Yunanıstanın “Gazzetta” nəşrinin yaydığı xəbərə görə, ÇSKA 2022/23 mövsümünü buraxdığına görə basketbol üzrə Avroliqanın rəhbərliyini məhkəməyə verib.
Elə həmin qaynağa inansaq, cavab bir neçə gündən sonra bəlli olacaq.
ÇSKA-nın prezidenti Andrey Vatutin də klubun Avroliqanın 2022/23 mövsümünə buraxılmaması ilə bağlı Lüksemburqdakı məhkəməyə müraciət etdiyini təsdiqləyib:
“ÇSKA həqiqətən Avroliqanı idarə edən ECA şirkətinin qeydiyyatdan keçdiyi Lüksemburqdakı məhkəməyə üz tutub. Klubumuzun səhmdarlardan biri və “A” lisenziyasının sahibi olmasına baxmayaraq, Direktorlar Şurasının qərarı ilə turnirlərdən uzaqlaşdırılması haqda qərardan şikayətçiyik. Güman edirik ki, qərar bunun üçün zəruri olam hüquqi əsasların yoxluğunda verilib. Avroliqanın növbəti mövsümündə nəzəri iştirakla bağlı belə, heç bir illüziya bəsləmirik. Ən azı ona görə ki, məhkəmənin qərarını çox gözləmək lazım gələcək. Bizim üçün necəliyindən asılı olmayaraq, məhz hüquqi qiymət almaq çox vacibdi. Bundan başqa, Avroliqa kommersiya turniridi, ona qatılmamaq bizi gəlirlərin əhəmiyyətli hissəsindən məhrum edir. Faktiki bizi yaradılmasında və idarəçiliyində bilavasitə iştirak etdiyimiz biznesdən gəlir götürmək imkanından məhrum ediblər”.
Xatırladaq ki, Avroliqanın rəhbərliyi iyunun 16-da 2022/23 mövsümünə qatılacaq komandaların siyahısını açıqlayıb və onlar arasında Rusiyanın heç bir təmsilçisi yoxdu. Söhbət həm də turnirdə iştirak üçün uzunmüddətli lisenziyaya malik olan ÇSKA-dan gedir. Moskva klubu Avroliqanın səhmdarları şurasına daxildi və hətta yarışlardan uzaqlaşdırılacağı təqdirdə də idarə heyətində qalır. Avroliqanın 2021/22 mövsümünün iştirakçıları sırasında Rusiya klublarından ÇSKA, “Zenit” və UNİKS də var idi. Sadəcə, Rusiyanın fevralın 24-də Ukrayna ərazisinə hərbi təcavüzü bu komandalara da baha başa gəldi. Martda iştirakçılar sırasından çıxarıldılar və mövsümü başa vura bilmədilər.