Sizin reklam burada

AFFA “Bakcell Arena”nı elə-belə seçməyib

Baxış Sayı:609

AFFA “Bakcell Arena”nı elə-belə seçməyib
Yığmanın gələn ay iki rəsmi oyun keçirəcəyini bilirsiz. Sentyabrın 1-də Norveçlə səfərdə üz-üzə gələcək Robert Prosineçkinin komandası 3 gün sonra evdə San Marinonu sınağa çəkəcək. Düzdü, DÇ-2018-in final mərhələsi ilə bağlı ümidlər Şimali İrlandiyaya məğlubiyyətdən sonra “dəfn olunub”. Ancaq komanda həm xal rekordunu yeniləmək, həm də qrupda 3-cü yeri tutmaq üçün mübarizə aparacaq. Odu ki, Norveç və San Marino ilə oyunlara barmaqarası yanaşmaq düzgün deyil. Hərçənd yığmanın bu qarşılaşmalara necə hazırlaşacağı sual doğurur. İyunun 10-dan sonra ölkəmizi tərk edən Prosineçki hələ də geri dönməyib. Bu dəfə isə AFFA-dan onun qızının sağlıq durumu üzündən sabah Bakıya gələcəyi bildirildi. Hər halda, xorvat mütəxəssisin bu hərəkətlərinə izah tapmaq çətindi. Bu öz yerində.
Toxunmaq istədiyimiz məqam isə başqadı. Belə ki, San Marino ilə görüşün “Bakcell Arena”da keçiriləcəyini xəbər vermişdik. Halbuki daha öncə bu matç Bakı Olimpia Stadionuna (BOS) salınmışdı. AFFA dəyişikliyin səbəbini belə izah edib: “Bakcell Arena”da Avroliqanın qrup mərhələsinin oyunlarının keçirilməyəcəyini, İslam Həmrəyliyi Oyunlarından sonra BOS-da yığmanın oyunu üçün hazırlıq prosesinin tam yekunlaşmadığını nəzərə alaraq assosiasiya UEFA-ya dəyişiklik üçün müraciət edib və müsbət cavab alıb”.
Amma əsl səbəbi müəyyənləşdirmək çətin deyil. Böyük ehtimalla, AFFA “cırtdan”la görüşə marağın çox az olacağını düşünərək, bu addımı atıb. Yadınızdadısa, San Marino və Çexiya ilə oyunların BOS-da keçirləcəyi ilə bağlı informasiya Şimali İrlandiya ilə oyundan bir neçə gün öncə verilmişdi. Həmin vaxt DÇ-nin finalı ilə bağlı xəyallar hələ puş olmamışdı. Odu ki, Şimali İrlandiyanın mümkün məğlubiyyəti fonunda hətta San Marino ilə qarşılaşmaya da ciddi marağın olacağını düşünürmüşlər. Ancaq yığmanın məğlubiyyəti və hədəflərin dəyişməsi planları pozdu. AFFA yığmanın bomboş tribunalar önündə oynamasını heç vaxt istəməz.
Mayda keçirilən İslam Həmrəyliyi Oyunlarından sonra Olimpiya stadionunun tam hazır vəziyyətə gətirilməməsi məsələsi də maraqlıdı. Görəsən, aradan keçən 3 ay müddətində aradan qaldırılmayan çatışmazlıqlar hansılardı? Sualı BOS-un direktoru Cavid Qarayevə ünvanlamaq istəsək də zəngimiz cavabsız qaldı. Ölkənin ən nəhəng idman qurğusunun mətbuat katibi Cəmilə Soltanova Qarayevin ölkə xaricində olduğunu bildirib, bizi maraqlandıran məsələ ilə bağlı bunları dedi: “Əvvəlcə San Marino ilə matçın “Bakcell Arena”da keçirilməsi planlaşdırılmışdı. Sonradan isə “Qəbələ”yə görə BOS-a keçirildi. “Qəbələ” Avroliqada mübarizəni dayandırdığına görə AFFA qərar verdi ki, oyun “Bakcell Arena”da baş tutsun. Bizdə cüzi hazırlıq işləri qalsa da, ciddi problem yoxdu və Çexiya ilə oyunu qəbul edəcəyik. Qeyd edim ki, həmin oyunda yenilik olacaq. Ailə sektoru təşkil olunacaq. Doğrudu, seçmə mərhələdəki ev oyunları üçün BOS sifariş olunub. Lakin İslam Həmrəyliyi Oyunlarına görə bəzi oyunlar digər stadionlara keçirildi. Dediyim kimi, ciddi problemimiz yoxdu. Cüzi hazırlıq işləri qalır və Çexiya ilə oyuna hazırlaşırıq. Stadionla bağlı dəyişikliklər AFFA-nın qərarıdı”.
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR