Sizin reklam burada

“Binə” Batumi “Dinamo”sunu da məğlub edib

Baxış Sayı:682

“Binə” Batumi “Dinamo”sunu da məğlub edib
Mehman Babayev: “Premyer-liqaya yüksəlməyə gücümüz yetər”
Birinci divizionda yeni mövsümün başlanmasına bir aydan da az vaxt qalıb. Artıq bəzi komandalar toplanışı başa vurmaq üzrədi. Lakin bir klub var ki, hələ də ölkə xaricində hazırlıq keçir. Yeni mövsümdən aşağı dəstədə oynayacağı dəqiqləşən “Binə” yeganə birinci divizion klubudu ki, başqa ölkədə toplanışdadı. Komanda artıq avqustun 11-dən Gürcüstanın Çakvi şəhərindədi. “Binə” bu müddət ərzində yoxlama oyunları da keçirib. Vətəndən uzaqdakı ilk matçda “qartallar” “Qarabağ”ın bu mövsüm Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi “Samtredia” ilə qarşılaşıb. Maraqlıdı ki, “kölən atlar” rəqibə iki oyunun nəticəsinə görə 6:0 hesabıyla (5:0, 1:0) qalib gəlmişdisə, “Binə” də gürcülərin qapısından 3 cavabsız top keçirib. İkinci görüş isə Gürcüstanın aşağı dəstə komandası “Maçaxela”ya qarşı olub. Oyun təmsilçimizin 0:1 hesablı məğlubiyyəti ilə bitib. Üçüncü qarşılaşmada Mehman Babayevin komandası Batumi “Dinamo”su ilə qaşılaşıb. Sözügedən görüşdə “Binə” qələbə qazanıb - 1:0.
Komanda yalnız yoxlama oyunları keçirməklə yox, həm də heyətini gücləndirməklə məşğuldu. Srağagün daha 5 futbolçu “Binə” ilə razılığa gəlib. Bunlar Timur Dadaşov, Elçin Əlicanov, Elvin Mirzəyev, Bəhlul Əliyev, Renat Aşirov və Məhəmməd Bədəlbəylidi. Adı çəkilənlər birillik sözləşməyə imza atıb.
“Binə”nin Gürcüstan toplanışı ilə bağlı ətraflı məlumat almaq üçün komandanın baş məşqçisi Mehman Babayevlə əlaqə saxladıq. O hər şeyin qaydasında olduğunu, gündə iki dəfə məşq etdiklərini söylədi: “Artıq 11 gündü Gürcüstandayıq. Burda bizim üçün hər cür şərait yaradılıb. Stadion da otelə yaxındı. Havalar da yaxşı keçir. Çox istilik yoxdu. Komanda gündə iki dəfə məşq edir. Artıq fiziki hazırlığı yükunlaşdırmışıq. İndi taktiki və texniki tərəfləri yüksəltmək üçün çalışırıq. Burda 3 yoxlama oyunu keçirmişik. İlk oyunda “Samtredia” ilə qarşılaşdıq. Onların heyəti həm əsas oyunçulardan, həm də əvəzedicilərdən qurulmuşdu. Görüşdə rəqibin qapısından 3 qol keçirdik. Həqiqətən də həmin oyunda çox yaxşı oynadıq. İkinci görüşdə isə biz əsas heyəti buraxmadıq. O üzdən “Maçaxela”ya 0:1 uduzduq. Yoxlama oyunlarında nəticələr o qədər vacib deyil. Bu üzdən məğlubiyyət məni narahat etmədi. Dünən (srağagün) isə Batumi “Dinamo”su ilə qarşılaşdıq. Onlar da qarışıq heyətlə oynayırdı. Həmin görüşdə də rəqibin qapısından 1 qol keçirdik. Əsas oyun sabahdı (bu gün). İlk “11-liy”i yoxlayacağıq. Görək toplanışda nə qazanmışıq, çatışmazlıqlarımız hansılardı”. Çalışdırıcının sözlərinə görə, hazırda heyətdə 23 futbolçu var: “Hazırda düşərgədə üç yeni futbolçu var. Onlardan biri legionerdi, digər ikisi də yerli. Yerli oyunçular “Səbail”dən ayrılan Emin Cəfərquliyev və son mövsümlər AZAL-da oynayan Kamil Hüseynovdu. Hər iki futbolçu ilə danışıqlarımız yekunlaşıb, sabah (bu gün) müqavilə bağlayacağıq. Emin məşqlərimizə dünən qoşulub. Braziliyalı hücumçu isə hələ baxışdadı. Çox güman, onunla da müqavilə bağlayarıq. Hazırda 23 nəfər oyunçumuz var. Dediyim müqavilələr də imzalansa, komandaya əlavə oyunçu cəlb olunmayacaq”.
Babayev rəhbərliyin komanda qarşısına ilk “6-lığ”a düşmək hədəfi qoyduğunu söylədi: “Rəhbərliklə danışığımız belə olub ki, bu layihə, plan 3 il davam etməlidi. Bu müddət ərzində yaxşı komanda qurmalı, heyəti püxtələşdirməliyik. 3 il sonra isə premyer-liqaya çıxmalıyıq. Ola bilər ki, bu məsələ bir az sürətlənə. Çünki komanda yaxşı çıxış etsə, növbəti il də elitaya yüksələ bilərik. Builki çıxışımızdan çox şey asılıdı. Yaxşı oynasaq, medallar uğrunda mübarizə aparsaq, ilk “3-lüy”ə düşə bilsək, niyə də elitaya yüksəlməyək?! Premyer-liqaya yüksəlməyə gücümüz yetər. Heç bir problemimiz yoxdu. Buna baxmayaraq, rəhbərlik qarşımıza “6-lığ”a düşmək hədəfi qoyub. Biz də inanırıq ki, komanda bunun öhdəsindən gələcək. Yaxşı, döyüşkən kollektivimiz var. Rəhbərliyin bizə söylədiyi yerdən də üst yeri tutmaq niyyətindəyik”. Gənc mütəxəssis növbəti mövsüm aşağı dəstədə mübarizənin daha maraqlı gedəcəyini söylədi: “Birinci divizionda iştirak edəcək komandaların sayı hələ dəqiqləşməsə də, biz bəzi klubların necə gücləndiyindən xəbərdarıq. Hamı futbolçu transfer edir, yoxlama oyunları keçirir. Düzdü, biz rəqiblərin oyunlarını izləməmişik. Çünki bunlar yoxlama oyunlarıdı. Rəqiblərin baş məşqçiləri də heyətləri yoxlayırlar. Yoldaşlıq oyunların çoxu aldadıcı olur. Belə matçlarda komandalar çox zəif görünə bilər. Amma çempionatda əksinin şahidi olarıq. Bir sözlə, rəqiblərin oyunlarını izləməyi lazım bilmədik. Vaxtımızı boşuna xərcləmək istəmədik. Çünki öz işimiz çoxdu. Mətbuatdan məlumat alırıqı ki, filan oyunçu filan kluba keçib. Hələlik bu bizə kifayət edir. Hazırda elə dönəmdi ki, bütün diqqətimiz komandanın yanında olmalıdı. Futbolçularımıza, oyun üslubumuza güvənirik. Düşünürəm ki, birinci divizion növbəti mövsüm həddən artıq maraqlı olacaq. Hamı yüksək yerlər uğrunda mübarizə aparacaq. Biz də debütant kimi əlimizdən gələni edib, rəhbərliyin üzünü ağ etməyə çalışacağıq”.
ŞƏFİ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR