəyik”.
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR