Sizin reklam burada

Yalnız Elvin Mürsəliyev…

Baxış Sayı:728

Yalnız Elvin Mürsəliyev…
Parisdə güləş üzrə dünya çempionatı davam edir. Ötən sayımızda mübarizəyə qoşulan dörd pəhləvanımızın fəxri kürsüyə yüksələ bilmədiyini xəbər vermişdik. İkinci yarış günündə 59, 66, 80 və 130 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparıb. Güləşçilərimizdən Elvin Mürsəliyev bürünc medal qazanıb. 80 kq çəkidə mübarizə aparan Elvin ilk görüşdə Rusiya idmançısı, ikiqat olimpiya çempionu Roman Vlasovu gərgin keçən qarşılaşmada məğlub edib. 1/8 finalda Polşa təmsilçisi Edqar Babayanı vaxtından əvvəl tam üstünlüklə mübarizədən kənarlaşdıran güləşçimiz növbəti görüşdə Mərakeş idmançısından üstün olub. Yarımfinalda Belarus təmsilçisi Radzik Kulieu ilə gərgin keçən qarşılaşmada hesab bərabər olsa da, sonuncu xalı qazandığından qələbə rəqibə verilib. Elvin Mürsəliyev bürünc medal uğrunda görüşə çıxıb. Həlledici görüşdə Bolqarıstan idmançısı Daniel Aleksandrovu üstələyən güləşçimiz bürünc medal qazanıb. 59 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçimiz Taleh Məmmədov 1/16 finalda Belarus idmançısı Maksim Kazarskiyə qalib gəlib. 1/8 finalda moldovalı Viktor Çiobanudan da üstün olan təmsilçimiz növbəti mərhələdə qırğızıstanlı Kanibek Jolçubekova yenilərək mübarizəni dayandırıb. 66 kq-da Kamran Məmmədov ilk görüşdə koreyalı Hansu Ryuya uduzsa da, rəqib finala qədər irəlilədiyinə görə təsəlliverici görüşlərə qatılıb. Bu mərhələdə isveçrəli Flavio Freuleri yenən Məmmədov ardınca erməni Karen Aslanyana uduzub. Nəhayət, 130 kq çəki dərəcəsində Sabah Şəriəti ilk görüşdəcə Nikolay Kuçmiyə (Ukrayna) yenilərək mübarizəni dayandırıb.
Üçüncü yarış günündə, yəni dünən 55, 58, 63 və 75 kq çəki dərəcələrində qadın güləşçilər mübarizəyə qoşulub. Təmsilçilərimizdən Natalya Sinişin, İrina Netreba və Elmira Qəmbərova medallar uğrunda mübarizə aparıblar. Amma onlar uğursuz çıxışla yadda qalıblar. 55 kq-da Sinişin belaruslu İrina Kuraçkina ilə bacara bilməyib. 58 kq çəki dərəcəsində yarışan Netreba latviyalı Gedre Blekaityteni üstələsə də, 1/4 finalda kanadalı Mişel Kristina Fazzariyə yenilib. Elmira Qəmbərova (63 kq) 1/16 finalda Tayla Tuahine Forddan (Yeni Zelandiya) güclü olub. Amma təəssüf ki, növbəti mərhələdə yaponiyalı Yukako Kavai güləşçimizin medal qazanmaq arzusunun üstündən xətt çəkib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR