Sizin reklam burada

Yevlax stadionunun qazonu hamını şoka saldı

Title
Yevlax stadionunun qazonu hamını şoka saldı
“Kəpəz”in icraçı direktoru durumu qaydaya salmaq üçün vaxt istədi
Ölkə çempionatının 2-ci turunun “Kəpəz” – Zirə” matçı böyük söz-söhbətə səbəb olub. Yevlax stadionunun ot örtüyünün bərbad durumu istər idman mediasında, istərsə də futbol ictimaiyyəti arasında çox müzakirə olunur. Bəndənizin də canlı izlədiyi oyunun keçirildiyi məkan, daha doğrusu, arenanın qazonu doğrudan da premyer-liqa matçlarının keçirilməsi üçün tələb olunan şərtlərə cavab vermir. Nominal meydan sahiblərinin çalışdırıcısı Şahin Diniyev də jurnalistlərlə görüşdə örtükdən şikayətlənirsə, artıq fikir söyləməyə ehtiyac yoxdu. Hətta qarşılaşmanı canlı izləmək üçün Gəncədən Yevlaxa gələn “sarı-göylər”in fanatları 90 dəqiqə boyunca meydanın durumundan narazılıq edir, oyunun Tovuzda keçirilməməsinin səbəbini başa düşmədiklərini söyləyirdilər.
Tovuzdan söz düşmüşkən, onu da xatırladaq ki, həftəboyu “Kəpəz”in qəsəbə təmsilçisini məhz buranın stadionunda qəbul edəcəyi söylənilirdi. Şahin bəy də mətbuata açıqlamasında bunu bildirmişdi. Qarşılaşmanın startına saatlar qalmış isə durum dəyişdi və məlum oldu ki, “sarı-göylər” “qartallar”la Aran bölgəsində üz-üzə gələcək. Matçın məkanının dəyişdirilməsi haqda müxtəlif versiyalar səsləndi. Ancaq məsələ ilə bağlı qəzetimizə danışan PFL-in Təhlükəsizlik Departamentinin rəsmisi Samir Kərəmov Tovuz stadionun premyer-liqa şərtlərinə cavab vermədiyini, texniki zonanın yararsız, paltardəyişmə otaqlarının ideal durumdan uzaq olduğunu söyləmişdi. Bundan başqa, Samir bəy duş otaqlarının pis gündə olmasını, canlı yayın üçün şəraitin olmamasını da vurğulamışdı. Lakin qarşılaşma ərəfəsində Yevlax rayon Gənclər və İdman İdarəsinin rəisi Bünyamin Musayev sport24.az saytına verdiyi açıqlama ilə həm PFL-i, həm də “Kəpəz” rəsmilərini pis durumda qoyub. Onun sözlərinə görə, “sarı-göylər”in Tovuza yox, Yevlaxa üz tutmasının arxasında maliyyə durur. Belə ki, Tovuz stadionunun rəhbərliyi areanın xidmətindən yararlanmaq istəyən gəncəlilərdən çox pul istəyib. Tələb olunan məbləğin ciblərinə uyğun olmadığını görən rəsmilər belədə Gəncənin icra başçısı Elmar Vəliyevin qardaşının şəxsi mülkiyyətində olan arenanın xidmətindən yararlanmağa qərar veriblər.
Ancaq “Kəpəz”in icraçı direktoru Cabir İbrahimov dünən bizimlə söhbətdə yazılanların düzgün olmadığını, Bünyamın bəyin söylədiklərinin yanlış anlaşıldığını bildirdi: “Doğrudan da ilkin olaraq biz ev oyunlarını Tovuzda keçirmək istəyirdik. Lakin arenaya baxış zamanı məlum oldu ki, ordakı şərait ürəkaçan deyil. Bu üzdən seçim zamanı Yevlax stadionuna üstünlük verdik. Bünyamin Musayevin söylədiklərinə gəlincə, onun fikirləri jurnalist tərəfindən səhv başa düşülüb. Tovuzdakı arenada olan çatışmazlıqları aradan qaldırmaq üçün həm xeyli vaxt, həm də daha çox vəsait lazım idi. Rəhbərlik bizə bildirdi ki, problemləri tam aradan qaldırmaq üçün ən azı 15 günə ehtiyacları var. Açığı, maliyyədən çox vaxt baxımına görə ordan imtina etməli olduq. Bundan başqa, çəkiliş üçün də Tovuz stadionunda normal şərait yoxdu. Yevlaxda isə bütün işləri görmək, arenanı çempionat oynuna hazırlamaq üçün bizə 2-3 gün bəs etdi. Həm də bu işlərə daha az pul xərclədik. Bünyamin müəllim də məhz bunu söyləyib”.
Gəncə təmsilçisinin icraçı direktoru onu bildirdi ki, komanda ilk dövrədəki qalan ev oyunlarını da Yevlaxda keçirəcək: “Stadionumuz hazır olana qədər rəqibləri Yevlaxda qəbul edəcəyik. “Zirə” ilə qarşılaşmada qazon o qədər də ürəkaçan vəziyyətdə olmasa da, düşünürəm ki, növbəti matça qədər çatışmazlıqlar aradan qalxacaq. Qarşıdakı 15-20 gündə ot örtüyünü normal vəziyyətə gətirməyə çalışacağıq”.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.